İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İranda itkin düşən Fəridin Tehranda olduğu təsdiqləndi - YENİ DETALLAR

“Artıq səbrim qalmayıb, XİN-dən xahiş edirəm...”- Dilarə Əsgərova

“Təxminən bir həftə əvvəl oğlumun yaşadığı Yena şəhərinə getdim, orada işi kriminal polis aparır. İşi aparan müstəntiqlə görüşdüm”.

Bu fikirləri Musavat.com-a İranda itkin düşdüyü deyilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

O, qeyd edib ki, artıq Türkiyənin “Pegasus” aviaşirkətindən məlumat alıblar: “Artıq məlum oldu ki, Fərid bilet aldığı təyyarəyə minməyib, o, Tehrandadır. İranın Almaniyadakı səfirliyinə də məktub göndərilib ki, Fəridin yeri haqqında məlumat verilsin”.

D.Əsgərova əlavə edib ki, o, bundan sonra Fəridin yaşadığı mənzilə gedib:

farid_safarli_090323.jpg (24 KB)

“Onun əşyalarını boşaltmağa getdim. Çünki müqaviləsi ayın 31-ə kimi idi, başqa şəhərə köçməli idi. O evi boşaldanda oradan kompüteri, müxtəlif əşyaları götürdüm və polisə göstərdim. Polis parolu açıb, oğlumun kompüterindən bəzi məlumatları mənə verdi. Qızın telefon nömrələri, şəkli, adını və başqa məlumatları götürdüm. Qız Tehranda yaşayır, Qum şəhərində işləyir. Həmin məlumatları, şəkilləri, telefon nömrəsini götürüb Tehrana gəldim. Artıq bir neçə gündür ki, Tehrandayam”.

Bununla belə Fəridin anası qeyd edir ki, qız haqqında heç bir məlumat ala bilməyiblər:

“Həmin nömrələr bağlıdır. Qum şəhərində bir neçə xəstəxananı gəzdik, qız haqqında heç bir məlumat vermədilər. Qızın nə adresini tapa bildik, nə də işlədiyi yeri. Getdiyimiz xəstəxanalardan biri böyük ehtimalla onun işlədiyi yer idi, amma bizə heç bir məlumat verilmədi. Sonra qərara aldım ki, Tehranda vəkil tutum, vəkillə hüquq mühafizə orqanlarına getdik. Sistemə baxdılar, Fəridin adı orada çıxmadı. Soruşdum ki, ola bilərmi saxlanılıb, burada adı çıxmasın? Dedilər ki, ağır cinayət törətmişlərin adı burada çıxmır. Məhkəməyə müraciət etmək lazımdır, məhkəmə müxtəlif təcridxanalara sorğu göndərməlidir və o cür tapıla bilər. Misal üçün, casusluq ağır cinayət sayılır deyə orada dedilər və başqa cinayətlərin də adını çəkdilər. Daha sonra Azərbaycanın Təbrizdəki Konsulluğu ilə də əlaqə yaratdım. Oradan da dedilər ki, hələ ki cavab yoxdur. Baxmayaraq ki, bayramlar bitib, iş bərpa olunub, amma İran hökuməti Fəridlə bağlı heç bir məlumat vermir”.

D. Əsgərova Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək kömək istəyib:

“Mən sizin sayt vasitəsilə bizim Xarici İşlər Nazirliyinə müraciət edirəm, xahiş edirəm, Fəridin tapılması üçün başqa vasitələrdən də istifadə etsinlər, başqa dövlətlərin vasitəçiliyi, yaxud beynəlxalq təşkilatlara müraciət etsinlər. Gözlədiyim hər saniyə, hər dəqiqə mənim üçün ürək yanğısıdır. Artıq səbrim qalmayıb. Bəlkə İran sonsuzadək susacaq, cavab verməyəcək?!”

Qeyd edək ki, martın 4-də itkin düşən 26 yaşlı Fərid Səfərli ilə Xarici İşlər Nazirliyi martın 9-da İranda itkin düşməsi ilə bağlı bu ölkəyə nota verib.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR