İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədimizdə təhlükə XƏBƏRDARLIĞI - Ermənistan bu addımı ata bilər

Ermənistan sərhəddə gərginlik yaratmaqla Avropa İttifaqının “mülki missiyası”nın regionda fəaliyyət müddətinin uzadılmasına çalışır

Böyük Britaniya vətəndaşlarına xəbərdarlıq edərək, onlara Ermənistan-Azərbaycan şərq sərhədindən 5 kilometr məsafədə bütün səyahətlərdən çəkinməyi tövsiyə edib.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bildirib. Həmçinin FCDO Ermənistanın İcevan və Noyemberyan şəhərləri arasında M16/H26 yolu ilə hər cür səyahət etməməyi tövsiyə edib. Qurum buna səbəb kimi Ermənistan-Azərbaycan sərhədindəki "gərgin vəziyyəti" göstərib.

Qeyd edək ki, Birləşmiş Ştatların analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün müharibə ehtimalı olan ərazilərin xəritəsini hazırlamışdı. Həmin xəritədə Ermənistan-Azərbaycan sərhədində yeni müharibənin başlanması ehtimalı da irəli sürülmüşdü. Azərbaycanlı hərbi-siyasi şərhçilər hesab edirlər ki, Qərb platformalarında bu cür proqnozlar zaman-zaman gündəmə gətirilir. Analitiklərin qənaətincə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hələ də imzalanmaması Qərbdən olan ekspert və analitik mərkəzlərə belə proqnozlar verməyə əsas yaradır. Bununla yanaşı, politoloqlar iddia edirlər ki, ola bilsin, erməni lobbi dairələrinə yaxınlığı olan müəyyən mərkəzlər qəsdlə belə proqnozlar verirlər.

Elman Nəsirov: “Bundan sonra heç kim torpaqlarımıza göz tikə bilməz”

Elman Nəsirov

Deputat Elman Nəsirov “Yeni Müsavat”da diqqətimizə çatdırdı ki, son dövrlər həm Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, həm də ABŞ-ın Xarici Əlaqələr Şurası Ermənistan və Azərbaycan arasında yeni hərbi toqquşma ehtimalı ilə bağlı məlumatlar yayırlar: “Səbəb nədir? Nə baş verir? Bir neçə versiya üzərində düşünməyə dəyər. Onlardan biri odur ki, ümumiyyətlə, Birləşmiş Ştatlarda olan güclü erməni lobbisi və diasporu üçün maraqlıdır ki, Ermənistan-Azərbaycan arasında gərginlik qorunub saxlansın. Bu gərginliyin davam etməsi Qarabağ məsələsini daim aktual saxlayır və bu aktuallıq onların özünün siyasi mövcudluğu və fəaliyyəti üçün əlavə motivlər yaradır. İkincisi, belə bir gərginlik ocağının mövcudluğunda Paşinyan hakimiyyəti maraqlı ola bilər. Çünki Ermənistanda hazırda daxili vəziyyət kifayət qədər gərgindir. Müxalifətlə hakimiyyət arasında ciddi toqquşmalar mövcuddur. Revanşistlər Paşinyana təzyiq göstərirlər, ölkənin iqtisadi durumu ağır vəziyyətdədir, xalq yoxsulluq içində yaşayır və əhalinin Paşinyana olan etimadı getdikcə azalır. Eyni zamanda burada başqa bir məqam da var. Bilirsiniz ki, bu ilin fevral ayında Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının mülki missiyasının fəaliyyət müddəti başa çatır. Əslində həmin mülki missiya çoxdan missiyasını dəyişib. Fəaliyyəti təkcə Avropa İttifaqının mülki missiyası kimi qiymətləndirilmir, o artıq daha çox mülki-hərbi missiyadır. Ermənistan-Azərbaycan sərhədində gərginlik nə qədər çox olarsa, bu "missiya"ya zərurət yaranır görüntüsü yaradıla bilər. Paşinyan və eyni zamanda Avropa İttifaqı bu məsələlərdə maraqlıdır.

Ermənistan-Azərbaycan sərhədində baş verən hər hansı toqquşma və insidentlərin motivləri sırasında bunu xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, iki dövlət arasında sərhəddəki toqquşmaları şərtləndirən amillərdən biri də çox mühümdür. Ermənistan Azərbaycanın əsas tələblərindən birinə, yəni konstitusiyasına dəyişiklik edib ərazi iddialarından əl çəkməyə tələsmir. Bu istiqamətdə heç bir real addımlar atmır. Bu ölkə ilə sülh müqaviləsinin imzalanması müşkül məsələyə çevrilib. Necə sülh imzalamaq olar ki, qarşı tərəf Azərbaycana qarşı ərazi iddialarından çıxış edir və bu iddiaları öz konstitusiyasından çıxarmaq istəmir. Bütün bu reallıqları nəzərə alan beynəlxalq mərkəzlər, xüsusilə ABŞ-ın Xarici Əlaqələr Şurası, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və digər bir sıra beynəlxalq reytinq təşkilatları Ermənistan-Azərbaycan arasında növbəti hərbi toqquşmanı mümkün ssenarilərdən biri kimi qiymətləndirirlər. Hesab edirəm ki, Paşinyan hökuməti bütün bu reallıqları və riskləri nəzərə almalıdır. Fərqində olmalıdır ki, Azərbaycan son dərəcə güclü bir dövlətdir. Azərbaycan 2020-ci ildə Ermənistan üzərində qələbə qazanıb, ərazi bütövlüyünü və suverenliyini bərpa edərkən, onun hərbi büdcəsi cəmi 1.9 milyard dollar idi. Biz bu məbləğlə Ermənistan ordusunu darmadağın etdik. İndi isə Azərbaycanın müdafiə və təhlükəsizlik büdcəsi 5 milyard dollara çatıb. Ermənistan tərəfi ağlını başına yığıb fikirləşsin ki, onun 2025-ci ildə hərbi büdcəsi 70 faiz artırıldıqdan sonra 1.7 milyard dollara gəlib çatıb, Azərbaycanda isə bu il 5 milyard dollardır.

Bütün bu reallıqlar fonunda Azərbaycanda səfərbər olunmuş bir cəmiyyət, vətəndaş həmrəyliyi, həmçinin birləşmiş və iradəli bir xalq mövcuddur. Xalq öz prezidenti ətrafında bir monolit birlik nümayiş etdirir.

Dövlət başçımız dünya səviyyəli bir liderdir. Bütün bunların heç biri Ermənistanda yoxdur. Hesab edirəm ki, bunun üçün xüsusi bir ağıl və dərrakəyə sahib olmaq lazım deyil. Ən düzgün qərar o ola bilər ki, Ermənistan tezliklə Azərbaycanla sülh müqaviləsini imzalasın, Azərbaycana qarşı bütün ərazi iddialarından daha öncə imtina etsin, bunu referendumla təsdiq edərək öz konstitusiyasına daxil etsin. Nəticədə regionda uzunmüddətli və dayanıqlı sülhün formalaşması üçün yeni şərait yaransın".

Tramp “üzdəniraqlarla” mübarizədə qalib gələ biləcəkmi - rəy

 Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, Britaniya XİN-in xəbərdarlığı təsadüfi deyil: “Bu rayonlar Ermənistanın Tavuşda, yəni bizim Tovuz və Qazaxla sərhəddə yerləşir. Bu ilin 16 yanvar tarixində Azərbaycan və Ermənistan sərhəd komissiyalarının görüşü keçirilmiş və bu görüşdə əldə edilən razılaşmaya görə sərhədin delimitasiya və demarkasiya prosesinin şimaldan-cənuba doğru davam etdirilməsi qərarlaşdırılıb. Halbuki Ermənistan bu prosesin sərhədin fərqli bölgələrində (hazırkı vəziyyətdə Basarkeçər və Cermuk kimi problemsiz ərazidə) keçirilməsini istəyirdi. Lakin Azərbaycanın tələbi qəbul edildi. Bu, o deməkdir ki, 19 aprel 2024-cü ildə Ermənistan delimitasiya və demarkasiya danışıqlarının nəticəsi olaraq Qazağın 4 kəndini bizə sülh yolu ilə necə qaytarmaq qərarı aldısa, eləcə Qazağın Ermənistanda qalan 3 anklav kəndini də yaxın zamanlarda qaytarmalı olacaq.

Xatırlayaq ki, Qazağın 4 kəndi qaytarılarkən Ermənistanda buna ciddi etiraz edən müxalif qüvvələr Baqrat Qalstyan kimi “artist-keşişdən düzəltdikləri siyasətçi” simasında “Vətən üçün Tavuş” hərəkatı yaratmışdılar. Qalstyanı dəstəkləyən adamların adlarına baxarkən Köçəryan və Sərkisyan kimi Xocalı qatillərini, keçmiş Ermənistan prezidentlərini görürük. Bu şəxslər Ermənistan-Azərbaycan normallaşmasında qətiyyən maraqlı deyillər və hər zaman sərhəd təxribatları törətməklə normallaşma prosesinə zərbə vurmaq potensialını daşıyırlar. Britaniyanın xəbərdarlığını daha çox bu kontekstdə qiymətləndirmək olar. Lakin bunun altında həmçinin Aİ-nin mülki missiyasının fəaliyyət müddətinin uzadılması gizli məqsədi də yatmış ola bilər.

Görünən odur ki, sülh müqaviləsi imzalanmayınca, Ermənistana təhlükəsizlik təminatı Azərbaycan tərəfindən verilməyincə, Aİ missiyası bölgədən çəkilməyəcək və Ermənistan bu missiyanı bölgədə saxlamaq üçün əlindən gələni edəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR