Onlayn ictimai-siyasi qəzet
Dünyada iki qütbün hegemonluğu dövrü keçmiş sovet ittifaqının dağılması ilə bitib. Ondan sonra dünyada hökmranlıq edən təkqütblülükdən xilas olmaq üçün müxtəlif səviyyəli beynəlxalq təşkilatlar yaranıb. Onlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT).
Bu təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Çinin Şanxay şəhərində təsis olunub. ŞƏT-in üzvləri Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İrandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka isə 14 dialoq tərəfdaşıdır.
Təşkilatın əsas hədəfi üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsindən, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsindən, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsindən, yeni siyasi və iqtisadi beynəlxalq nizamın yaradılması üçün addımların atılmasından ibarətdir.
İyulun 3-4-də Qazaxıstanın paytaxtı Astana şəhərində ŞƏT+ formatında “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusunda sammit keçirilir. Zirvə toplantısında 16 ölkənin dövlət və hökumət başçısı iştirak edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb. Onun sammit çərçivəsində Türkiyə, Rusiya, Çin və başqa dövlətlərin başçıları ilə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən toplantıda da iştirak etmişdi. Həmin görüşdə çıxışı zaman Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə danışaraq bildirmişdi ki, ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib: “Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər”.
Prezidentin həmin çıxışında Azərbaycanın tranzit, nəqliyyat-logistika potensialı da diqqətə çatdırılıb : “Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq”.
Prezidentin bu çıxışı ŞƏT-lə qarşılıqlı əməkdaşlıq üçün Azərbaycanın uğurlu tərəfdaş ola biləcəyini deməyə əsas verir. Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvüdür, onlara sədrlik belə edib. BMT-dən sonra ən böyük təşkilata, Qoşulmama Hərəkatına sədrlik etməsi, COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi edəcəyi də ölkənin nüfuz və hörmətinin göstəricisidir.
Azərbaycan ŞƏT-in fəaliyyəti istiqamətində də öz töhfəsini verə bilər. Onun bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi, energetika və yol-nəqliyyat layihələrində aparıcı rollardan birinə malik olması da bunu təsdiqləyib.
Həmçinin, dövlət başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında vacib körpüyə çevrilib.
Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir. Yaxud Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrində Azərbaycanın rolu artmaqdadır.
Azərbaycan tarixən Qərblə Şərq yolunun üstündə olub. Odur ki, dünyanın ən böyük iqtisadiyyata malik olan tərəfləri, Çinlə Avropa arasında əlaqənin qurulması kimi vacib layihədə başlıca rollardan birini oynayır. Azərbaycan bu istiqamətdə qlobal və regional miqyasda mövcud vəziyyətlə (Qırmızı dənizdə, Süveyş kanalında, Qara dənizdə mövcud böhranlı şərait) əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılır.
Həmin dəhlizin reallaşmasının tərəfdarı olan dövlətlər Zəngəzur yolunun açılması istiqamətində ona qarşı olanlara təzyiqləri artıra bilər. Bu yol Avropa ilə Asiyanı birləşdirən ən mühüm etibarlı körpü olar.
ŞƏT Azərbaycan və Türkiyənin birgə təşəbbüsünün, Zəngəzur yolunun reallaşması üçün də beynəlxalq səviyyədə dəstək verə bilər. Bu layihənin həyata keçməsi həm də Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və əməkdaşlığa yardım edər, Avropa ilə Asiyanın arasında etibarlı yol olar.
Dünya təkqütblülükdən də uzaqlaşır. Yeni qütblərin yaranmasına cəhdlər göstərilir. Bu zaman hərbi bloklaşma nəzərdə tutulmur. Odur ki, yeni dünyada əsas diqqət iqtisadi, ticarət və yol-nəqliyyat kimi sahələrdə əməkdaşlığa ayrılır. Belə qütbləşmə isə Avropa və Asiyanı bütövləşdirə, Avrasiya etmək gücünə malik ola bilər.
Sədrəddin İsmayılov,
Report
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ