İnsanlara hürriyət, millətlərə istiqlal!

“Siyasi fal”

Gündəlik yaşamımıza “həyəcan” qatan sosial şəbəkələrin həyatımızdakı iştirak payı durmadan artır.

Sosial şəbəkələr cəmiyyətdə yaşanan siyasi ab-havanın tonometridir desək, heç də yanılmarıq. Ancaq burada prinsipial bir “əmmanı” unutmamalıyıq. Sosial şəbəkələrin məzmunu süni müdaxilələrin nəticəsidir. Burada hər bir mənzərə məhz insanın müdaxiləsi nəticəsində yaranır. Sirr deyil ki, böyük ölkələrdə internet məkanında, xüsusilə siyasi münasibətlər müstəvisində, lazımi kontentin yaradılması üçün xüsusi institutlar mövcuddur.

“Parlaq” fakt və bu fakt ətrafında “rəngli”, habelə emosional şərhlərin mövcudluğu - budur sosial şəbəkələrin “valehedici” iş mexanizminin düsturu. İnternet istifadəçisi olan sadə insan həyatına rəng və “həyəcan” qatmaq, habelə əylənmək üçün hər zaman sosial şəbəkələrə qoşularaq sanki falçının yanına gəlmiş olur. Sosial şəbəkələrin iş alqoritmi və falçıların fırıldaq tryukları eyni mexanizmlə çalışır: sosial şəbəkələr və falçılar insana onun eşitmək və görmək istədiyini təqdim edir. Diqqət yetirin, sosial şəbəkələr məhz qalmaqalın ən çox satılan məhsul olduğu müəyyən olandan sonra ortaya çıxdı. Qalmaqal təzahürü spekulyasiya, manipulyasiya, şantaj, varlanmaq, reytinq əldə etmək, rəqibə təzyiq göstərmək və digər bu kimi məkrli vəzifələrin ən optimal və əlçatan alətidir.

siyasi.jpg (153 KB)

Sosial şəbəkələr sayəsində eyni zamanda siyasi “proqnozların” da sayı işıq sürəti ilə artır. Siyasət artıq ən populyar qeybət mövzularından biridir. Bundan əlavə, sosial şəbəkələr böyük “məharətlə” siyasi analitikanı məişət qeybəti səviyyəsinə qədər endirdilər. Belə ki, bu gün “X müğənninin toya geydiyi libası” və “ölkədə neçə siyasi partiya qeydiyyatdan keçə biləcək” kimi iki məsələ bütün sosial şəbəkələrin ən populyar müzakirə mövzularıdır. Mövcud kontekstdə növbəti sosial-psixoloji qanunauyğunluğu mütləq olaraq nəzərə almalıyıq: qeybət istənilən mövzunu aktuallaşdıra bilir və ictimai diqqəti təmin edir. Sosial şəbəkələr də məhz elə bu qanunauyğunluğun təsir qüvvəsinə hədəflənib.

Odur ki, hər bir internet istifadəçisi sosial şəbəkəyə daxil olarkən dərhal sanki ölkənin siyasi falına baxmış olur. Bu gün siyasi falların arasında ən aktualı isə siyasi partiyalarının gələcəyi ilə bağlı olanlardır. Maraqlısı odur ki, sosial şəbəkələrin iş alqoritmi elə qurulub ki, o, internet istifadəçiyə hətta “şablon fallar” hazırlayıb. Yəqin ki, xatırlayırsınız: ötən illərdə küçələrdə tutuquşu ilə fala baxanlar var idi. Kiçik pulun müqabilində tutuquşu hazırlanmış şablon fallarının içindən bir fal çıxarırdı, insanlar da bundan əylənirdi.

Eyniliklə, bu gün sosial şəbəkələrdə dolaşan siyasi partiyalarının gələcəyi ilə bağlı olan şablon “fallar” insanları əyləndirir və onların asudə vaxtını doldurur. Əlbəttə ki, fal olan yerdə mütləq manipulyasiya da olacaqdır. Heç şübhəsiz ki, qərəzli və öz emosiyanallığı ilə aşıb-daşan radikal “siyasi falçılarının” şərhlərinin də hədəfi insanların hissləri üzərindən manipulyasiyalarının aparılmasıdır.

Gəlin baxaq bu gün sosial şəbəkələrdə dolaşan radikalların siyasi partiyalarla bağlı olan şablon fallarının məzmununa: “iqtidar islahatlara hazırlaşır”, “iqtidar müxalifətdə olan rəqiblərini oyundan kənarlaşdırmağa hazırlaşır”, “iqtidar təkpartiyalı sistemə keçidi hazırlayır” və nəhayət “hakimiyyət referenduma hazırlaşır”. Belə ki, radikalların mövcud istiqamətdəki manipuluyasiyalarının “menyusunda” 4 əsas mövzu mövcuddur.

Bir köşə yazısı çərçivəsində qısaca olaraq radikalların yuxarıda göstərilmiş fal menyusunun istifadə vaxtının çoxdan çıxdığını sübut edək.

“İqtidar islahatlara hazırlaşır”. Prezident İlham Əliyevin dövlət siyasətini səciyyələndirən əsas keyfiyyətlərindən biri məhz davamlı islahatların aparılmasıdır.

aliyev son.jpg (64 KB)

2003-cü ildən etibarən biz istisnasız olaraq ictimai münasibətlərin bütün sahələrini əhatə edən sistemli islahatlara şahidlik edirik. Burada mütləq olaraq qeyd olunmalıdır ki, yalnız güclü siyasi iradəyə və xalqın dəstəyinə malik olan siyasi lider davamlı islahatlara gedə bilər. Eyni zamanda unutmayaq ki, davamlı islahatlar dayanıqlı inkişafın zəmanətidir. Hər il müxtəlif sahələri əhatə edən dövlət proqramları qəbul olunur, habelə mərhələli şəkildə qanunvericilik və struktur islahatlar da aparılır. Odur ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul olunması faktının bilavasitə “gözlənilən” islahatlarla əlaqələndirilməsi düzgün deyil.

“İqtidar müxalifətdə olan rəqiblərini oyundan kənarlaşdırmağa hazırlaşır”. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq obyektivlik naminə etiraf olunmalıdır ki, ölkədə mövcud radikal müxalifət ictimai etibarı çoxdan itirib, xəyanətkar xisləti ifşa olunub, cəmiyyətə heç bir rasional faydası olmayıb, intellektual və kadr potensialı ancaq “saralmış” bəyanatların hazırlaması üçün yetərlidir, ötən illər ərzində konkret sahələrin inkişafı ilə bağlı heç bir konseptual layihəni cəmiyyətə təqdim etməyib və müasir siyasi qüvvə obrazına heç uyğun gəlmir. Müharibədə Qalib gəlmiş, ölkənin dayanıqlı inkişafını təmin etmiş, ölkəni regionun əsas aktoruna çevirmiş və Azərbaycanın ərazi bütövlüyü mövzusunu manipulyasiya predmeti kimi beynəlxalq təşkilatların əlindən almış Prezident İlham Əliyev nədən zəif və bitmiş psevdopatriot müxalifətdən canını qurtarsın ki? Tamamilə əksinə, bütün siyasi islahatların strateji hədəfi ölkənin siyasi sisteminin gücləndirilməsi və siyasi münasibətlərin sağlamlaşdırılmasıdır. Şahidi olduğumuz siyasi islahatların strateji hədəfi siyasi partiyaları ölkəmizin siyasi sisteminin faydalı və effektiv təsisatına çevirməkdən ibarətdir. Dəyişikliklər üçün özündə güc tapan siyasi partiyalar cəmiyyətin intellektual ehtiyatı və dövlətin dayağı olacaqlar.

islahat.jpg (137 KB)

“İqtidar təkpartiyalı sistemə keçidi hazırlayır”. İqtidar partiyası olan YAP Azərbaycanda fəaliyyət göstərən bütün digər partiyalardan açıq üstünlüyə malikdir. Bu danılmaz siyasi həqiqətdir. İnsan resursu, maliyyə resursu, inzibati resurslar, ideya resursu, potensial resursu və istənilən digər meyarlar üzrə YAP rəqabətdən kənardır. YAP eyni zamanda regionun da ən güclü və ən böyük siyasi partiyasıdır. Rasional düşüncə məntiqindən çıxış edərək burada təbii olaraq ritorik sual yarana bilər: “Nədən bu qədər açıq üstünlüyə malik olan iqtidar partiyası ondan qat-qat zəif olan digər partiyalarının bağlanılmasını istəsin ki?” Axı, YAP bundan heç nə qazanmayacaq, hakim partiyasının buna sadəcə ehtiyacı yoxdur. Odur ki, burada da islahatların strateji hədəfi məhz siyasi münasibətlərin sağlamlaşdırılması və siyasi təsisatların beynəlxalq rəqabətədözümlülüyünün artırılmasıdır. Necə ki, istənilən ölkənin təhsil sisteminin beynəlxalq imicinin artırılması yolu məhz zəif və saxta universitetlərin bağlanılmasından keçir, eyniliklə də siyasi sisteminin sağlamlaşdırılması da zəif və fəaliyyəti şübhə doğuran siyasi partiyaların fəaliyyətinin dayandırılmasından keçir.

“Hakimiyyət referenduma hazırlaşır”. Sözügedən “fal” sosial şəbəkələrdə ən böyük marağa səbəb olub. Bildiyiniz kimi, referendum vasitəsilə Konstitusiyada dəyişiklik edilməsi təklif olunan maddələr paket şəkilində ümumxalq səsverməsinə çıxarılır. Burada da bir anlaşılmazlıq yaranır: nədən iqtidar qərəzli demaqogiyalara səbəb olacaq dəyişikliklərin konturlarını vaxtından tez ifşa etsin və bununla da islahatlar üçün əlavə çətinliklər yaratsın? Referendum öncəsi dövrün standart proseduraları mövcuddur: təklif olunan dəyişikliklərin elan olunması, təklif olunan yeni maddələrin təbliği və təşviqatı, maarifləndirmə işləri, aktiv kampaniyaların keçirilməsi və s. İddia olunan islahatların əsas konturlarının vaxtdan öncə bildirilməsi qərəzli manipulyasiya və xarici müdaxilələr üçün əlavə imkanlar yaradır. Gələcəkdə atılacaq addımların öncədən bildirilməsi, xüsusilə də müharibədən yenicə çıxmış dövlətin siyasətini zəiflədə bilər.

Odur ki, internet məkanında “tutuquşu” tərəfindən təklif olunan şablon falların məzmunu bizə artıq bəllidir. Siyasətdə emosiyalara uymaq manipulyasiya qurbanına çevrilmək deməkdir. Hər bir vəziyyətdə yeganə doğru seçim dövlətin yanında olmaqdır. Dövlətin vətəndaşı ona sadiq olan və öz inkişafının məhz dövlətin inkişafından keçdiyini dərk edən insandır.

Politoloq A.Adil, Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR