İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəd komissiyasının nəticəsi bilinməyən Moskva görüşü - masada o xəritələr var

Azərbaycan 1918-ci ildən sonrakı xəritələrə istinadın tərəfdarıdır

Avqustun 30-da Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası keçirilib. Görüş Rusiya Xarici İşlər Nazirliyinin qəbul evində baş tutub. İclasda Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev, Ermənistanı isə baş nazirin müavini Mher Qriqoryan təmsil edib. İclasdan öncə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk Şahin Mustafayev və Mher Qriqoryanla görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb. Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar. Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasının yeri də açıqlanıb. Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə olacaq.

“Rusiya baş nazir müavinlərinin həmsədrliyi ilə profilli üçtərəfli işçi qrup vasitəsilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məqsədilə Bakı və İrəvanla əyani işi davam etdirir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. O vurğulayıb ki, işçi qrup çərçivəsində Azərbaycanın, Ermənistanın suverenliyinə hörmət əsasında qurulacaq və bütün Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi rifahına xidmət edəcək konkret marşrutlar üzrə paket həll variantı razılaşdırılır.

Xatırladaq ki, bu, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı ikinci görüş idi. İlk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədində baş tutub. Komissiyaların effektli fəaliyyəti təbii ki, ən əvvəl hansı ortaq prinsiplərin əsas götürüləcəyindən asılı olacaq. Bu mənada masa üzərinə qoyacaq və hüquqi əhəmiyyət daşıyacaq xəritələr mühüm önəm kəsb edir. Azərbaycan tərəfi  bəyan edib ki, 1918-ci ildən bu yana bütün legitim xəritələrə istinad olunacaq. Rəsmi İrəvan isə sərhədlə bağlı “güzgü prinsipi”nin tətbiq edilməsini və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsini istəyir. Bu, Azərbaycan Ordusunun müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməsi və SSRİ dövründə otlaq-əkin sahəsi ilə ermənilərə verilən ərazilərin, o cümlədən anklavların Ermənistanda qalması deməkdir. Bunu Bakının qəbul etməməsi ilə yanaşı, sərhədlə bağlı ilkin razılaşmalara da uyğun deyil.

Eyni zamanda daha bir vacib məqam ondan ibarətdir ki, delimitasiya və demarkasiya prosesi tərəflərin bir-birinin ərazi bütövlüklərini tanımasından sonra həyata keçirilən hüquqi bir prosedurdur. Ermənistanın və Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanımalarına qədər bu işçi qrupun hansısa nəticəyə nail olması şübhə doğurur. Ekspertlər hesab edir ki, SSRİ mövcud olduğu dövrlərdəki xəritələr üzərində işin aparılması həm Ermənistanı, həm Azərbaycanı qane etməlidir və bu məsələdə çox ciddi mübahisələr mümkündür. Şübhəsiz ki, Ermənistan həm də bütün vasitələrlə sərhədlə  bağlı onsuz da uzun və üzücü prosesi daha da uzatmağa cəhd edəcək. Çünki Ermənistanın daxilindəki vəziyyət rəsmi İrəvanın bu prosesə həvəslə qoşulmasına və qəti qərarlar qəbul etməsinə mane olur.

Bu proses çoxmu uzanacaq və nəticəsi olacaqmı? Sərhədlər hansı dövrdə qəbul edilmiş xəritələrə əsasən müəyyənləşməlidir?

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, 30 avqustda görüş Rusiya tərəfinin moderatorluğu ilə keçirilib, eyni zamanda delimitasiya ilə bağlı məsələlər həm də rəsmi Bakı tərəfindən diktə olunur. Ümumiyyətlə, delimitasiya prosesi 10 noyabr üçtərəfli bəyanatında qeyd olunmayıb, lakin təhlükəsizliyə dair bir sıra önəmli məsələlər var ki, onlar milli maraqlarımız çərçivəsində öz həllini tapmalıdır. Bu xüsusda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da mühüm əhəmiyyət kəsb edir: “Düşünürəm ki, həm sərhədlərin müəyyənləşdirilməsi, həm də iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunması bir-birindən asılıdır. Lakin ilk növbədə Ermənistanın beynəlxalq səviyyədə tanınmış Azərbaycan sərhədlərini tanıması və suverenliyimiz kontekstində danışıqların davam etdirilməsi ən öncül prioritet hesab olunmalıdır. Azərbaycan və Ermənistan liderlərinin 31 avqustda Brüsseldə keçirdikləri sayca 4-cü görüş də bu məsələlərdə mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Azərbaycan tərəfi sərhədlərin müəyyənləşməsi məsələsində 1918-ci ildən bu yana olan xəritələrə istinad edilməsinin önəmini vurğulayır. Lakin hələ rəsmi açıqlanmayıb ki, masada konkret hansı xəritə var və ümumiyyətlə varmı. Azərbaycan artıq birtərəfli qaydada sərhədləri müəyyənləşdirmək üçün bəzi addımlar atıb. Bu proses ötən ilin mayında Qaragöl ətrafında baş verən hadisələrlə başlandı. Daha sonra bir qədər genişləndirildi”.

Ekspert vurğuladı ki, Azərbaycan tərəfi ölkəmizin ərazi bütövlüyünün Ermənistan tərəfindən qəbul edilməsi ilə yanaşı, həm də anklavlar məsələsinin həllini vacib hesab edir və burada Naxçıvanın Kərki kəndi, eləcə də Qazağın 7 kəndinin azad olunması əsas istiqamətlərdən biridir: “Burada həm də anklavlar məsələsində Gədəbəyin Başkənd kəndi ilə bağlı məsələyə də birdəfəlik aydınlıq gətirilməlidir. Çünki sərhədlərin nişanlanması və bölüşdürülməsi çox çətin bir proses olmaqla yanaşı, həm də üzücüdür, yorucudur. Bu baxımdan Azərbaycanın çox yaxşı təcrübəsi var. Həm Gürcüstanla, həm Rusiya ilə bu prosesin icraatı qənaətbəxş hesab olunur. Ermənistanla da bu prosesi həyata keçirmək mümkündür. İlk növbədə yuridiksiyamız daxilində məsələlər öz həllini tapmalıdır. Delimitasiya prosesi həm xəritələrin prioritetini önə çıxardır, eyni zamanda anklavlarla bağlı məsələnin də həll olunmasını özündə əks edir. Düşünürəm ki, bundan sonra artıq üç komissiya fəaliyyət göstərəcək. Həm iqtisadi-nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı, həm delimitasiya komissiyası, həm də sülh sazişi mətninin üzərində işləyəcək komissiya. Bütün diplomatik siyasi addımlar bölgədəki sülhü, təhlükəsizliyi və sabitliyi daha da möhkəmləndirməyə yönələcək. Təbii ki, Ermənistan daxilində bir sıra qüvvələr buna qarşı çıxır. Ermənistan daxilində yenidən alovlanmağa başlayan etiraz mitinqləri bu işartıları nümayiş etdirir. Azərbaycanın siyasi iradəsi, qətiyyəti və son dövrlər həyata keçirdiyi prinsipiallıq həm də diplomatik siyasi müstəvidə öz nəticələrini verəcək. Qarşıdakı hədəflərə çatılacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR