İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya hərbi gəmiləri bölgədə - Gərginlik yaradan iddia

“Şimal axını” sisteminin dəniz qaz kəmərlərinin eyni gündə üç xəttində mübhəm və təhlükəli dağıntı baş verib. Rusiyanın “Nord Stream” qaz kəmərinin operatoru olan “Nord Stream AG” şirkəti Baltik dənizində üç boru xəttinin eyni vaxtda dağılması ilə bağlı açıqlama yayıb. Bildirilib ki, “Şimal axını” sisteminin dəniz qaz kəmərlərinin eyni gündə üç xəttində baş vermiş qəza görünməmiş bir hadisədir, qaz nəqli infrastrukturunun bərpasının vaxtını hələlik təxmin etmək mümkün deyil.

Qaz kəmərlərində təxribatın baş verməsi ehtimalı istisna edilmir. Avropa və ABŞ Rusiyanı günahlandırsa da, Moskva administrasiyası boru kəmərinə edilən hücumların arxasında ABŞ-ın ola biləcəyi iddiasını irəli sürüb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən bildirib ki, sızıntılar ABŞ kəşfiyyat orqanlarının tam nəzarətində olan Danimarka və İsveçin xüsusi iqtisadi zonasında baş verib.

Zaxarovanın bu sözləri hadisə ilə bağlı Rusiyanın ABŞ-ı birbaşa hədəf alan ilk bəyanatıdır.

GƏRGİNLİK YARADAN İDDİA

Musavat.com CNN-ə istinadən xəbər verir ki, təxribatla bağlı qarşılıqlı ittihamların davam etdiyi bir vaxtda çaşqınlıq yaradacaq daha bir iddia gündəmə gəlib.

Avropa təhlükəsizlik rəsmiləri Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqlarının “Şimal axını” boru kəməri yaxınlığında göründüyünü iddia edib.

Səlahiyyətli şəxslər bu gəmilərdən hər hansı birinin təxribatda iştirak edib-etmədiyinin hələlik məlum olmadığını, lakin onların şübhə doğurduğu üçün araşdırma apardıqlarını bildiriblər.

YENİ BÖHRAN QAPIDA

Konkret faktlar olmadığı üçün ittihamlar və şübhələr günü-gündən artır. Bəziləri bunun Rusiyanın Qərbi qorxutmaq üçün yeni cəhdi olduğunu iddia edir, bəziləri isə hadisənin yeni iqtisadi müharibənin qapısını açacağını düşünür.

Mütəxəssislər və analitiklər xəbərdarlıq edirlər ki, kritik boru kəmərləri kəsilərsə, bu, yeni enerji böhranı, tənəzzül və maliyyə çöküşü ilə nəticələnə bilər.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR