İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəd komissiyasının gözlənilən Moskva toplantısı - Brüssel kənarda qalır

Ekspertlərə görə, Moskva Azərbaycan və Ermənistanın öz aralarında vasitəçi olmadan danışıqlar aparmasını istəmir

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyalarının iclasının bu həftə Moskvada keçirilməsi planlaşdırılır.

Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib: “Sizi məlumatlandırmaq istərdim ki, azərbaycanlı həmkarımla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması mövzusunda danışmışıq. Və deyəsən, Aleksey Overçukla (Rusiya baş nazirinin müavini) kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var. Həmçinin Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq”.

Bəllidir ki, ötən ay Brüsseldə Avropa Birliyinin vasitəçiliyi ilə sərhədlərin dəqiqləşməsi ilə bağlı tərəflər arasında razılıq olmuşdu. Bu məzmunda görüşün Moskvada keçirilməsi Avropa Birliyini prosesdən bir qədər kənarlaşdırmaq anlamına gələ bilər? Sərhədlə bağlı komissiyanın Moskva iclasında Avropa Birliyinin iştirakını təmin etmək mümkündürmü?

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələr uzun müddətdir davam edir. Bu məsələ ilə əlaqədar Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşləri olub, ondan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa telefon danışıqları baş tutub, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşlər keçirilib: “Görüşlərdə razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası və demarkasiyası üçün komissiyalar yaradılsın. Komissiyalar artıq yaradılıb. Bu istiqamətdə fəaliyyət intensivləşəndən, xüsusilə də sülh sazişinin imzalanmasına hazırlıq barədə razılıq əldə olunandan sonra biz qəflətən Rusiyanın aktivləşməsini və prosesə ciddi şəkildə müdaxilə etməyə başlamasını gördük. Bu həm də onu göstərdi ki, artıq vasitəçilərin arasında rəqabət, mübarizə mühiti formalaşıb. Rusiya kənardan heç bir vasitəçinin, xüsusi olaraq Avropa Birliyinin vasitəçi kimi aktivləşməsini istəmir. Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasında Avropa Birliyinin vasitəçiliyini özünün maraqlarına qəsd kimi qəbul edir. Düşənbədə bu yaxınlarda keçirilən sammitdə Rusiya xarici işlər naziri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdi. Baxmayaraq ki, artıq bu nazirlərin hər ikisi heç bir vasitəçi olmadan da bir-biri ilə telefon əlaqəsi saxlaya və danışıq apara bilirlər. Əslində bu mərhələyə gəlib çatmaqda Brüsselin vasitəçiliyinin rolu oldu. Ancaq biz görürük ki, Moskva Azərbaycan və Ermənistanın öz aralarında vasitəçi olmadan belə, danışıqlar aparmasını istəmir. Rusiya ancaq özünün vasitəçi kimi iştirakının təmin edildiyi prosesin getməsini istəyir. Rusiyanın vasitəçiliyi ilə aparılan prosesin isə ortaya real nəticələr qoymadığı göz önündədir. Məsələn, Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyiş görmürük. Azərbaycan tərəfi dəhlizin inşası ilə bağlı öz ərazisində xeyli işləri reallaşdırıb, amma Ermənistan tərəfi hər hansı bir iş görməyib. Rusiya isə Ermənistana buna görə təsir göstərmir”. 

Moskvada görüş keçiriləcəyi barədə deyilənlərə gəlincə, politoloq xatırlatdı ki, əslində artıq öncədən Azərbaycan tərəfi bəyan etdi ki, komissiyaların Moskva görüşü olmayacaq. Bu tarixlərdə həqiqətən də görüş olmadı. Ancaq ola bilsin ki, bu həftə ərzində görüş baş tutacaq: “Moskvada görüş keçirilsə, orada Avropa Birliyinin də təmsil olunması inandırıcı görünmür. Rusiya buna imkan verməyəcək. Çox ehtimal ki, Brüssel bundan sonra da ayrıca olaraq hansısa görüş təşəbbüsləri ilə çıxış edəcək və bunu reallaşdıracaq, az sonra Moskva o prosesə müdaxilə edəcək və vasitəçi kimi liderliyi öz əlində saxlamağa çalışacaq. Çox güman ki, uzun müddət bu cür xoşagəlməz proseslə rastlaşacağıq. Hiss olunur ki, Azərbaycan bu gedişatı, bu problemi gözardına alıb. Gördüyü müəyyən tədbirlər bunun sübutudur. Məsələn, alternativ Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan qəflətən İranla memorandum imzaladı. Yəni Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə, bu layihələrdən kənarda qalacaq və itirən yenə Ermənistan olacaq”.

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə Brüssel anlaşmasına görə ikitərəfli komissiya aprelin sonunda təsis edilməli idi. Göründüyü kimi, Moskva prosesi öz nəzarətinə almaq niyyətindədir: “Və bunu açıq şəkildə qeyd edir ki, Brüsselin fəaliyyətindən narazıdır. Ermənistan tərəfi də ötən həftə öz təkliflərini irəli sürüb. Moskvada XİN rəhbərlərinin keçirilən görüşündə müsbət nəticənin əldə olunmasını gözləmirəm. İlk növbədə Rusiya hazırda Azərbaycanla Ermənistan arasında yaxınlaşmanı qəbul etmir və prosesi öz nəzarətində uzatmağa çalışır. Təbii ki, Azərbaycan və Ermənistan üçün ən optimal variant Brüsselin vasitəçiliyidir. Rusiya və Avropa Birliyi arasında biz indiki siyasi vəziyyəti gördükdə Moskvanın Brüsseli kənarda saxlamaqda israrlı olacağı proqnozlaşdırıla bilər. Müharibədən sonra Moskvanın iştirakı ilə əldə olunan yazılı razılaşmalar demək olar ki, kağız üzərində qalıb. Ona görə də indiki halda XİN rəhbərliyi deyil, komissiya üzvləri görüşməli idi. Ermənistanın Azərbaycana verdiyi cavab təkliflərinə baxdıqda görürük ki, rəsmi İrəvan prosesi pozmaqda davam edir və Moskva görüşündə maraqlıdır”.

Ekspertin fikrincə, Brüsselin vasitəçiliyini Ermənistan və Rusiya kölgədə qoyarsa, Avropa Birliyi  Ermənistana təzyiq edə bilər: “Moskvanın vasitəçiliyi səmərəsizdir və sülhə xidmət etmir. Avropa Birliyi  və Rusiya arasında Cənubi Qafqazda açıq rəqabət gedir.  Ermənistan da ona görə qeyri-məqbul təkliflərlə prosesi uzadır. Demək olar ki, Ermənistan apreldə əldə olunan razılaşmaları pozur. Bundan isə Moskva məmnundur. Amma Rusiya taktiki cəhətdən Brüsseli uzaqlaşdıra bilər. Strateji cəhətdən isə Avropa Birliyi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına töhfə verəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR