Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentin spikeri Alen Simonyan “Azadlıq” radiosuna müsahibəsində Qarabağla bağlı sözlərini üstündə durduğunu söyləyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı o, mövqeyini parlament iclasında təsdiqləyib.
Qeyd edək ki, müxalifətdə olan “Ermənistan” fraksiyasının üzvü, Geqam Manukyan iclasda ona belə bir sual yönəldib: “Siz müsahibənizdə Azərbaycanın Qarabağdakı hərəkətlərinin BMT-nin dörd qətnaməsinə əsaslandığını bildirdiniz. Ötən 20 ildə bu qətnamələrlə bağlı çox danışılıb və Bakının bu qətnamələrə istinadlarına cavablar verilib. Bilmək istərdim ki, bu axmaq bəyanatı kimin məsləhəti ilə etdiniz?”
Simonyanın cavabı belə olub “Siz Qarabağı (qondarma rejii nəzərədə tutur-red.) müstəqil dövlət kimi tanımayanda, onu Azərbaycanın tərkibində qoyanda, Azərbaycanın bu ərazilərdən kənarda yerləşdiyini göstərən inzibati-ərazi bölgüsü haqqında qanunu qəbul edəndə eyni hərəkətə yol vermədiniz? Mən yeni heç nə demədim. İstifadə etdiyiniz epitetlərə gəlincə, bircə onu deyə bilərəm: nəyin axmaq, nəyin olmadığını tarix göstərəcək. Artıq göstərib”.
Revanşist Manukyan cavabında BMT qətnamələrinin Qarabağla bağlı olmadığını iddia edib.
Simonyan isə “BMT qətnamələrini müzakirə etmək istəyirsiniz? Gəlin. Gəlin hər sətri ətraflı müzakirə edək”, deyə reaksiya göstərib.
Erməni spiker yerli müxalifəti “hər sözdən yapışmaqda” və bu əsasda ittiham tezisləri qurmaqda ittiham edib.
“Lakin fakt faktlığında qalır: bəhs etdiyimiz ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır”,-deyə Alen Simonyan qeyd edib.
Simonyanın son sözləri müxalifət sıralarında hay-küyə səbəb olub.
Musavat.com
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ