İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədimizdə TƏHLÜKƏ - "İran Ermənistandan VURULACAQ..."

“İran hazırda 1979-cu ildən bəri ən zəif vəziyyətdədir. Suriyada da Əsəd rejimi süqut etdi. İndi Amerikanın yeni administrasiyası üçün böyük fürsət yaranıb”. Bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Sallivan son günlərini yaşayan Bayden hökumətinin rəsmisidir. Ancaq məsələ ondadır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İrana qarşı daha sərt mövqeyi ilə tanınır. Hətta təzə administrasiyanın İrana zərbə planının artıq hazır olduğu deyilir.      

Bu fonda, yanvarın 17-də Moskvada İranla Rusiya arasında strateji tərəfdaşlıq haqda sazişin imzalanması diqqət çəkir. “The Times” qəzeti bu xüsusda yazıb ki, İran nüvə proqramı və hava hücumundan müdafiə sistemləri ilə bağlı yardım almaq üçün Rusiya ilə gizli danışıqlar aparır. 

Bildirilir ki, İranın ali dini lideri Xameneyinin baş müşaviri Əli Laricaninin Moskvaya gizli uçuşlar etməsi İran-Rusiya münasibətlərinin dərinləşməsindən və bir-birinə təsirinin artmasından xəbər verir. Qərb qorxur ki, Moskva “İranın nüvə proqramı ilə bağlı əvvəllər müəyyən edilmiş qırmızı xətləri keçməyə hazırdır, çünki Rusiya raket və dronların tədarükündə İrandan asılıdır”. Mənbələrə görə, Tehran “Hizbullah”ı yenidən silahlandırmaq üçün Kremldən maddi-texniki yardım da istəyib.

Yanvarın 14-də Vaşinqtonda ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyasının imzalanması isə İrana hücum mövzusunu daha da aktuallaşdırıb. Çünki sənəd Ermənistanın sərhədinə Amerikanın “sərhəd məsələləri ilə məşğul olacaq xüsusi mühafizə qrupunun göndərilməsi”ni də nəzərdə tutur. Bəzi təhlilçilərə görə, sərhəddəki AB missiyasından fərqli olaraq, ABŞ missiyası patrul xidmətindən çox erməni hərbi birləşmələrinin əməliyyatlarının planlaşdırılması və koordinasiya edilməsində iştirak edə bilər. 

Erməni politoloq Arman Abovyan isə ehtimal edir ki, İrana hücuma hazırlaşan ABŞ bu yolla öz qüvvələrini Ermənistana göndərəcək. “ABŞ dövlət katibi bildirib ki, Vaşinqton gələn həftə Ermənistana sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olacaq xüsusi qrup göndərəcək. Yəni gələn həftədən ABŞ xüsusi xidmət orqanları Ermənistan sərhədində rəsmən işə başlayacaqlar. Beynimizə bir az güc vermək və bu reallığı düzəltmək vaxtı çatıb: onlar İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanlarıdır. İndi gəlin birlikdə düşünək, iranlılar Amerika hərbi agentlərinin öz sərhədlərinin ən mühüm hissəsində peyda olacağına necə reaksiya verəcəklər?” - Abovyan bildirib.

Digər erməni ekspert Ayk Nahapetyan hesab edir ki, Vaşinqtonda imzalanan sənədlə Paşinyan artıq İranın əleyhinə öz seçimini edib: “Şübhəsiz ki, o və qrupu İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarını səfərbər edəcək. İran isə yaxşı silahlanıb, ballistik və uzaqmənzilli hipersəs raketlərinə malikdir. İran İraq deyil. İranı işğal etmək və orada quru hərbi əməliyyat keçirmək üçün 1 milyon əsgər lazımdır və bu, 5-6 ay çəkəcək. Blinken ”Gələn həftə Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək" deyərkən komissiyanın bu işləri sürətləndirmək üçün Ermənistana gələcəyini nəzərdə tutub".

Nahapetyana görə, Paşinyan Zəngəzurun qapılarını ilk növbədə hərbi baxımdan açıb və rus qoşunlarını da oradan çıxarması təsadüfi deyil.

Bəs ABŞ-ın xüsusi sərhəd-mühafizə qrupu (hərbçi-xəfiyyələr) Azərbaycanla sərhəddə də yerləşəcəkmi? Ermənistan xarici qüvvələrin poliqonunamı çevrilir?

fikret.jpeg (167 KB)

Fikrət Yusifo

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın ABŞ-la bağladığı strateji tərəfdaşlıq sazişi bölgədə ciddi narahatlıq yaradır. Bu sazişlə tərəflərin qarşıya qoyduqları hədəflər açıq-aydın ortadadır. Ermənistan indi də Birləşmiş Ştatların əlində bir forposta - əl buyruğuna çevrilir. Ermənistanın Co Bayden hakimiyyəti dövründə ABŞ-la tələm-tələsik belə bir saziş bağlaması hələ o sazişin tam gücü ilə işləyəcəyi demək deyildir. Bu sazişin necə işləyəcəyini bir neçə gündən sonra Donald Tramp müəyyən edəcək. 

İrana qarşı ABŞ-ın hər hansı bir hərbi əməliyyatı üçün Ermənistan ərazisindən istifadə etməsi mühüm şərt deyil. Çünki ABŞ-ın İran ətrafında yerləşən onlarla hərbi bazaları mövcuddur. Ermənistanla strateji tərəfdaşlıq sazişi ABŞ-dan daha çox Nikol Paşinyan hakimiyyətinin təşəbbüsüdür. İndiki erməni hökuməti Rusiya ilə gərginləşdirməkdə olduğu prosesin sonunun necə qurtaracağından çox əndişəlidir. Rusiyanın hissləri ilə bu qədər sərt oynamaq Ermənistana yaxşı heç nə vəd etmir. Nikol Paşinyan hökuməti bunu yaxşı anlayır və elə bu səbəbdən də ölkəsinin Rusiyanın mümkün olacaq basqılarından qorunması üçün öncədən tədbirlər almağa çalışır. Ancaq hesab edirəm ki, sonda Ermənistan Rusiya ilə ABŞ arasında siyasi alver predmeti kimi yenidən tam olaraq Rusiyanın yedəyində qalacaqdır. 

Zatən bu gün Ermənistan nə qədər çabalar göstərsə də, Rusiyanın ovcunun içindədir. Ermənistanın xarici ticarət dövriyyəsinin 40%-dən çoxu Rusiyanın payına düşür. Rusiyanın Ermənistan ərazisində hərbi bazaları mövcuddur, rus hərbiçilər Ermənistanın sərhədlərini qoruyur və Rusiya Ermənistanda iqtisadiyyatın böyük bir hissəsinə payçı kimi nəzarət edir. Bu sıraya Ermənistana Rusiyadan ucuz qiymətə satılan enerji resurslarını da əlavə etsək, o halda Ermənistanın Rusiyanın caynağında nə qədər möhkəm oturduğunu asanlıqla görə bilərik. Rusiya hələlik susur - gözləyir. İndi Ermənistan Rusiyanın müəyyən etdiyi qırmızı xəttin lap kənarına qədər gəlib çatıb, onu keçəndə nələr olacaq? Düşünürəm buna çox az qalıb.

İran isə bu gün kürəyində xain erməni xəncərini görüb heç də təəccüblənməməlidir. Ermənilərlə qardaşlıq İran dövlətinin öz seçimidir. İran hakimiyyətinin başında dayananlar tarixdə ermənilərin sığındıqları bütün dövlətlərə necə xəyanət etdiklərinin fərqində olmalı və bundan nəticə çıxartmalı idilər. Ancaq İran nə etdi? Torpaqlarımızın otuz illik erməni işğalı dövründə blokada vəziyyətində olan Ermənistana hər cür hərbi və mülki yardımlar etdi və bununla da erməni işğalının uzanmasına şərait yaratdı. Bu gün İran çox haqlı olaraq kürəyində erməni xəncəri görür..."

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva İranın bunu Ermənistana bağışlamayacağını diqqətimizə çatdırdı: “Birləşmiş Ştatlarla Ermənistan arasında imzalanan xartiyanın müddəalarına baxanda görürük ki, bu müttəfiqlik sənədi daha çox Tehran və Moskva üçün təhlükə saçır. Ermənistan İran və Rusiyaya arxadan elə bir zərbə vurub ki, indi nə rus, nə də fars diplomatiyası onun altından çıxacaq. Bakı üçün Vaşinqtonla İrəvan arasında imzalanan sənədin heç bir təhlükəsi yoxdur. Çünki biz heç kimin ərazisinə iddialı deyilik. Zəngəzur dəhlizinin açılmasını istəyirik və bu dəhliz açılacaq. Bunun da səbəbi sadədir, Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvanla Bakı arasında hər hansı problem yoxdur. Dəhlizin açılmasına yeganə maneə Rusiya ilə Ermənistan arasındakı anlaşılmazlıq sindromu idi. Kreml çalışırdı ki, dəhlizin təhlükəsizliyini rus hərbçilər həyata keçirsinlər. İndi adıçəkilən bölgədə Rusiya hərbçiləri yoxdur, onlar Gümrüdəki 102-ci bazaya çəkiliblər. Deməli, Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı bir əngəl də qalmayıb. ABŞ-ın Ermənistanda baza açması məsələsi hələ böyük sual altındadır. Rusiya buna imkan verəcəkmi? Əgər Moskva belə bir bazanın Ermənistanda açılmasına ”hə" deyərsə, o zaman Kreml Güney Qafqazı itirməsi ilə barışacaq. ABŞ-nin Ermənistan ərazilərində belə bir baza yaratmaqda əsas məqsədlərindən biri də İranın blokadasını tamamlamaqdır. Məhz bundan sonra ABŞ-nin İrana hücumu reallaşacaq. İndi Tehrandakı molla rejimi “bacı xəyanəti”nin altından çıxmağa çalışır. Düşünürəm ki, İran diplomatiyası vəziyyətin daha da kəskinləşəcəyi halda bunu Ermənistana bağışlamayacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR