Onlayn ictimai-siyasi qəzet
Ruscada adı SNQ (Sodrujestvo Nezavisimıx Qosudarstv), ana dilimizdə Müstəqil Dövlətlər Birliyi (MDB) olan ittifaqın faktiki olaraq fəaliyyətini dayandırmaq üzrə olması barədə informasiyalar var.
Bildirilir ki, MDB-nin rəsmi hüquqi informasiya portalında bir sıra çoxtərəfli sazişlərin ləğvi haqqında dərc olunan protokol dərc olunub və göstərilir ki, sənədlər qüvvədə olma müddəti bitdiyi üçün hüquqi qüvvəsini itirib, qurum daxilində onların dəyişdirilməsi ilə bağlı heç bir müqavilə imzalanmayıb.
Ləğv edilmiş müqavilələr arasında birgə hava hücumundan müdafiə haqqında saziş, elmi-texniki əməkdaşlıq haqqında saziş, vahid hərbi komandanlığın təşkili haqqında sənəd, Müdafiə Nazirləri Şurası haqqında saziş, strateji silahlı qüvvələr haqqında müqavilə, vahid pul sistemi haqqında saziş də var.
Əslində MDB yaradılışından etibarən dövlət yox, siyasi blok olduğu üçün bir sıra sazişlər həyata keçirilməmiş qalmışdı. Məsələn, MDB-nin vahid hərbi komandanlığı, silahlı qüvvələri, vahid pul sistemi yaradılmamışdı. Birlik bu sarıdan sınıq idi. Bu kimi təşəbbüslərə birlik daxilində müqavimət vardı. Bəzi ölkələr hesab edirdilər ki, vahid hərbi komandanlıq və vahid pul sistemi Rusiyanın patronajlığı ilə yeni, SSRİ-yə bənzər bir dövlətin ortaya çıxmasına səbəb ola bilər.
MDB isə məhz SSRİ-nin dəfn olunduğu günü yaradılıb. Bu tarixi hadisə 1991-ci ilin dekabr ayının 8-də Belarus ərazisindəki Belovej meşəsində yerləşən və hökumət adamlarının öv köşkü olan tikilidə (Brest vilayətinin Prujanski rayonunun Şereşevski kəndi) baş verib.
Sazişi üç ittifaq respublikasının yüksək vəzifəli şəxsləri və hökumət başçıları imzalaıyıblar: Belarusdan Ali Sovetin sədri Stanislav Şuşkeviç (1934-2022) və baş nazir Vyaçeslav Kebiç (1935-2020), RSFSR-dən Ali Sovetin sədri Boris Yeltsin (1931-2007 )və baş nazirin birinci müavini, dövlət katibi Gennadi Burbulis (1945-2022), Ukraynadan Ali Sovetin sədri Leonid Kravçuk (1934-2022) və baş nazir Vitold Fokin (1932). Bu altı şəxsdən hazırda yalnız Fokin sağdır, 93 yaşı var.
SSRİ-nin dağılmasının, yerində MDB adlı qurumun yaradılmasının elanına ilk reaksiyanı Qazaxıstanın lideri Nursultan Nazarbayev verib və bir növ “bəs biz necə olaq, nədən bizi sahibsiz qoyursunuz” ritorikası ilə yuxarıdakı təsisçilərə müraciət edib. Maraqlıdır ki, bir gün əvvəl Yeltsin ona Belovej meşəsinə getməyi təklif edərək, orada mühüm qərarlar qəbul ediləcəyini desə də, Nazarbayev təcili şəkildə Qorbaçovun yanına uçub. O da artıq gücsüz olduğunu etiraf edib. Bundan sonra Nazarbayevin təşkilatçılığı ilə elə 1991-ci ilin dekabrında Baltikyanı ölkələr və Gürcüstan istisna olmaqla digər SSRİ respublikaları yığışıb MBD-yə doluşublar.
Azərbaycan da o sırada olub. Ancaq 1992-ci ilin martında prezident Ayaz Mütəllibov devrildiyi üçün ölkəmizin MDB üzvlüyü ratifikasiya olunmamış qalıb, yəni üzv statusu almayıb. Ancaq Elçibəy devriləndən 4 ay sonra, 1993-cü ilin 23 sentyabrında Azərbaycan MDB-yə qoşulub. Gürcüstanın prezidenti Zviad Qamsaxurdiya devriləndən sonra Gürcüstan da MDB-yə qatılıb.
Startda MDB sanki dağılmış SSRİ-nin yerini necəsə doldurmaq, iqtisadi-ticari əlaqələrin davamlılığını təmin etmək üçün nəzərdə tutulmuşdusa, sonradan Rusiyada bu birliyə “milli mənzillərə dağılışmış ölkələr”i yenidən bir araya gətirmək üçün real müstəvi hesab etməyə başlamışdılar. MDB-nin nizamnaməsini ratifikasiya etməyə tələsməyən, bununla da əslində birliyin funksionallığını pozan Azərbaycana, Gürcüstana, Moldovaya təzyiqlər bu üzdən idi. Məhz bu ölkələrin daxilində oyuncaq “dövlət”lər yaradılmışdı və silahlı separatçı qüvvələr Bakıya, Tiflisə, Kişinyova ciddi təzyiq göstərirdilər. Bu ölkələrin MDB-yə qoşulması daha artıq ərazi itkisinə məruz qalmamaq üçün zəruri olmuşdu.
Ancaq bu ölkələr MDB-nin digər təsisatlarına, məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, vahid gömrük sisteminə qoşulmadılar, öz suveren hüquqlarını qorumağa çalışdılar.
Rusiya isə əksinə, uzun illər MDB-yə SSRİ-nin varisi və potensial əvəzedicisi kimi baxdı. Əslində hələ də elə yanaşır. Aradan keçən 33 il isə bu regional birliyin sütunlarını sarsıdıb.
Artıq Ukrayna, Gürcüstan və Moldova MDB-dən çıxdıqlarını elan ediblər. Özünü “neytral dövlət” elan etmiş Türkmənistan MDB-nin formal üzvüdür. Özbəkistan MDB-yə əvvəlki illərdən fərqli olaraq isti baxmır, Ermənistan özüylə MDB və KTMT arasına böyük məsafə qoyub. Ötən ilin dekabr ayının 25-də Azərbaycana məxsus təyyarənin Rusiya ərazisində raketlə vurulmasından sonra iki ölkə arasında münasibətlər 1990-cı ildəki ovqata qayıdıb. Üstəlik, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla əlahiddə müttəfiqlik saziçləri imzalayıb.
Bu baxımdan MDB yalnız formal olaraq mövcudluğunu davam etdirir. Rusiyanın yanında səmimi şəkildə qalan yeganə ölkə Bearusdur. Qalan ölkələrin liderləri Moskvanı yola verirlər.
Araz Altaylı, Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ