İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Kipr Prezidenti: "Bakıda olduğum üçün çox qürurluyam" - FOTO, VİDEO

Oktyabrın 13-də Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində sərgi təşkil olunub.

Musavat.com bildirir ki, sərgidə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən təhsil ocaqları, inşaat-tikinti şirkətləri, hotel və banklar stendlərlə təmsil olunur, bu ölkənin mətbəxinə aid müxtəlif təamlar nümayiş etdirilir.

Sərginin açılışında Şimali Kiprin prezidenti Ersin Tatar, Baş nazir Ünal Üstel, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kiprin Azərbaycandakı təmsilçisi Ufuk Turqaner, iş adamları, deputatlar və media nümayəndələri iştirak edir.

Şimali Kiprin prezidenti Ersin Tatar tədbirdə çıxış edərək, Bakıda olduğundan  çox qürur duyduğunu deyib:

"Bu gün biz Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Dahi şəxsiyyət olan Heydər Əliyevin oğlu İlham Əliyevin rəhbərliyi, baş komandanlığı altında Qarabağ öz azadlığına qovuşub. Bu münasibətlə Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Dövlətinizə və millətinizə bundan sonra sülh, əmin-amanlıq və gözəl həyat arzu edirəm. Biz eyni millətin insanlarıyıq, mədəniyyətimiz birdir, tariximiz birdir, dillərimiz də birdir. Bizlər bir-birimizin gözünə baxarkən ürəyimizdən keçənləri oxuyuruq. Can Azərbaycanla əlaqələrimiz mədəni, ticarət, təhsil və başqa sahələrdə daha da inkişaf edəcək. Biz böyük türk dünyasının övladlarıyıq. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Azərbaycan və digər türk dövlətləri bir-biri ilə çox sıx bağlıdır. 300 milyonluq türk dünyasının bir-birinə daha da yaxınlaşması, qardaşlıq bağlarının möhkəmlənməsi üçün daha böyük addımlar atılacaq. Turan sevdasının gerçəkləşəcəyi arzusundayıq.

Şimali Kipr hələ də mübarizəsinə davam edir. Kiprin türk xalqı bütün sahələrdə sanksiyalara məruz qalıb. Bu sanksiyalara qarşı xalqımızın göstərdiyi dirəniş təqdirə layiqdir.

Azərbaycan xalqı da böyük çətinliklərdən keçib və bu mənada talelərimiz oxşardır.

Azərbaycan da müstəqilliyi, azadlığı üçün çox mübarizə aparıb, şəhidlər verib. Qarabağdakı zəfər qardaşlarımızın gücünü bir daha bütün dünyaya göstərdi.

Bakıda səfərdə olduğum üçün çox qürurluyam. Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi üçün bu səfər böyük önəm daşıyır. İnanıram ki, belə tədbirlər can Azərbaycanla Şimali Kipr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR