Onlayn ictimai-siyasi qəzet
“Sərhədsiz Reportyorlar” təşkilatı Almaniyada 2024-cü ildə media nümayəndələrinə qarşı hücumlara dair hesabatını açıqlayıb.
APA xəbər verir ki, “Sərhədsiz Reportyorlar” (RSF) Almaniyada ötən il jurnalistlərə və media təşkilatlarına qarşı 89 hücumu sənədləşdirib.
Bu, yeni dərc olunmuş “Yaxın Plan 2025: RSF-nin Almaniyada Mətbuat Azadlığı Hesabatı”nda üzə çıxıb. Tədqiqat həm də mətbuat azadlığının bir çox digər aspektlərinə də işıq salır, məsələn, qanunvericilik və nəzarət mövzuları və bu il ilk dəfə olaraq almaniyalı jurnalistlər üçün Yaxın Şərq reportajları ilə bağlı xüsusi problemlərdən bəhs edir. RSF-nin 2024-cü ildə Almaniya üçün sənədləşdirdiyi 89 hücumdan 75-i jurnalistlərin bədəninə və ya avadanlıqlarına qarşı fiziki zorakılıqla bağlı olub. Digər 14 hücum isə redaksiyaları və ya jurnalistlərin evlərini hədəf alıb.
2023-cü ildə sənədləşdirilmiş 41 hücumdan sonra rəqəmlər iki dəfə artıb.
RSF-nin Almaniya eksperti və “Yaxın Plan” hesabatının həmmüəllifi Katerina Viktoriya Veys bildirib ki, bir çox Almaniya vətəndaşı indi jurnalistləri düşmən kimi görür: “RSF media təşkilatlarını və siyasətçiləri məsuliyyəti öz üzərinə götürməyə və “dördüncü hakimiyyət”ə inamı bərpa etməyə çağırır. Yeni seçilmiş hökumət jurnalistləri populist hücumlardan daha yaxşı qorumaq və dezinformasiyanın geniş yayılmasının qarşısını almaq üçün media siyasətinin əsas tədbirlərini sürətlə həyata keçirməlidir”.
Hesabatda o da bildirilib ki, Aİ səviyyəsində nifrət nitqinin və dezinformasiyanın qarşısını almaq üçün əsas rəqəmsal platformalarda yeni qaydaların qətiyyətlə tətbiqi vacibdir.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ