İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyx Nəsrullah kimi Zalujnı - biri “öldürür”, biri “dirildir”...

Ukrayna ordusunun rəhbərinin son yayılan videosuna indi də ABŞ-dan “saxtadır” reaksiyası gəldi

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı haqda müəmmalar Cəlil Məmmədquluzadənin məşhur “Ölülələr” əsərinin baş qəhrəmanı Şeyx Nəsrullahı xatırlatmaqdadır. Rusiya mətbuatı israrla Zalujnını “öldürür”, rəsmi Kiyev isə “dirildir”...

Yada salaq ki, Zalujnı aprelin sonunda qəflətən həmişə aktiv olduğu informasiya məkanından yoxa çıxıb. Onun sosial şəbəkələrində təzə foto ilə mesajı son olaraq aprelin 13-də olub. Ali Baş Komandanın şəxsi iştirakı tələb olunan tədbirlərdə isə onun müavini general Sergey Naev iştirak edir. Əks-hücum üçün lazım olan silah və sursatların tədarükü məsələlərinin müzakirə edildiyi Ramştayn bazasında hərbi idarə rəhbərlərinin son görüşündə də Zalujnı görünməyib. Sosial şəbəkələr Zalujnının mayın 10-da NATO komandanlığı ilə videokonfransa qatılmamasına da diqqət çəkib.

51d1d8ad-e609-4ff6-b388-d3618cc2acb5_501x279.jpg (20 KB)

Rəsmi Kiyevin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının yaralanması və ya ölməsi faktını təsdiqləməyir. Rusiya mənbələri isə əvvəl Zalujnının mayın 7-8 aralığında Baxmut və Pavloqradda öldürülə və ya yaralana biləcəyini iddia edirdi. Çünki mayın 7 və 8-də raket hücumuna məruz qalan obyektlərdən biri Pavloqradda Ukrayna Silahlı Qüvvələrinin komandirlərinin yerləşdiyi qərargahlardan biri olub.

Sonra isə “RİA Novosti” Rusiya Silahlı Qüvvələrinin raket hücumundan sonra Zalujnının başından vurulduğunu və həmçinin qəlpə yaraları aldığını bildirib. Agentliyin məlumatına görə, baş komandan əvvəlcə ilkin tibbi yardım üçün Nikolayevə aparılıb, sonra isə kəllə sümüyünün əməliyyatı üçün Kiyevdəki hərbi hospitala göndərilib. Zalujnının ağır yaralı olması barədə məlumat yayanlar onu da iddia edirlər ki, mayın 10-da generalın arvadı Yelenanı maşınla Kiyevdəki hərbi klinikaya gedərkən görüblər və orada dörd saatdan çox ləngiyib.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanan son video isə müəmmaları daha da artırıb. Həmin videoda iş başında olan Zalujnı ilə görüşən hərbi blogger, polkovnik Anatoli Ştefan “dəhşətli sirr” açacağını bildirir və bundan sonra kamera generala tərəf çevrilir. Zalujnı isə deyir: “Bütün ukraynalılara təşəkkür edirəm. Biz birlikdə mütləq qalib gələcəyik və təkcə bu gün yox, hər zaman! Hər kəsə təşəkkür edirəm”.

Bu dəfə isə ABŞ-dan reaksiya gəlib. Pentaqonun keçmiş əməkdaşı Sriven Brayan Zalujnı ilə bağlı son videonun saxta olduğunu iddia edib. Musavat.com xəbər verir ki, o, bu barədə özünün “Weapons and Strategy” saytında bildirib.

1613137525203_FmD6VY3k.png (564 KB)

Pentaqonun keçmiş əməkdaşının sözlərinə görə, ali baş komandanın videoda gözləri əvvəl yayılmış fotolarından fərqlidir. Bundan əlavə, Pentaqonun keçmiş əməkdaşı Zalujnının üzündə də bəzi fərqlər olduğunu, xüsusən də burnunun fərqli olduğuna diqqət çəkib. O, həmçinin süni intellekt texnologiyası əsrində yaşadığımızı, istənilən video və ya foto üzərində “oynamağın” mümkün olduğunu xatırladıb. Bu baxımdan o, Zalujnı təsvir olunan videonu saxta olduğunda israr edib.

Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkələrdə Zalujnın fotoşəkillər yerləşdirilmişdi, amma sonradan onların köhnə olduğu iddia olunmuşdu. Radanın deputatı Purtova da bu günlərdə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı ilə yeni fotosunu paylaşıb.

Purtova şəklin üzərinə “tezliklə hər şeyi biləcəksiniz” sözlərini yazıb. Şəklin nə vaxt çəkildiyi barədə məlumat verilmir.

Daha bir versiya da budur ki, Valeri Zalujnı yaralanmayıb, işdən çıxarılaraq nəzarətə götürülüb. Hərbi ekspertlərə görə, Zalujnı Ukrayna hakimiyyəti ilə yol getmirdi və bu səbəbdən onu “təhlükəli rəqib” kimi işdən kənarlaşdırıla, hətta həbs də edilə bilər.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR