Onlayn ictimai-siyasi qəzet
Ekspert: “İsrail şirkəti Azərbaycanda süni yağış yaradılması üçün çalışırdı”
COP29 ərəfəsində Azərbaycanda təbii olaraq suyun təhlükəsizliyi ilə bağlı müzakirələr də artır. ACWA Power Qlobal Su Duzsuzlaşdırma şöbəsinin rəhbəri Udyan Set Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 2-ci günündə çıxışı zamanı deyib ki, Azərbaycanda su təhlükəsizliyi çox ciddi şəkildə regional əməkdaşlıqdan asılıdır. (APA)
O bildirib ki, Azərbaycanda su paylanma sistemi tam tarazlı qurulmayıb. Ona görə də bəzi bölgələrdə su çatışmır, bəzi bölgələrdə çoxdur. Azərbaycanda yağış və təbii su hövzələri azdır.
“Biz dayanıqlı həll ortaya qoyub, suya olan tələbatı qarşılamaq üçün innovativ texnologiyalar tətbiq etməliyik. Suyun duzsuzlaşdırılması bu resursa ehtiyacı olan bölgələr üçün çox mühüm həll yolu kimi tapılmışdı. Suyun duzsuzlaşdırılmasında texnoloji yeniliklərdən biri enerji istehlakının və kapital xərcinin azaldılmasıdır. Çünki duzsuzlaşdırma üçün ciddi maliyyə vəsaitinə ehtiyac var”, - deyə o qeyd edib.
Azərbaycanda su təhlükəsizliyi ilə bağlı məsələdə regional əməkdaşlığın vurğulanması təsadüfi deyil. Bəllidir ki, Kür əsasən Gürcüstanda, Xəzərin əsas qidalandırıcısı olan Volqa çayı isə Rusiyada “boğulur”. Bir çox çaylarımızı, o cümlədən Arazı isə Ermənistan çirkləndirir, təbii axınını qəsdən dəyişir və s.
Bu problemlərin həlli üçün hansı addımları atmaq olar, məsələni necə tənzimləmək olar?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat”a bildirdi ki, dünyada bir çox ölkənin su ehtiyatı transsərhəd çaylarının hesabına formalaşır. Ekspert Azərbaycanın su ehtiyatının 70 faizinin transsərhəd çaylarının hesabına formalaşdığına diqqət çəkdi: “Bu bizi qonşu ölkələrdən asılı vəziyyətə salır. Ölkələrdə su qıtlığının yaranmaması üçün beynəlxalq konvensiyalar mövcuddur. Bu baxımdan Azərbaycanda yaxın zamanda su ilə bağlı böhranın yaranacağını ehtimal etmirəm. Kifayət qədər yeraltı su ehtiyatlarımız var. Ən önəmli problem su ehtiyatlarından doğru istifadə edilməməsidir. Yağış, suvarma sularının düzgün istifadə edilməməsi də ciddi problemdir. Xüsusilə suvarma sahəsində sudan düzgün edilməməsi inhisarçılığın nəticəsidir. Kür çayının yuxarı axarından gələn su aşağı axara demək olar ki, çatmır. Ceyrançöl kimi geniş ərazidə əkin sahələri çoxalır, Kür çayının suyu da əraziyə axıdılmaqdadır. Selləmə suvarma sistemimiz köhnədir. Fikrimcə, dövlət fermerləri təşfiq etməklə bərabər, xüsusi subsidiyalar ayırmalıdır. Kür-Araz ovalığında qrunt sularının səviyyəsinin qalxması, şoranlaşma olacağı ehtimal edilirdi. Mil-Muğanda biz bunu artıq müşahidə edirik”.
Qorxmaz İbrahimli
Ekspert sudan düzgün istifadə üçün tövsiyələr verdi: “İnsanlar suya qənaət etməyi öyrənməlidirlər. Böyük şəhərlərdə su daha çox istifadə olunur. Mənzillərdə sensorlu su kranının olması suya qənaət etməyə kömək edə bilər. Bu kimi qurğuları idxal edən şirkətlərə vergi güzəştləri tətbiq etmək və vətəndaşların bu qurğulardan istifadəsini təşfiq etmək olar. Digər tərəfdən, su təsərrüfat sisteminin tamamilə yaxşı vəziyyətdə olmaması da ciddi amildir. Suyun təkrar istifadəsi üçün sistemin qurulması da məqsədəuyğun olar. Regionlar inkişaf etdirilərsə, əhalinin bir qisminin Bakıdan köçməsi stimullaşdırılarsa, paytaxta uzaq məsafədən bahalı su gətirilməsinə (borular vasitəsilə) ehtiyac qalmaz. Qrunt sularının üzərində müəyyən qurğular quraşdırmaqla texniki su kimi istifadə etmək olar. Nəzərə alsaq ki, qrunt sularının axdığı ərazilər su qıtlığı olan ərazilərdir, insanlar bu sudan texniki su kimi istifadə edə bilərlər. Şirvan, Qarabağ kanalları köhnəlib, bu da su itkisinə səbəb olur. Bu kanallar yenilənməli, müasir standartlara uyğunlaşdırılmalıdır. Digər kanallar da hökumətin ciddi sərmayəsi ilə yenilənməlidir.
Q.İbrahimli Ermənistan tərəfindən çayların çirkləndirilməsinə belə münasibət bildirdi: “Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalandıqda normal qonşuluq şəraitində yaşayacağımıza ümid edirəm. Belə olan təqdirdə kimyəvi tullantılar Araz çayına axıdılmayacaq. Yeri gəlmişkən, son zamanlar Xəzər suyunun duzsuzlaşdırılaraq istifadə olunması layihəsi haqqında danışılır. Şəxsən mən buna qarşıyam, çünki Xəzər zatən çəkilməkdədir. Digər tərəfdən, Xəzərin suyunun duzsuzlaşdırılması ucuz layihə deyil. Dəniz suyunun şirinləşdirilməsi İsraildə, Birləşmiş Ərəb Əmirliklərində gerçəkləşdirilir. Bu, maya dəyəri yüksək olan, böyük maliyyə tələb edən layihədir. Azərbaycanda belə bir layihəyə ehtiyac görmürəm. Türkiyənin bir çox şəhərləri yalnız yağış sularının hesabına su ilə təmin olunur. Bakıdan fərqli olaraq, heç bir şəhərdə saatla su verilmir. Hesab edirəm ki, çıxış yolu əhalinin su bol olan ərazilərdə yaşayışının təmin edilməsi, doğru ərazilərdə su anbarlarının yaradılması, yağış suyundan istifadədir. Yeri gəlmişkən, son zamanlar Azərbaycanda süni yağış haqqında da danışılmağa başlayıb. Bizdə olan məlumata görə, hökumətin heç bir hesabatında bu barədə məlumat yoxdur. Məlumata görə, İsrail şirkəti süni yağış yaradılması üçün çalışırmış. Xatırlayırsınızsa, Dubay şəhərində süni yağış nəticəsində sel yarandı. Süni yağış yaratmaq üçün raketlər, yaxud qırıcı təyyarələr vasitəsilə müxtəlif buludlar seçilir və yağış "yaradılır". Bunun özü də bahalı layihədir. Hələ 1946-cı ildə İsraildə bu, həyata keçirilib. Düşünürəm ki, bu, lazımsız layihədir. İqlim dəyişikliyi ilə əlaqədar Azərbaycanda ciddi problemlər gözlənilmir. Biz səhralaşmaya qarşı mübarizə aparmalı, yaşıllıqların, meşə zolaqlarının salınması üçün çalışmalıyıq. Bakı şəhərini beton yox, yaşıl şəhərə çevirməliyik ki, suya ehtiyacımız qismən də olsa, azalsın".
Q.İbrahimli əlavə edib ki, su probleminin həlli üçün xüsusi memoranduma ehtiyac yoxdur: “Ermənistanla sülh müqaviləsi imzalandıqda bütün problemlər, o cümlədən su problemi həllini tapacaq”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ