İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılardan Azərbaycana hava terroru - Moskva susur, Bakının səbri isə...

“Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin son açıqlamasında deyilir.

Bildirilib ki, iyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 10:49-dan 11:16-dək, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli sərnişin təyyarəsinə saat 14:48-dən 15:25-dək və iyulun 27-i Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 14:08-dən 14:30-dək və saat 15:04-dən 15:26-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

“Bu faktlar və əvvəllər baş vermiş eyni hadisələr barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfimizdən məlumatlandırılıb. Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən bu günədək heç bir tədbir görülməyib”, - məlumatda deyilir.

Qeyd edək ki, səhih informasiyalara görə, hava uçuşlarına radio-maneələr yaradan qurğular Rusiya sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Xocalıda, hava limanında yerləşdirilib və separatçıların ixtiyarına verilib.

Bakının bundan sonrakı addımları nə ola bilər?

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

Emin Həsənli: “Qazaxdan Naxçıvana qədər bufer zona yarada bilərik”

Hərbi ekspert Emin Həsənli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib və öhdəlikləri yerinə yetirməyib: “10 noyabr bəyanatına görə Rusiya sülhməramlıları gələn kimi oradan erməni silahlı birləşmələri çıxıb getməli idi. Buna həm Rusiya Prezidenti, həm Azərbaycan Prezidenti, həm də Ermənistanın baş naziri imza atıb. Necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan dövləti yerinə yetirir, 44 günlük Vətən müharibəsində bu bəyanatın şərtlərini də Azərbaycan dövləti yerinə yetirəcək və separatçılar oradan getməlidir. Azərbaycan bayrağı Şuşada, Laçında dalğalandığı kimi Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda dalğalanmalıdır. Oradan separatçılar getməlidir. Ermənilər də vaxtında Azərbaycan vətəndaşı olub, Azərbaycana qarşı cinayət törətməmiş ermənilər ya qalıb yaşamalıdır, ya da çıxıb getməlidir. Burada başqa variant ola bilməz. Digər məsələlər detallardır. Erməni silahlı birləşmələri atəşi pozacaqlar, təxribat törədəcəklər, müxtəlif cinayətlər törədəcəklərsə, onlar ərazilərimizdən çıxıb getməlidirlər. Yəni hava məkanlarında törətdikləri cinayət kimi beynəlxalq hüquqla ən ağır cinayətlər törədiblər. Xocalıda, Meşəlidə soyqırımı, tarixi abidələrin məhv edilməsi, azad olunan ərazilərdə daş-daş üstdə qalmayıb”. Ekspert qeyd edir ki, Ermənistan Azərbaycan sərhədində isə təxribatlar dayanmasa, qardaş Türkiyənin təcrübəsindən yararlanmaq lazımdır: “Türkiyə necə  Suriya ərazisində bufer zona yaratdı, biz də  Qazaxdan Naxçıvana qədər 15-20 kilometr Qərbi Azərbaycan torpağı sayılan yerdə bufer zona yarada bilərik, Azərbaycan ordusu ora nəzarət etsin. Yoxsa Ermənistan bu gün sakitləşir, sabah başqa təxribatlar törədir. Hər ay deyir ki, bu ilin sonu sülh imzalanacaq, il gəlib başa çatıb, amma konkret heç bir addım atmır. İndi Laçın postu qoyulub, erməni hərbçiləri artıq oradan keçə bilməyəcəklər. Onların qarşısını Azərbaycan ordusu alacaq. Ancaq separatçıların orada qalması və sülhməramlıların onları himayə etməsi təəssüf doğurur”.

Ekspert əlavə edib ki, bu həm beynəlxalq hüquqa ziddir: “Həm də keçən ilin fevralında biz Rusiya ilə müttəfiqlik sazişi imzalamışıq. Bu, sazişin ruhuna da ziddir. Rusiya olan-qalan nüfuzunu da itirir. Bu, dırnaqarası sülh yaratma missiyasında son şanısıdır. Az bir zaman qalıb, onlar çıxıb gedəcəklər.  Hər an Azərbaycan dövləti dəfələrlə etirazını bildirib ki, bura Azərbaycan ərazisidir və kəskin şəkildə məsələləri ortaya qoya bilər. Bunu Rusiyanın siyasi, hərbi rəhbərliyi də nəzərə almalıdır. Rusiya bəyanatın şərtlərinə yerinə yetirməlidir. Yerinə yetirməsə, Azərbaycan dövləti və onun silahlı qüvvələri yerinə yetirəcəklər”.

Qalib orduda neqativ hallar

Alp Arslan İmamqulu: “Tez bir zamanda irimiqyaslı antiterror əməliyyatı keçirərək məsələyə son qoyulmalıdır”

Hərbi ekspert Alp Arslan İmamqulu də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, hava məkanımızda törədilən təxribatlar terrorizmin fəsadlarıdır: “Necə ki, terrorist qüvvələri tərksilah edilməlidir, bu birmənalı olaraq sübuta yetirilib. Çünki onlar yerüstü məkanda müxtəlif cinayətlər törətməklə kifayətlənməyib, arxasınca hava məkanında uçan sərnişin təyyarələrinə qarşı  öz təxribatlarını törətməkdədirlər. Bu mövzu ilə əlaqədar dəfələrlə Azərbaycan tərəfi öz iradlarını bildirsə də, sülhməramlılar heç bir iş görməyib. Necə ki, yerüstü məkanda bir sıra terror aktlarının törədilməsini Rusiya sülhməramlı qüvvələrinin nəzərinə çatdırılmasına baxmayaraq, heç bir tədbir gömürlər. Bu o deməkdir ki, ərazi bütövlüyümüz adına risk faktoru daha da artmaqdadır. Tez bir zamanda irimiqyaslı  antiterror əməliyyatı keçirərək məsələyə son qoymaq lazımdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR