İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sionist-sionist” deyənlərin gözünə verilən su – Azərbaycan Fələstini necə dəstəklədi…

Dünən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər səviyyəsində növbədənkənar iclası Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilib. Toplantıda Azərbaycan da təmsil olunub.

Bu görüşün səbəbi bölgədə İsrail və Fələstin (Qəzza sekoru) arasında baş verən toqquşmalar, insan qanının su yerinə axması ilə müşayiət olunan müharibə ilə bağlıydı. Əhalisinin tam əksəriyyəti müsəlman olan ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov bu sammitdə iştirak və çıxış edib.

Qeyd edək ki, toplantıda İƏT-in 57 üzvündən yalnız 21-nin xarici işlər naziri iştirak edib. Bu, dünyəvi dövlət olan Azərbaycanın İslam ölkələri arasında birliyə nə qədər önəm verdiyini göstərir. Xüsusilə də bu, təşkilatın üzvlərinin yarıdan çoxunun hansısa səbəblərdən önəmli tədbirə qatılmamalarının fonunda daha parlaq görünür.

Gerçəkdən də İƏT üzvləri arasında İsraillə ən yaxşı əlaqələri olan müsəlman ölkələrindən biri məhz Azərbaycandır, ancaq bu amil İsrailin Qəzza sektorunda hücumunun həddini aşmasını qeyd etməyə mane olmur. Başqa müsəlman ölkələri isə, yumşaq desək, susurlar.

Azərbaycan vaxtilə hərbi aqressiyadan əziyyət çəkən dövlət olaraq, nazir Ceyhun Bayramovun simasında İsrail-Fələstin münaqişəsinin hazırkı şiddətli gedişinə biganə qalmağı özünə rəva bilməyib. C.Bayramov münaqişə bölgəsindəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələrin narahatlıq doğurduğunu bildirib, ölkəmizin adından hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırış edib.

Nazir dinc insanların həyatına qarşı təhlükənin qarşısının alınmasının, mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyini vurğulayıb.

Əslində bu mövqedə olmaq ona görə vacibdir ki, irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq Yaxşı Şərq bölgəsində gedən müharibənin əsas qurbanları mülki insanlar, qocalar, qadınlar və uşaqlardır. Onlar çarəsiz durumdadırlar və özlərini müdafiə etmək üçün yetərli resursları yoxdur.

Hətta bu insanlar dini mənsubiyyət etibarilə müsəlman olmasalar da, Azərbaycan humanism prinsiplərinə yüksək dəyər verən, hər zaman ədalət və mərhəmətdən yana olan dövlət kimi hərbi eskalasiyaya qarşı çıxacaqdı.

Bir çox ölkələr isə, bildiyimiz kimi, ayrı-seçkilik edir, məsum insanları sırf dini və milli zəmində fərqləndirirlər. Əgər aqressiyaya məruz qalan xalq onların dindaşı deyilsə, o zaman verdikləri bəyanatda etiraz ruhu xeyli yumşaq olur və ya heç olmur, sırf növbətçi bəyanat səciyyəsi daşıyır.

Azərbaycan isə İsraillə yaxşı münasibətlərinə baxmayaraq, Fələstin xalqının milli dövlətçilik uğrunda apardığı mübarizəni dəstəklədiyini bildirib və beynəlxalq hüquq normalarına uyğun olaraq Fələstin dövlətinin yaradılması ideyasını məqbul saydığını bəyan edib. Rəsmi Bakının fikrincə, BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması İsrail-Fələstin münaqişəsinin həlli yolunda önəmli addım ola bilər.

Azərbaycan 30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün probleminin nə demək olduğunu, ev-eşiyindən didərgin düşmüş binəsib insanların hansı iztirablar çəkdiyini bildiyi üçün fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə vəsaiti köçürüb.

Azərbaycan nazirinin tədbirdə iştirakı və çıxışı, Fələstin xalqının doğal haqlarını müdafiə etməsi bəzi ölkələrin rəsmi Bakını illərdən bəri “sionist siyasət” yeritməkdə ittiham etməsinin necə puç və əsassız olduğunun da göstəricisidir.

Azərbaycan öz strateji müttəfiqlərini, ticarət tərəfdaşlarını özü seçir, kiminsə sözü ilə başqa bir dövlətlə əbəs yerə düşmənçilik aparmır, yeri gələndə, ehtiyac duyulanda isə obyektiv reallıqlardan çıxış edərək öz prinsipial mövqeyini ortaya qoyur.

Bütün bunlar müasir Azərbaycan dövlətçiliyinin təməl prinsipləridir. Bu ölkə milli birlik, dünyəvilik, müasirliklə yanaşı, bəşəri və dini dəyərlərə, eləcə də, ölkəmizin Prezidenti İlham Əliyevin elan etdiyi multikulturalizm prinsiplərinə sadiqdir.

Bizim dövlət olaraq devizimiz budur: Qoy hər yerdə sülh olsun, heç bir dövlət başqasının ərazisinə təcavüz etməsin, başqa xalqların mövcudluğuna son qoymağa çalışmasın, bütün coğrafiyalarda ədalət olsun.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR