 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Son günlərdə The Maltese Herald adlı Malta mənşəli, blog formatlı portalın adını daha çox eşidirik. Amma təəssüf ki, bu portalın səsi azad mətbuatın deyil, separatçı qüvvələrin manipulyasiyanın səsidir. Alkagesta haqqında apardığı və “araşdırma” adlandırdığı kampaniya, əslində, açıq şəkildə erməni separatizminin və qondarma “Artsax” ideologiyasının təbliğatına xidmət edən, azərbaycanlılara qarşı qərəzli bir informasiya hücumudur.
Təəssüf ki, bu portalın fəaliyyəti azad mətbuat prinsiplərinə deyil, manipulyativ və qərəzli narrativlərin yayılmasına xidmət edir.
Maraqlıdır ki, The Maltese Herald özünü “söz azadlığının keşikçisi” kimi təqdim etsə də, yazılarında bir ölkəni — Azərbaycanı — sistemli şəkildə hədəf seçib, separatçı ermənilərin informasiya platformasına çevrilib. “A National UNESCO Commission whitewashing Azerbaijan’s ethnic cleansing” və “Europe’s reliable partner expels 100,000 Armenians from their homes” kimi başlıqların arxasında jurnalistika yox, ideoloji yönümlü düşmənçilik dayanır. Bu cür “məqalələr”də nə sənədli sübut var, nə ekspert rəyi, nə də fakt balansı.
Əgər “araşdırma jurnalistikası” iddiasındasansa, niyə yalnız bir tərəfin mövqeyini işıqlandırırsan? Niyə Azərbaycanın Qarabağda illərlə davam edən işğal və deportasiyalara son qoymaqla ərazi bütövlüyünü bərpa etdiyini qeyd etmirsən? Niyə separatçıların 30 il ərzində həyata keçirdiyi etnik təmizləmələr və işğal siyasəti barədə susursan?
Əslində, The Maltese Herald cavabında özünü ifşa edir. Portal deyir ki, “bizim üçün əhəmiyyətli olan etnik mənsubiyyət deyil”. Amma eyni abzasda azərbaycanlılara qarşı “irqçiliyə dair ittihamları” ironik şəkildə təkzib edir və sonra öz mövqeyini “Artsaxda ermənilərə qarşı etnik təmizləməyə qarşı dayanmaq” kimi əsaslandırır. Yəni faktiki olaraq, etnik və siyasi tərəf tutduğunu özü etiraf edir. Bu, obyektiv jurnalistikanın yox, radikal düşüncəli, aktivist təbliğatın üslubudur.

Üstəlik, portalın açıqlamasında “Azərbaycanın Artsaxda və Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə apardığı barədə verdiyimiz xəbərin arxasındayıq. Hesabatımız doğrudur.” – deyə bildirməsi, The Maltese Herald-ın bir daha özünü ifşa etməsinə xidmət edib. Bu cümlə açıq şəkildə göstərir ki, redaksiya balanslı araşdırma deyil, siyasi mövqe yürüdür və separatçı ritorikanı müdafiə edir.
Daha da maraqlısı odur ki, qərəzli müəllif öz “araşdırmasında” əvvəlcə Alkagesta-nın guya Liviyadan neft daşımaları həyata keçirdiyini iddia edir, sonra isə mövzunu dəyişərək Rusiya ilə neft ticarəti məsələsinə gətirir. Məqsəd aydındır – diqqəti yayındırmaq, faktları təhrif etmək və Malta mənşəli şirkəti siyasi ittihamlarla gözdən salmaq.
Amma bazar araşdırmaları və rəsmi məlumatlar açıq şəkildə göstərir ki, Alkagesta şirkəti yarandığı gündən bu günə qədər xam neftin alqı-satqısı ilə məşğul olmayıb. Yəni, Alkagesta şirkəti yarandığı gündən bu günə qədər nə Azeri Light, WTI və ya Brent kimi brend markalı, nə də digər hər hansı xam neft növləri ilə ticarət etməyib. Alkagesta emal olunmuş neft məhsullarının — yəni zavodda emal edilən yanacaq, mazut və digər enerji komponentlərinin satışını həyata keçirir. Buna baxmayaraq, The Maltese Herald qərəzli şəkildə faktları manipulyasiya edir və ictimai rəyə təhrif olunmuş məlumat ötürür.

Həm də diqqətçəkicidir ki, bu portalın müəllifi Mark Camilleri dəfələrlə Malta məhkəmələrində böhtan, təhqir və məlumat saxtalaşdırmaq ittihamları ilə cərimələnib. “Times of Malta”, “MaltaToday”, “Newsbook” və digər etibarlı mənbələrdə onun haqqında çıxan məhkəmə xəbərləri bunun bariz sübutudur. Belə bir şəxsin “söz azadlığı” pərdəsi altında siyasi manipulyasiya aparması, özü-özlüyündə jurnalistikanın prinsiplərinə təhqirdir.
The Maltese Herald-un arqumentləri bir növ “müxalif informasiya istehsalı”na çevrilib — faktların yerini emosiyalar, sənədlərin yerini şayiələr, balansın yerini isə stereotiplər tutub. Alkagesta-nı fərqli bəhanələrlə hədəfə almaq, əslində, Azərbaycanlıların beynəlxalq miqyasda formalaşan müsbət imicinə kölgə salmaq cəhdidir.
Halbuki, bu gün Azərbaycan regionun enerji təhlükəsizliyində mühüm tərəfdaşdır, Avropanın enerji bazarına şəffaf mexanizmlərlə inteqrasiya olunub və heç bir sanksiya pozuntusunda adı hallanmır. Amma The Maltese Herald kimi portallar bu reallığı təhrif edir, beynəlxalq ictimaiyyətə Azərbaycanın uğurlarını “təhqiramiz ritorika” ilə təqdim edir.
Unudurlar ki, Azərbaycan artıq Ermənistanla sülh müqaviləsini paraflayıb və yaxın zamanda tam sülh sazişi imzalanacaq. Yəni bölgədə yeni dövr başlanır — əməkdaşlıq, sabitlik və qarşılıqlı tanınma dövrü. Amma The Maltese Herald kimi radikal düşüncəli jurnalistlər bu prosesə kölgə salmağa çalışır, regionda sülhün bərqərar olmasından narahat görünürlər.

Görünür, bu portal üçün əsas məqsəd faktları yox, fərziyyələri “satmaqdır”. Onun redaksiya xətti bir çox hallarda qondarma “Artsax” ideologiyasına və separatçıların siyasi maraqlarına xidmət edir.
Separatçılığa qarşı mübarizə beynəlxalq hüququn tələbidir, jurnalistikanın alətinə çevrilməməlidir.
Belə olan halda, The Maltese Herald-ın “araşdırmaları” yalnız bir məqsədə xidmət edir — Azərbaycanın haqlı mövqeyini gözdən salmaq, separatçılara informasiya dəstəyi vermək və beynəlxalq ictimai rəyi çaşdırmaq.
Amma nə qədər çalışsalar da, bu cür qərəzli səs-küylər faktları dəyişə bilməz.\\gundem24.az
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ