İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəd komissiyasının üçüncü toplantısı - Brüssel “göz yaşlarına inanmır...”

Avropa Birliyi əgər sərhədlərlə bağlı məsələdə səmimidirsə, gərəkdir ki, Ermənistanın yalançı göz yaşlarına inanmasın, real nəticə əldə etmək üçün ermənilərə təzyiq etsin

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclası noyabrın 3-də Brüsseldə keçirilib. Bu barədə razılaşma avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel,  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın  baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşdə əldə edilib.

Xatırladaq ki, komissiyanın buna qədər iki görüşü keçirilib. Sonuncu görüş sentyabrın 30-u Moskvada Rusiya baş nazirinin müavini Aleksey Overçukun da iştirakı ilə üçtərəfli formatda baş tutub. 

Moskvadan sonra Brüsseldə sərhəd məsələsi üzrə görüş yenə diqqəti Rusiya ilə Aİ-nin əsas moderatorluq uğrunda mübarizəsinə yönəldir. Azərbaycan həm şimal qonşusu, həm də Aİ ilə möhkəm qarşılıqlı faydalı əlaqələr qurub. Azərbaycanla Avropa İttifaqı arasında iyulun 18-də mühüm sənədin imzalanması Brüsselin bu məsələyə marağını və dəstəyini artıracağına ümid yaradır. Məhz Brüssel formatında keçirilən görüşlərin nəticəsi olaraq mayın 22-də Azərbaycan və Ermənistan liderləri görüş keçirdi və bu görüşdən bir gün sonra mayın 23-də sərhədlərarası prosesi nizamlamaq üçün xüsusi komissiya yaradılması qərarı verildi.  Brüssel əgər sərhədlərlə bağlı məsələdə səmimidirsə, gərəkdir ki, Ermənistanın yalançı göz yaşlarına inanmasın, real nəticə əldə etmək üçün ermənilərə təzyiq etsin. Əks halda, onlara da Rusiya kimi sərhədlərlə bağlı optimist olmağa imkan verməyəcək.

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

 Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə tezliklə konseptual razılığa gəlmək mümkündür: “Əlbəttə, başa düşürük ki, hətta xoş qonşuluq münasibətlərinə malik dövlətlər arasında belə delimitasiya və demarkasiya prosesinin tam şəkildə yekunlaşması mürəkkəb mərhələlərdən keçir. İndiki halda Azərbaycan-Ermənistan münasibətləri fonunda biz məsələnin çətinliyini anlayırıq, amma bu günə qədər əldə olunan ilkin təmaslar, xüsusən Praqa Zirvəsində və sonuncu Soçi görüşündə istinad olunan beynəlxalq hüquqi aktlar şans yaradır ki, ən qısa müddətdə konseptual razılığa gəlinsin.

Amma bu prosesdə Ermənistan nə qədər səmimidir? Sirr deyil ki, Moskva daha çox nəqliyyat kommunikasiya xətlərinə, Qərb, daha konkret desək, Avropa İttifaqı isə ilk növbədə beynəlxalq hüquq çərçivəsində sərhədlərin qarşılıqlı tanınması ilə yekun sülh müqaviləsinə fokuslanıb. Hər iki variant Azərbaycan üçün məqbuldur və biz bu yanaşmalara vahid sülh prosesinin ayrı-ayrı istiqamətləri kontekstindən yanaşırıq. Lakin məsələlərin çoxşaxəliyi fonunda İrəvanın bu prosesdə manipulyasiyasına yol vermək olmaz. Məsələn, bu gün Ermənistan Naxçıvanla Şərqi Zəngəzuru birləşdirən kommunikasiya layihəsi üçün Göyçə gölünün ətrafından, 200 km-dən çox uzanan və çətin relyefə malik ərazilərdən keçən yol təklif edir. Prinsipcə bəli, bu da Naxçıvana birləşən kommunikasiya xəttidir, amma bu qeyri-real və səmərəsiz layihə cəmi 44 km-lik rahat coğrafiyadan keçən Zəngəzur dəhlizinə alternativ ola bilərmi? Belə yol məsələn Çin üçün, Orta Asiya ölkələri üçün, Türkiyə üçün əlverişlidirmi? Aydın görünür ki, Ermənistan təklif xatirinə reallaşması mümkünsüz layihələrlə gündəlik formalaşdırmaqla manipulyasiya ilə məşğuldur və açığı inandırıcı deyil ki, Rusiya da, Brüssel də bunu başa düşməsin. Bu məsələdə Rusiyanın Ermənistana haqq qazandıracağı ağlabatan deyil. Qeyd edilən xəttin mümkün qədər şimala sürüşdürülməsi ideyası, İran sərhədlərindən uzaq olması konsepsiyasının İrandan qaynaqlanması şübhə doğurmur. Bu mənada Brüsseldə sərhəd prosesi də eyni məcrada təhlil olunmalı, söz yığını və İrəvanın boş, yaxud mümkünsüz vədləri Brüssel sərhəd gündəliyinin  mövzusu olmamalıdır. Avropa İttifaqı Şurasının bu günə qədər prosesdə tutduğu prinsipiallıq təqdirəlayiqdir və Azərbaycan rəhbərliyi tərəfindən dəfələrlə təqdir olunub, eyni zamanda İrəvan da cənab Mişelin mövqeyini konkret əsasda hüquqa zidd hesab edərək tənqid hədəfinə çevirə bilməyib. Avropa İttifaqında artıq yaxşı anlayırlar ki, sağlam və sabit Cənubi Qafqaz əslində elə İttifaq dövlətlərinin özlərinin milli təhlükəsizliyi üçün şərtdir, xüsusən dəyişən reallıqda Azərbaycan özü və Azərbaycanın yaratdığı güclü infrastruktur vasitəsi ilə Orta Asiya Avropanın enerji təhlükəsizliyinin əsas qarantlardan birinə çevrilməkdədir. Dəqiqləşdirilməmiş sərhədlər isə təcavüzkar ideologiyaya malik Ermənistan dövləti və onun radikal tərəfdaşı İranın mövcudluğu şəraitində daim təhlükə əxz edir. Bu mənada Brüssel üçün Avropa İttifaqının öz maraqlarını rəhbər tutmaqla Ermənistanın göz yaşları, uğursuz alternativ versiyaları yox, Azərbaycanın real və beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə söykənən çözümyönümlü təklifləri daha məqbuldur".

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı isə qeyd etdi ki, Brüssel masasında Azərbaycanın mövqeyi, xüsusilə post-münaqişə reallıqlarının tanınması baxımından qəbul edilir: “Bu masada Ermənistanın ümid etdiyi iki məsələ var. Birincisi, kommunikasiyanın açılması ”suverenlik prinsipi" əsasında olmasıdır, yəni Zəngəzurdan yolun “dəhliz məntiqi” ilə açılmasının qarşısını almaqdır. İkincisi, sərhədin delimitasiyasıdır. Qərb əvvəldən kommunikasiyanın “suverenlik prinsipi” ilə açılması mövqeyini dəstəkləyir. Sərhədin delimitasiyasında isə Ermənistanın “SSRİ-nin dağılması zamanı mövcud olan inzibati xətlər” mövqeyinə yaxın mövqe sərgiləyir. Praqada Alma-Atı bəyannaməsinə istinad da bu məqsəd daşıyırdı, hərçənd, bunun daha çox kağız üzərində qalacağını düşünürəm. Eyni zamanda, son sərhəd toqquşmasında Azərbaycanın dövlət sərhədini bərpa etmək istiqamətindəki addımları Qərb tərəfindən ittihamlarla qarşılanması da bu fikri gücləndirir. Azərbaycanın əsas mövqeyi SSRİ dövründə Ermənistana verilən ərazilərimizin də qaytarılması və Naxçıvanın Kərki, Qazaxın 7 kəndinin də delimitasiya prosesində həll edilməsidir. Bu xəritələr Rusiya Baş Qərargahında saxlanılır və istədiyimizi bu xəritələrlə ala bilərik. Ermənistanın delimitasiya məsələsini Qərb masasına köçürmək cəhdləri də buna görədir. Lakin Azərbaycanın mövqeyini dəyişmədiyini də bilirik. İstisna deyil ki, Brüsseldə sərhəd komissiyasının iclasında Qazaxın kəndləri də daxil olmaqla Ermənistanın nəzarətindəki ərazilərimizin qaytarılması məsələsini Bakı gündəmə gətirir. Ermənistanın bunu qəbul edəcəyi ehtimalı azdır, xüsusilə Qərb masasında. Fikrimcə, bu məsələlərin həlli uzanacaq və prosesi yeni toqquşmaya qədər apara bilər".

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov

Politoloq Tural İsmayılov cərəyan edən proseslərdən nikbindir: “Əslində Azərbaycanın qərarları və diktə etdiyi şərtlər bütün siyasi qütbləri qane edir. Demək olmaz ki, bununla xoşluqla razılaşırlar. Amma həm də ortada olan gerçəklik var. Yəni tərəflərin təklifləri geopolitik maraqları da qane etməlidir. Bütün dünya siyasi idarəetməsi bu ali prinsipin üzərində qurulub. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı haqlı tələbləri var. Ermənistan nə qədər manipulyasiya etsə də, üzərinə götürdüyü öhdəliklər var və onlara əməl etməlidir. Rusiya özünün manevr imkanları baxımdan da kommunikasiya məsələsinin daha tez reallaşmağını istəyir. Avropa İttifaqı Şurası və Şarl Mişel də bu mövzuda pozitiv mövqe qoyur. Məsələnin problemli tərəfi odur ki, bu siyasi güclərin heç biri Ermənistana ciddi-praktiki təsirlər etmirlər. Hətta hesab edirəm ki, Rusiyanın Ermənistana təzyiq imkanları Avropa İttifaqından da çoxdur. Ermənistan əvvəl-axır dəhlizə şərait yaratmalıdır, başqa yol yoxdur. Sadəcə əgər Zəngəzurda dəhliz olmayacaqsa, o zaman Laçında da dəhliz olmamalıdır. Proses bizim xeyrimizə hər bir formada işləyir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR