Onlayn ictimai-siyasi qəzet
Aktual suallardan biri Azərbaycanın Vatikanın yeni rəhbəri ilə münasibətləri necə quracağıdır
Vatikanda Müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun taxtaçıxma mərasimində ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib. Xanım sədr mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma Papası seçilməsi münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, spiker Müqəddəs Taxt-Tacın başçısı, Roma Papası Zati-müqəddəsləri Fransisk həzrətlərinin dəfn mərasimində də iştirak etmişdi.
Vatikan bu gün həm dini, həm də siyasi mərkəzdir. Ona görə də bu əlaqələr xüsusi önəm daşıyır. Azərbaycanda cəmi 2000 katolik var. Bakıdakı Bakirə Müqəddəs Məryəm katolik kilsəsi ölkədə yeganə belə kilsədir. 6 iyul 2011-ci ildə Vatikan tərəfindən ratifikasiyadan sonra katolik icmasının dövlət qeydiyyatından keçib.
Qeyd edək ki, Allahşükür Paşazadə bundan əvvəlki Roma Papasının dövründə Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin yaradılmasını təklif etmişdi. QMİ sədri bildirmişdi ki, bu, ənənəvi əlaqələrin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir. Onu da bildirək ki, Şeyxülislam İslam dünyasından Vatikana rəsmi dəvət alan məhdud sayda din xadimləri siyahısındadır. İndi aktual suallardan biri Vatikanın yeni rəhbəri ilə münasibətlərin qurulmasıdır.
Yeni Papa ilə münasibətlər niyə mühümdür? Vatikanda QMİ-nin nümayəndəliyinin açılmasının təbliğat baxımından nə kimi faydaları ola bilər?
Günay Ağamalı
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Vatikanda nümayəndəliyinin açılması dinlərarası dialoqu gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq arenada təbliğat imkanlarını genişləndirmək baxımından mühüm addım olardı: “Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verən nadir ölkələrdəndir. Davamlı xarakter daşıyan uğurlu siyasət, beynəlxalq müstəvidə etimad qazanan təşəbbüslər və xalqımızın tolerant düşüncə tərzi Azərbaycanın sülhün və humanizmin təşviqində mühüm rol oynadığını təsdiqləyir. Bu kontekstdə rəsmi Bakı üçün Vatikanla, xüsusilə yeni seçilmiş Papa ilə münasibətlərin inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. Papa Robert Francis Roma Katolik kilsənin ruhani lideri olmaqla yanaşı, eyni zamanda Vatikan dövlətinin başçısıdır. O, təxminən 1,3 milyard katolikin dini lideri olaraq böyük nüfuza sahibdir. Yeni Papa ilə qurulacaq səmimi əlaqələr ölkəmizin sivilizasiyalararası dialoqdakı unikal mövqeyini daha da dərinləşdirəcək. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Vatikanda nümayəndəliyinin yaradılmasına nail olarıqsa, bunun bir sıra strateji üstünlükləri olacaq. Bu nümayəndəlik bir tərəfdən dinlərarası əməkdaşlığın rəmzi kimi çıxış edəcəksə, digər tərəfdən də milli maraqların təbliğində effektiv bir vasitə ola bilər. İlk növbədə, bu nümayəndəlik vasitəsilə Azərbaycanın tolerant və dünyəvi modeli dünya ictimaiyyətinə daha aydın şəkildə təqdim oluna bilər. Beləliklə, ölkəmizdə İslamın radikalizimdən uzaq, multikultural və müasir çalarlarla təzahür etdiyi nümayiş olunar. Xüsusilə Avropada artan İslamofobiya fonunda Azərbaycan modelinin tanıdılması İslam dünyası ilə Qərb arasında qarşılıqlı anlaşmanın inkişafına təkan verəcəkdir”.
Azər Hüseynov
AĞ Partiya başqanının dini-ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov isə qeyd etdi ki, Vatikan nəinki dini, eyni zamanda qlobal siyasi təsir gücünə sahib bir mərkəzdir: “Xüsusilə də katolik kilsəsinin uzun əsrlər boyu formalaşmış və bu gün də davam edən diplomatik şəbəkəsi onun dünyadakı yumşaq güc imkanlarını mütəmadi olaraq artırır. Katolik kilsəsi 1,3 milyardlıq bir dini icmanın ruhani rəhbəri olmaqla yanaşı, həm də Avropa İttifaqı, Latın Amerikası və Afrika ölkələrində dərin təsir gücünə sahibdir. Bu baxımdan, Vatikanla münasibətlərin dərinləşdirilməsi Azərbaycanın çoxvektorlu xarici siyasətində mühüm yer tutur. Xüsusilə Qafqaz kimi mürəkkəb və geosiyasi rəqabətin getdikcə daha da qızışdığı bir regionda dini diplomatiyanın yaratdığı imkanlar bəzən ənənəvi siyasi kanallardan daha təsirli ola bilir. Azərbaycanda 2000-ə yaxın katolik var və Bakıdakı Bakirə Məryəm katolik kilsəsi bu icmanın əsas dini mərkəzidir. Amma məsələ sayda deyil, strategiyadadır. Azərbaycan diplomatiyasının ən güclü tərəflərindən biri imkanları şaxələndirmə və yeni istiqamətlər axtarma bacarığıdır. Hər bir yeni təmas xətti, hər bir qurulan körpü, xüsusən də dini təməlli platformalar üzərindən qurulanlar, ölkəmizin dünyada daha möhkəm təmsil olunmasına xidmət edir. Bu mənada, Qafqaz Müsəlmanları İdarəsinin vaxtilə Vatikanla nümayəndəlik səviyyəsində təmsil olunmaq təşəbbüsü təqdirəlayiq idi. Şeyxülislam Allahşükür Paşazadənin bu təşəbbüsü təşkilati baxımdan əlaqələrin dərinləşdirilməsi yönündə mühüm addım ola bilərdi. Amma nümayəndəlik açmaq birtərəfli qərarla həll olunmur. Belə bir qurumun yaradılması qarşı tərəfin siyasi, dini və mədəni iradəsi ilə yanaşı, geosiyasi tarazlıqlarla da sıx bağlıdır. Vatikan bu tip rəsmi təmsilçilikləri çox nadir hallarda və uzunmüddətli danışıqlardan sonra həyata keçirir. QMİ-nin Azərbaycan tarixində, xüsusilə də 20 Yanvar hadisələri zamanı oynadığı rol isə danılmazdır. Roma Papası II İohann Pavelin təşəbbüsü ilə məşhur italyan jurnalist Etsio Mauro 1990-cı ilin yanvarında Şeyxülislamla əlaqə saxlayaraq, sovet ordusunun Bakıda törətdiyi qətliamla bağlı dünya ictimaiyyətini ilk məlumatlandıranlardan biri olmuşdu. Bu faktın özü Vatikanla ilk ciddi təmasların məhz humanist və vicdani zəmin üzərində qurulduğunu göstərir. Şeyxülislamın fəaliyyəti, əlbəttə, dəyərlidir. Dəyişən dünya və yeni geosiyasi konfiqurasiyalar fonunda dini diplomatiya da yenilənməlidir. Bu gün yeni Papa XIV Leonun dövründə yaranacaq imkanlardan istifadə etmək daha çevik və praqmatik yanaşma tələb edir. Unutmayaq ki, din təkcə ibadət deyil, o, həm də mədəni təsir, sosial güc və siyasi alətdir. Xüsusilə də Tramp dövründə ABŞ-da başlayan və qlobal miqyasda hiss edilən "dinin siyasətə qayıdışı" prosesi fonunda bu məsələ aktuallıq kəsb edir. Katolik dünyası ilə qurulan əlaqələr, sadəcə, dinlərarası dialoq üçün yox, eyni zamanda siyasi zərurət olaraq da dəyərləndirilməlidir. Düşünürəm ki, Azərbaycan bu zərurəti düzgün oxuyacaq və Vatikanla münasibətlər yalnız mərasim təmsilçiliyindən ibarət olmayacaq, həm də diplomatik və mədəni gücün yeni kanalı kimi fəaliyyət göstərəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
ŞƏRHLƏRŞƏRH YAZ