Onlayn ictimai-siyasi qəzet
Etiraf etməliyəm ki, illər öncə, daha dəqiq desək 10 mart 2020-ci ildə altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev öz çıxışında bəzi siyasi partiyalar ilə əlaqədar səsləndirmiş olduğu “dərnək tipli qruplaşma” ifadəsi diqqətimi cəlb etdi və düşündürdü. Təbii olaraq da sual yarandı: “Nədən cənab Prezident bəzi partiyaları xarakterizə etmək üçün məhz “dərnək tipli qruplaşma” ifadəsini seçdi?” Həmin an əmin idim ki, bu ifadə təsadüfi seçilməyib. Əslində, qeyd etdiyim əminlik marağımın artmasının elə əsas səbəbi idi. Ötən illərin təcrübəsinə istinadən birmənalı olaraq bilirdim ki, qeyd olunan ifadənin seçilməsi və bu fikrinin məhz altıncı çağırış Milli Məclisinin ilk iclasında səsləndirilməsi təsadüfi deyil.
Təqribən həmin dövrdə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkənin siyasi münasibətlər sistemində fəal şəkildə siyasi dialoq mühiti təşviq olunmağa başlandı. Demək olar ki, hər həftə Azərbaycan ictimaiyyəti siyasi dialoqla bağlı Prezident Administrasiyasının müxtəlif layihələrinə şahidlik edirdi. Heç şübhəsiz ki, sözügedən təşəbbüslər Prezident İlham Əliyevin “yeni siyasi konfiqurasiya” siyasəti çərçivəsində həyata keçirilirdi.
Artıq bu gün, cəmi üç il sonra hətta siyasətdən uzaq olan insan üçün su kimi aydındır ki, siyasi dialoqla bağlı olan bütün təşəbbüslər ilk növbədə ötən illər ərzində özünü tamamilə etibardan salmış və “paslaşmış” siyasi partiyalara onların reabilitasiya, habelə reanimasiyası üçün verilmiş bir şans idi. Bütün təfərrüatları varmadan qeyd edə bilərik ki, iqtidarın sözügedən təşəbbüsündən yaxşı mənada faydalanan partiyaların sayı heç də az olmadı. Əslində, bütün müsbət nümunələr siyasi dialoq mühitinin potensial və demokratik mahiyyətinin təzahürüdür.
Prinsipial olaraq unutmamalıyıq ki, siyasi dialoq davamlı prosesdir. Hər bir proses olduğu kimi siyasi dialoq da öz inkişafında müxtəlif təkamül mərhələlərdən keçir. Təbii ki, demokratik münasibətlərin təzahürü olan siyasi dialoqun əsas subyekti və siyasi təsisatı məhz siyasi partiyadır. Elə burada biz ən “ağrılı” məsələyə çıxırıq, yəni, ölkədə fəaliyyət göstərən siyasi partiyaların səviyyəsi məsələsinə. Təşviq olunan siyasi dialoq mühitinin əsas funksional təyinatı həm də ondadır ki, uzun illər ərzində siyasi partiyaların inkişafında müşahidə olunan disbalans və durğunluq aradan qaldırılsın.
Özümüz üçün aydın etməliyik ki, çoxlu sayda zəif partiyaların mövcudluğu digər neqativ təzahürlərə səbəb olmaqla yanaşı, ölkənin siyasi sistemini həssas edir və xarici müdaxilələr üçün münbit şərait yaradır. Dünya ölkələrinin siyasi tarixini nəzərə alaraq deyə bilərik ki, zəif partiyalar da radikal partiyalar kimi sağlam siyasi sistemin “yırtığı”dır. Məhz elə bu səbəbdən də Prezident İlham Əliyevin mövcud istiqamətdəki siyasətinin strateji hədəfi siyasi münasibətlərin sağlamlaşdırılması və siyasi partiyaları cəmiyyətin mobilliyini təmin edən, habelə ölkənin kadr potensialının formalaşdırılmasında iştirak edən əsas təsisatlardan birinə çevirməkdən ibarətdir.
Qeyd olunanlar müstəvisində cənab Prezident tərəfindən bəzi partiyalarının fəaliyyətini xarakterizə etmək üçün məhz “dərnək tipli qruplaşma” ifadəsinin seçilməsinin səbəbləri tam aydın olur. Əlbəttə ki, siyasətdə “çayxana” mentalitetdən vidalaşmaq istəməyən və ya bunu bacara bilməyənlər ölkədə aparılan islahatlardan, o cümlədən “Siyasi partiyalar haqqında” yeni qanundan çəkinəcək və hətta qorxacaqlar. Adı çəkilən qanun Azərbaycan siyasətində “çayxana” mentalitetinə verilmiş hökmün təcəssümüdür.
Diqqət yetirin, “Siyasi partiyalar haqqında” köhnə qanun 31 il öncə qəbul olunub. Ötən dövr ərzində ölkənin ictimai-siyasi həyatında, habelə beynəlxalq münasibətlər sistemində baş verən hadisələr keyfiyyət və mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuşdur. Ölkənin qarşısında indi tamamilə yeni hədəflər dayanıb, regionda isə yeni reallıq formalaşıb. Odur ki, baş verən dəyişiklər ölkənin siyasi sisteminin immunitetinin gücləndirilməsini tələb edir. Xarici təhdidlərin artması fonunda ölkənin siyasi sisteminin təhlükəsizliyinin təmin olunması artıq strateji vəzifədir. Vətənpərvər qüvvələr, o cümlədən siyasi partiyalar da qeyd olunan vəzifənin icraatında fəal iştirak etməlidir. Siyasi partiyaların xarici qüvvələrinin əlində bir alət kimi istifadə olunmasının qarşısı mütləq alınmalıdır. Siyasi sabitliyə aparan yol həm də siyasi münasibətlərinin sağlamlaşdırılmasından keçir.
Müşahidələr onu göstərir ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi partiyaları bir siyasi təsisat olaraq aktuallaşdırıb və hətta onların əhəmiyyətini artırıb. Əminliklə deyə bilərik ki, yeni Qanun sayəsində, habelə mövcud sahədə atılan ardıcıl təşəbbüslərin nəticəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar nəhayət ki, “çayxana” imicindən canını qurtaracaqlar və ölkəmizin müasir simasının parçası olacaqlar. Beləliklə, qəbul olunmuş qanun və bu günə qədər mövcud istiqamətdə atılmış bütün təşəbbüslər dolayısı ilə siyasi partiyaları inkişafa məcburetmənin təzahürüdür.
Politoloq A.Adil
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ