Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda bir sıra ərzaq məhsullarının qiyməti bahalaşmaqda davam edir. Bunlardan biri də uşaqlar üçün satılar süni qidalardır. Musavat.com müxbirinin apteklərdə və marketlərdə apardığı araşdırmalar göstərir ki, körpələrini ana südü ilə deyil, süni yeməklərlə qidalandıran valideynlər əməlli-başlı əlavə pul xərcləməlidirlər.
Araşdırdıq ki, nisbətən aşağı keyfiyyətdə olan süni qidalar 10- 15 manatdan başlayır. Yox əgər uşağınıza keçi südü ilə hazırlanan qidalar, həmçinin tərkibi daha zəngin məhsullar vermək istəyirsinizsə, onda 60- 90-100 manatınızdan keçməlisiniz. Necə deyərlər, yüksək keyfiyyət ucuz başa gəlmir.
Maraqlıdır, bəs müasir xanımlarımız körpələrini ana südü, yoxsa süni qidalarla doyuzdurmağı seçir? Ümumiyyətlə, satışda olan süni yeməklərin artan qiyməti onların ciblərinə uyğun gəlirmi, keyfiyyətindən razıdırlarmı?
Bununla əlaqədar paytaxtda xanımlar arasında sorğu keçirdik. Bəlli oldu ki, əksər azərbaycanlı qadınlar ana südündən istifadəyə üstünlük verirlər. Ancaq qiymətlərin artımı onları da narahat edir.
“Gərək 3000 manat maaş alasan ki, körpəni 6 ay ərzində keyfiyyətli süni qida ilə bəsləyə biləsən. Biz kasıb adamlarıq. O qədər pul hardandır. Həm də süni qidalar ana südünün yerini vermir. Keyfiyyət o deyil. Uşaqlara aid hər şey bahadır. Bezindən tutmuş, geyiminə kimi böyük məbləğdə pul tələb edir. Qidaların belə qiymətdə olması isə heç sərfəli deyil”, -deyə gənc analardan biri bizimlə söhbətində bildirdi.
Tanınmış həkim, , tibb üzrə elmlər doktoru Adil Qeybulla deyir ki, süni qidalar ilə ana südünü müqayisə etmək olmaz. Ana südünün tərkibində antitellər, immunoqlobinlər var. Bu da uşağın immun sisteminə xeyli kömək edir.
“Ana südünü heç nə əvəz edə bilməz. Amma çox təəssüflər olsun ki, müasir analar süni qidalara daha çox üstünlük verirlər.
Müasir dövrdə anaların əksəriyyətinin südü çox az olur. Əlavə olaraq, uşaq qidalarına ehtiyac yaranır. Onlara tələbat artdıqca da qiymətləri qalxır. Bahalıq həmçinin Rusiya-Ukrayna müharibəsinə görə də yaranıb. Avropanın özündə də vəziyyət belədir”.
Professor körpələrə keçi südünün verilməsinin tərəfdarı olmadığını bildirib.
“Ananın südü yoxdursa, uşaq qidasına keçmək olar. Almaniyanın, İngiltərənin, Avropanın aparıcı ölkələrinin istehsalı olan qidalar beynəlxalq standartlarla cavab verir, həm də texniki şərtlərlə düzgün istehsal olunur. Onların tərkibində olan qida əlavələri tam təhlükəsiz inqridientlərdən hazırlanmış olur. Keyfiyyətlərinə zəmanət yetərincədir. Amma bunu üçüncü ölkələr haqqında demək olmaz”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, süni qidaların qiymətində artımının əsas səbəbi onların xaricdən gətirilməsidir.
Sitat: “Xaricdən gətirildiyinə görə, vergi, gömrük rüsumları əlavə olunur. Yaxşı olardı ki, bunun üçün dövlət qurumları müvafiq addımlar atsınlar. Süni qidalar vergi və gömrük rüsumlarından azad olunsun. Uşaqlar üçün süni qidaların hazırlanması o qədər də mürəkkəb texnologiya tələb etmir. Onları Azərbaycanda da isteshal etmək olar. Biznes subyektlərinə bununla bağlı xüsusi kreditlər və təşviq sənədləri verilə bilər. Əks təqdirdə qiymətlərin artımı davam edəcək. Azərbaycanda qiymətlərin bahalaşması zamanı düşünürlər ki, dövlət buna təsir göstərməlidir. Bizdə bazar iqtisadiyyatıdır, sərbəst qanunlardır, bazarlar özü-özünü tənzimləyir. Dövlət yalnız qanunverici rolda çıxış edir. Birbaşa müdaxilə etmək imkanı yoxdur”.
Şahanə Rəhimli,
Musavat.com
Fotolar müəllifindir
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ