İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə “ölçü” işləri Tavuşdan başladı

Paşinyan “niyə şimaldan” deyib hay-küy salanlara parlamentdə cavab verdi

Məlum olduğu kimi, yanvarın 16-da Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın sədrlik etdikləri dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib.

Bildirilib ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər aparılması barədə razılığa gəliblər. Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Ermənistan müxalifət və revanşistlər isə delimitasiyanın şimaldan cənuba doğru aparılmasının təhlükəli olacağı barədə hay-küy qaldırıblar.

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin qaldırdığı məsələyə toxunub və “sərhədin delimitasiyası niyə şimaldan həyata keçirilir” sualına cavab verib: “Mən bir dəfə demişdim ki, Ermənistanın dövlət sərhədinin elə bir hissəsi olmayacaq ki, biz onu delimitasiya etməyək. Ermənistanın bütün sərhədləri Ermənistanın sərhəd rayonlarıdır. Şimal hissəyə gəlincə, bizim artıq bu sektorda delimitasiya olunmuş ərazimiz var. Kirants sahəsində delimitasiya aparılıb. Təhlükəsizliyin təminatı olan delimitasiya edilmiş ərazilərimiz var. Biz bu bölmələri monolit, inteqral etmək istəyirik ki, onlar seqmentli olmasın, yəni Berkaberdən Kirantsa, Bağanisdən Cucevana qədər...”

Paşinyan deyib ki, delimitasiyanın həmin ərazilərdən cənuba doğru davam etdirmək daha məntiqlidir.

Tavuş bölgəsində isə artıq  demarkasiya işlərinə başlanılıb. Bu barədə isə  “Hraparak” qəzeti yazıb. “Bəzi şəxslər Ermənistan-Azərbaycan-Gürcüstan sərhədlərinin kəsişməsində əraziyə baxış keçirir, bir neçə saat ərzində tərəflər ölçmə aparıblar”, - deyə məlumatda qeyd olunub. Tavuş qubernatorunun müavini Vahe Qalumyan isə sualdan yayınaraq bu barədə xəbəri olmadığını deyib.

Elşən MƏMMƏDƏLİYEV
,“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR