Onlayn ictimai-siyasi qəzet
Fazil Mustafa vitse-spiker, Tural Abbaslı və Pənah Hüseyn isə...
İyulun 15-də Mərkəzi Seçki Komissiyasının icası olub. İclasda sədr Məzahir Pənahov bildirib ki, indiyə qədər 431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 261 nəfərin namizədliyi təsdiqlənib, onlardan 213 nəfərə imza vərəqi verilib. 9 nəfər imza vərəqələrini dolduraraq geri qaytarıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Azpolitika.info-ya müsahibəsində növbədənkənar parlament seçkiləri ilə bağlı da ilginc fikirlər səsləndirib. O, partiya Məclisinin seçkilərdə iştirak qərarı verdiyini və təxminən 25-ə yaxın partiya üzvünün namizədliyinin irəli sürüldüyünü deyib. “Mən namizədliyimi 5 saylı Şahbuz- Kəngərli - Babək Seçki Dairəsindən irəli sürmək istəyirdim. Bunu elan etdikdən sonra mənə çoxsaylı zənglər gəldi. Bilirsiniz, mən Xalq Cəbhəsinin rəhbəri olmuşam, həkim kimi çalışmışam. Bu regionda demək olar ki, məni tanımayan, sevməyən adam yox dərəcəsindədir. Təkcə öz kəndimizin səsi mənim qalib gəlməyim üçün kifayət edir. Ümumiyyətlə, seçkidə şəxsən öz iştirakımla bağlı tərəddüdlərim var. Yəqin ki, bir-iki gün ərzində mövqeyimi açıqlayacam”, - deyə o bildirib.
Partiya sədri daha sonra iddia edib ki, yeni seçkilərdən sonra parlamentin tərkibi 90 faiz dəyişməyəcək. “Kimlərin dəyişəcəyini ehtimal edirsiniz”sualına isə belə cavab verib: “Biri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. REAL partiyasından iki nəfər, AG Partiyadan da bir nəfərə deputatlıq verəcəklər. Müsavatdan da iki nəfər olacaq”. O, AXP sədri Pənah Hüseynin mandat ala bilməyəcəyini də iddia edib. Parlament rəhbərliyinə gəlincə, ADP sədrinə görə, vites-spiker Fəzail İbrahimlinin yerinə Fazil Müstafa keçəcək.
Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bütün seçkilər ərəfəsində belə proqnozlar, fikirlər gündəmdə olur və bunların heç bir ciddi əsası yoxdur: “Bu gün məni daha çox düşündürən parlament seçkilərində iştirak edib uğur qazanmaqdır. Ona görə də başqa ssenarilər, başqa variantlar, açığı, məni düşündürmür. İndi hər kəsin öz mülahizəsi var, bu mülahizələr kimin üçünsə həqiqətə uyğun hesab olunur, kimin üçünsə deyil. Amma məncə, belə mövzuda danışmaq, ümumiyyətlə, erkəndir. Hələ parlament formalaşmamış hər hansı vəzifə bölgüsü aparmaq etik də deyil. O baxımdan da bu məsələlər məni düşündürmür. Mən ümid edirəm ki, elə Fəzail müəllim kifayət qədər təcrübəli, kifayət qədər səviyyəli və səmimi bir millət vəkilidir, mənim də dostumdur. Ona görə də elə öz dövlətçiliyimizə xidmətini bu cür davam etdirəcək. Ona görə də məsələlərin bu cür gündəmə gətirilməsi heç bir əsasa dayanmır və sadəcə, subyektiv mülahizələrdir”.
Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, partiya sədri kimi Sərdar Cəlaloğlunun o cür fikirlər işlətməsi əslində siyasi baxımdan düzgün deyil: “Deyir ki, filan partiyalara deputat yerləri veriləcək. Mən bilən deputatı axı xalq seçir, deputat seçilir. Milli Məclis seçki ilə formalaşırsa, istənilən partiya bir mandat da, iki mandat da və daha çox mandat da əldə edə bilər. Kim verir bu deputat yerlərini? O fikri işlədən siyasətçilər desinlər, biz də bilək. Mən o cür fikirlərə, proqnozlara ciddi yanaşmıram. Sərdar bəydən soruşmaq lazımdır ki, haradandır onda bu məlumat”.
MSK isə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarlara başlayıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, ümumrespublika miqyaslı layihə qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.
Layihənin açılışı və ilk seminar iyulun 15-də komissiyanın inzibati binasında MSK sədrinin müavini Rövzət Qasımovun giriş nitqi ilə başlayıb. Tədbirdə MSK nəzdində ekspert qrupunun üzvləri, katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, o cümlədən Bakı və ətraf rayonların 52 seçki dairəsi üzrə dairə seçki komissiyalarının müraciətlərin araşdırılmasına məsul olan 156 ekspert iştirak edib.
Seminarda MSK nəzdində ekspert qrupunda təmsil olunan komissiya üzvlərinin seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına dair təqdimatları dinlənilib.
İyulun 15-də MSK-nın iclasında növbədənkənar parlament seçkilərində Müasir Müsavat, Azərbaycan Demokratik Maarifçilik və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.
MSK iclasında həmçinin növbədənkənar parlament seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydasına dair məsələ də müzakirəyə çıxarılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə mövcud seçki qurumlarının sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə hər bir seçki komissiyası üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ