Onlayn ictimai-siyasi qəzet
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Pasdaran” Telegram kanalı növbəti dəfə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Bu dəfə kanal yalan məlumat yayıb ki, guya “sionistlərə xidmət edən Azərbaycan hakimiyyəti xalqı ən mühüm mənəvi dəyərlərindən olan Aşuradan məhrum etməyə çalışır”. Hətta Aşuranın tarixi ilə bağlı saxta dəyişikliklər edildiyi iddia olunub. Eyni zamanda erməni mediası da İranın bu əsassız təbliğatını geniş şəkildə tirajlayıb.
Bundan başqa, Qafqaz üzrə ekspert olduğunu iddia edən İranlı Ehsan Movahedian adlı şəxsin də Aşura mövzusunda Azərbaycana qarşı iftira və böhtan kampaniyasından geri qalmadığı müşahidə olunur. O, növbəti dəfə ölkəmizə qarşı nalayiq ifadələr işlədib, öz şəxsi arzusunu həqiqət kimi təqdim etməyə çalışıb.
Qeyd etmək lazımdır ki, Aşura müsəlmanlar üçün hüznlü Məhərrəm ayının 10-cu günüdür və Kərbəla faciəsi ölkəmizdə də böyük ehtiramla yad edilir. Bu il də Azərbaycanda məscidlərdə əzadarlıq mərasimləri, ehsan paylanması və qanvermə aksiyaları keçirilmişdir. Bu xoş niyyətli tədbirlər ölkənin bütün bölgələrində, o cümlədən Ağdamın "Cümə" məscidində və Şuşanın "Yuxarı Gövhər Ağa" məscidində təşkil olunub.
Yəni Azərbaycanda heç bir qadağa və ya şiə məzhəbinə mənsub insanları narazı salan addım atılmayıb. Buna baxmayaraq, SEPAH-a yaxın media və sosial şəbəkə platformaları Azərbaycana qarşı böhtan kampaniyasını davam etdirir, Bakı-Tehran münasibətlərinə zərər verən təxribatlar törədir.
Xüsusilə İran prezidentinin Xankəndinə səfəri və Azərbaycanın dövlət başçısının ona “öz vətənindəsən” deməsi kimi müsbət addımlar fonunda SEPAH teleqram kanallarının yalan məlumat yayması ikitərəfli əlaqələrə ağır zərbə vurur. Üstəlik, nəzərə almaq lazımdır ki, işğal dövründə məscidlərimizi dağıdan qüvvələrin mediası indi şiə icmasının “dərdini çəkən” obrazı yaratmağa çalışır.
Suallar yaranır: SEPAH və Movahedian kimi bədniyyətli şəxslər niyə Azərbaycan-İran əlaqələrinin yaxşılaşmasına əngəl törədirlər? Aşura ilə bağlı saxta məlumatların yayılmasında onların əsas məqsədi nədir?
Bu cür təxribatlar həm Azərbaycanın milli-mənəvi dəyərlərinə, həm də regionda sülh və əməkdaşlıq mühitinə ciddi zərbə vurur. Azərbaycanda dini azadlıqlar və milli-mənəvi ənənələr yüksək səviyyədə qorunur, bu barədə ətraflı faktlar və nümunələr mövcuddur. SEPAH-ın və ona bağlı qüvvələrin yalan və böhtan kampaniyaları isə, əksinə, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün təhdid mənbəyidir.
Rəsul Mirhəşimli
Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O bildirib ki, Azərbaycanda əsrlərdir Kərbəla faciəsinin matəmi dərin dini hisslərlə və xalqımızın mənəvi birliyi çərçivəsində qeyd olunur: “Aşura günü Hz. Hüseynin (ə) və əqidədaşlarının haqq uğrunda şəhadəti Azərbaycan müsəlmanlarının mənəvi yaddaşının ayrılmaz hissəsidir. Bu müqəddəs günlə bağlı mərasimlər nəinki fərdi inancların ifadəsi, eyni zamanda xalqımızın dini, milli və mənəvi dəyərlərinə sadiqliyinin nümunəsi olaraq nəsildən-nəslə ötürülür. Belə bir səmimi və oturuşmuş ənənəyə kənardan edilən müdaxilə cəhdləri, xüsusilə də təhrif və yalanlar əsasında aparılan təbliğat, təkcə gerçəkliyə qarşı hörmətsizlik deyil, həm də dini hisslərin siyasiləşdirilməsi kimi qınanmalı haldır.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycana qarşı yönəlmiş növbəti əsassız ittihamlar xoşagəlməz təbliğatın növbəti bariz nümunəsidir. Qeyd etməliyik ki, bu cür iddialar tamamilə yalandır və Azərbaycandakı dini-mənəvi reallıqlarla heç bir əlaqəsi yoxdur. Bu kimi böhtanların məqsədi sadəcə dini dəyərləri istismar edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqdır. Azərbaycana qarşı yönəlmiş saxta ittihamları irəli sürən şəxslərin əslində bu insanların şəxsi arzusunu “fakt” kimi təqdim etməyə çalışmasıdır. Bu da göstərir ki, məqsəd təkcə Aşura ilə bağlı məlumat yaymaq deyil, həm də regionda sabitlik vəziyyətini bilərəkdən zədələməkdir".
R.Mirhəşimli bildirir ki, bu cür iddiaların intensiv şəkildə səsləndirilməsi məhz Azərbaycanın Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli toplantısına ev sahibliyi etdiyi bir dövrə təsadüf edir: “ Regionda nüfuzunu getdikcə artıran, iqtisadi-siyasi cəhətdən mövqeyini möhkəmləndirən Azərbaycan eyni zamanda Qarabağda dövlət suverenliyini tam bərpa etdikdən sonra beynəlxalq platformalarda daha qabarıq görünür. Məhz bu reallıq İranda bəzi dairələrdə qısqanclıq və narahatlıq doğurur. Azərbaycanın güclənməsi və bölgədə lider rolunu getdikcə daha çox təsdiqləməsi həmin qüvvələri təlaşa salır. Onlar öz narahatlıqlarını din adı altında təxribatçı fəaliyyətlə ifadə edərək, guya dini dəyərlər üzərindən təzyiq göstərmək istəyirlər.
Əslində isə Aşura və Kərbəla kimi ali mənəvi dəyərlər heç zaman siyasətə alət edilməməlidir. Bu, həm dini baxımdan yolverilməzdir, həm də müsəlmanlar arasında parçalanma yaratmaq niyyətindən başqa bir şey deyil. Daha acınacaqlı və utancverici məqam isə odur ki, bu qərəzli və böhtan xarakterli məlumatları Ermənistan mediası da böyük həvəslə tirajlayır. Müsəlman adına çıxış edən bir qrupun yalanlarını tarix boyu Azərbaycan torpaqlarını işğal etmiş, İslam abidələrini dağıtmış, məscidlərdə donuz saxlamış bir dövlətin media orqanlarında yayılması əsl biabırçılıq və dini dəyərlərin alçaldılmasıdır.
Bütün bu hadisələr göstərir ki, bəzi qüvvələr Azərbaycanla İran arasında münasibətlərin normallaşmasından ciddi narahatdır. Onlar təxribat və yalanlarla bu münasibətləri pozmağa çalışır, amma anlamırlar ki, Azərbaycan cəmiyyəti kifayət qədər yetkin və milli-dini dəyərlərinə sadiq bir xalqdır. Bu xalq nəinki Aşura matəmini yaşatmağa davam edəcək, eyni zamanda dini duyğuların xarici təxribatlara alət edilməsinə də qətiyyətlə qarşı çıxacaq".
İlahiyyatçı qeyd edib ki, dini dəyərlər müqəddəsdir və onların istənilən formada siyasiləşdirilməsi, iftira və təxribat məqsədilə istifadə edilməsi yalnız dini sayğısızlığa deyil, həm də regionda sülhə və qarşılıqlı etimada zərbə vurur. Onun sözlərinə görə, Azərbaycanın dini-mənəvi həyatına kənar müdaxilələrə qarşı durmaq təkcə dövlətin yox, həm də cəmiyyətin ümumi borcudur.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ