Onlayn ictimai-siyasi qəzet
“Mən dəqiq heç nə bilmirəm, amma təəccüb də etmirəm” – bəli, ABŞ prezidenti Co Baydenin “Vaqner”in təsisçisi Yevgeniy Priqojinin ölüm xəbərinə reaksiyası belə oldu.
O, bir məsələdə tam haqlı idi ki, burada təəccüblü heç nə yoxdur: qiyamçılar ya qalib gəlməlidirlər, ya da ki, ölməlidirlər. Priqojin məğlub olmasa da, hər halda, qalib də deyildi. Ona görə də özünün məşhur qiyamından sonra cəmi ikicə ay yaşaya bildi.
Əslində onun nə istədiyi və ya nə tələb etdiyi belə əməlli –başlı bilinmədi. Qiyamın ilk günlərindən belə məlum oldu ki, bu adamın Sergey Şoyqu və Valeriy Gerasimovla ciddi problemləri var. Hətta belə ehtimallar söylənildi ki, guya qiyamı prezident Vladimir Putin özü təşkil edibdir ki, bəs Şoyqu və Gerasimovu tutduqları vəzifədən azad etsin.
Amma bu ehtimal təsdiqlənmədi: hər iki adam vəzifəsində qaldı. Əslində bu detal sübut edir ki, Priqojin oliqarx və hətta hərbçi olsa da, bütün hallarda, siyasətçi deyil. O, anlamalı idi ki, bütün Rusiyaya Şoyqu və Gerasimovla ciddi problemi olduğunu bəyan edəndən sonra o, rahat gəzə bilməz, çünki bu adamlar ölkədə böyük statusa bilikdirlər, üstəlik, müharibə onların statusunu bir az da artırır...
Əlbəttə ki, bütün bunlar hələki bir fərziyyədir. Belə fərziyyələr hələ çox səslənəcəkdir. Bəli, məhz səslənəcəkdir! İnanmırıq ki, məsələ bundan o yana getmiş olsun. Böyük ehtimalla bu, olmayacaqdır. Təkcə ona görə yox ki, Rusiya sirli qəzalar ölkəsidir. Həm də ona görə ki, Priqojinin ölümünün kim tərəfindən törədilməsinin aşkarlanması ölkədə çox böyük siyasi qalmaqallara səbəb olardı.
Bir daha qeyd edirik ki, Priqojin siyasətçi deyildi və olmadı da - hadisələr bunu açıq şəkildə göstərdi. Adam da Lukaşenkoya, onun vasitəçiliyinə inanarmı? Bəli, Belarusbaşı xirtdəyə qədər çirkli siyasətin içindədir. Və yaxud belə deyildi ki, qiyamın ilk günlərində prezident Vladimir Putin Priqojini və “Vaqner”çiləri Kremldə qəbul edibmiş. Yenə də sual yaranır: bu görüşdə Priqojinin tələbi nə oldu, o, öz rəqiblərini neytrallaşdırmaq üçün nə etdi? Təəssüf ki, bütün bu sualların dəqiq cavabı yoxdur. Adamda belə təsəvvür yaranır ki, Priqojinin bir tələbi varmış: mənə toxunmayın! Hakimiyyət guya onun bu tələbinə əməl etdi: “Vaqnerçi”lərin bir qismi Belarusda, digər qismi isə Afrikada yerləşdi.
Fəqət, yalnız oliqarx Priqojin düşünə bilərdi ki, bununla məsələ tamam bitdi. Əslində isə ölkənin siyasi olimpi üçün məsələ bitməmişdi. Onlar lap ilk gündən “Vaqner”in qiyamını cinayət, ölkənin kürəyinə vurulan xəncər adlandırmışdılar. Aydın məsələdir ki, əgər cinayət vardısa, cəza da olmalı idi. Ona görə ki, belə bir məşhur deyim var ki, dövlət iki halda çökür: cinayət var, cəza yoxdur, cinayət yoxdur, cəza var...
Həm də “Vaqner”in qiyamı çox pis presedent ola bilərdi: Priqojin olmasa da, başqa birisi onu təkrarlamaq həvəsinə düşə bilərdi. Hazırda, müharibənin davam etdiyi bir dövrdə bunun üçün münbit zəmin var. Onu da qeyd etmək lazımdır ki, Priqojin çox çirkli işlə məşğul idi. Belə xəbərlər dolaşırdı ki, bir neçə dövlət artıq “Vaqner”i terrorçu təşkilat kimi tanıyıbmış və yaxud da ki, tanımağa hazırlaşırmış!..
Sözsüz ki, bu da əsassız deyildi: siyasət onsuz da çirkli bir məşğuliyyətdir, amma muzdla vuruşmaq, dövlət çevrilişləri etmək və s. bundan da çirkli iş hesab edilməlidir. Ona görə də Priqojin bir gün aradan götürülməlidi idi. Birincisi, ona görə ki, o, çox şey bilirdi. İkincisi, onun nəzarətində minlərlə silahlı adam vardı. Bu adamlar artıq bir dəfə ölkə hakimiyyətinə, hətta dövlətə yox, məhz Y.Priqojinə sadiq olduqlarını göstərmişdilər. Bu isə heç bir halda məqbul sayıla bilməzdi...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ