Onlayn ictimai-siyasi qəzet
1943-cü ilin avqustun 1-də Adolf Hitlerin qərargahında keçirilən əməliyyat müşavirəsində fürer Vermaxtın yüksək vəzifəli hərbçilərini ayaq üstə saxlayaraq onlardan hesabat tələb edib:
- Məruzə edin, mənə hər şeyi ətraflı danışın, bütün itkiləri dəqiqliklə söyləyin və mənə başa salın ki, qarnizonda 9 alman generalı ola-ola bu qədər itkilərə necə yol vermisiniz?
Məhz həmin müşavirədə fürerə məruzə edilib ki, 1943-cü ilin iyulun 30-da Belarusiyanın Osipoviçi şəhərində yerləşən dəmiryolu stansiyasında sovet qoşunları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində almanlara məxsus 4 hərbi eşelon məhv edilib, silah-sursat və texnika olan 63 vaqon, ərzaq məhsulları olan 16 vaqon, 5 parovoz yanaraq sıradan çıxarılıb, 11 tank, 105 top məhv edilib. Stansiyada yerləşən təyyarə və ağır texnikalar üçün yanacaq anbarları partladılıb. Osipoviçi dəmiryolu qovşağı darmadağın edilib, ümumilikdə 17 kilometr dəmiryolu xətti tam sıradan çıxıb ki, bununla da almanların Kursk istiqamətinə texnika, silah-sursat, yanacaq, ərzaq məhsullarının daşınmasının qarşısı alınıb.
Qəzəbini gizlədə bilməyən Hitler elə həmin müşavirədə Belarusiya istiqamətinə daha iki hərbi birləşmənin göndərilməsi ilə bağlı göstəriş verib. Fürer elə düşünüb ki, Osipoviçi stansiyası müəyyən məsafə aralığında çoxsaylı sovet qoşunları ilə əhatə olunub. Amma o, ağlına da gətirməyib ki, stansiyada diversiyanı tək bir nəfər, Fyodr Krıloviç törədib və bu diversiya dünya tarixində, o cümlədən II Dünya müharibəsi tarixində ən böyük yerüstü nəqliyyat diversiyası sayılıb.
Qeyd edək ki, Fyodr Krıloviç 1916-cı ildə Minskdə anadan olub. Vitebskdə texnikumda təhsil alıb. 1936-1940-cı illərdə hərbi xidmətdə olub, sovet-fin müharibəsində iştirak edib. Hərbi xidmətdən sonra o, Osipoviçi dəmiryolu qovşağında elektrik kimi işləməyə başlayıb. Almanlar SSRİ-yə hücum edəndə Osipoviçi dəmiryolu qovşağı Vermaxt qoşunlarının əsas bazalarından birinə çevrilib. Bölgə bütövlükdə almanların işğalı altına düşüb. Osipoviçi stansiyasının 50-100 metrliyində almanlar əsir düşərgəsi də salıblar. Fyodr Krıloviç almanların əlinin altında işini davam etdirib. O, gizli olaraq Belarusiya partizanları ilə əlaqə yaradıb, dəfələrlə partizanlarla stansiyada partlayış, diversiya törətmək məsələsi müzakirə olunsa da, 1943-cü ilin yayına qədər stansiyaya yaxın düşmək mümkün olmayıb.
Nəhayət, Fyodr Krıloviç tək hərəkət etməyə qərar verib, diversiya planını cızıb. Bu işdə ona yalnız bir neçə nəfər hərbi xidmətə yaşı düşməyən yeniyetmə kömək edib. Belə ki, diversiya törətmək üçün minaların stansiyanın ərazisinə daşınmasında onlar köməklik ediblər, ot daşıdıqları əl arabalarında minaları lazımi yerə çatdıra biliblər.
1943-cü ilin iyulun 29-da səhər növbəyə daxil olan Fyodr Krıloviç əraziyə gələn kimi stansiyanın işıqlandırma sistemində süni əngəllik yaradıb. Axşam saatlarında işıqlarda problem olduğunu görən növbətçi alman zabiti Krıloviçi yanına çağırıb. Krıloviç sistemə ilkin baxış keçirdikdən sonra növbətçiyə bildirib ki, dəmiryolu boyunca uzanan və stansiyada olan bütün elektrik xətlərinə baxmaq lazımdır. Alman zabiti Fyodr Krıloviçin sakit bir adam olduğunu nəzərə alaraq ona ərazidə sərbəst hərəkət etməyə icazə verib. Fyodr Krıloviç bu fürsətdən istifadə edərək ingilis istehsalı olan 6 ədəd partlayıcı qurğunu lazımi yerlərə yerləşdirib. O, bu qurğuları Belarusiya komsomolunun rəhbərləri vasitəsi ilə əldə edib.
İşini bitirdikdən sonra Krıloviç işıqları yandırıb, özü isə stansiyanı tərk edib. Evə çatanda birinci partlayış səsini eşidib. Partlayışlar və yanğınlar o qədər güclü olub ki, stansiyanın yaxınlığında yerləşən əsir düşərgəsinin nəzarətçiləri də panikaya düşərək xidməti yerlərindən qaçıblar, əsirlər isə düşərgədən çıxaraq Belarusiya partizanlarına qoşulublar.
Partlayış nəticəsində stansiyanı mühafizə edən 50-dən artıq alman hərbçisindən heç biri sağ qalmayıb.
Bu diversiya Almaniya üçün böyük zərbə olub, sıravi elektrikin törətdiyi diversiyanın almanlara vurduğu ziyanın məbləği milyonlarla ölçülüb, Vermaxt qoşunlarının isə bir çox əməliyyat planları yarımçıq qalıb.
Moskvada Dövlət Müdafiə Komitəsində isə Stalin diversiyanı törədənlərin mükafatlandırılması üçün siyahı tələb edib. Lavrenti Beriya öz məruzəsində Stalinə bildirib ki, diversiyanı “NKVD” əməkdaşları törədiblər. Elə mükafatlandırılanlar da onlar olub. Fyodr Krıloviçi isə heç kim xatırlamayıb. O, bu hadisədən sonra Belarusiya partizanlarına qoşularaq müharibənin sonuna qədər bu dəstələrdə xidmət edib.
Müharibədən sonra Krıloviç yenidən Osipoviçi dəmiryolu stansiyasında elektrik kimi işləməyə davam edib. O, 1959-cu ildə müharibə zamanı aldığı yaraların fəsadlarından vəfat edib. Çox-çox sonralar, 1990-cı illərdən sonra Osipoviçi dəmiryolu stansiyasındakı diversiya ilə bağlı yeni araşdırmalar aparılıb və bu araşdırmalar zamanı əsl həqiqətlər üzə çıxıb. Fyodr Krıloviç haqqında yüzlərlə məqalə dərc olunub, kitab yazılıb, film çəkilib. Stansiyanın inzibati binasının qarşısında isə dünyanın ən böyük nəqliyyat diversiyasının müəllifinin büstü qoyulub.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ