Onlayn ictimai-siyasi qəzet
Bugünlərdə qabağıma bir Qərb analitikinin yazısı çıxdı. “Why Azerbaijan should join NATO” (Azərbaycan niyə NATO-ya üzv olmalıdır?) adlı məqalədə Azərbaycan oxucusu üçün maraqlı ola biləcək xeyli məqamlar var. Kanadanın Toronto şəhərindən yayımlanan “geopoliticalmonitor.com” saytında çıxış edən hüquq, tarix və siyasi elmlər üzrə mütəxəssis olan George Monastiriakos yazır ki, Rusiyanın Ukraynada apardığı müharibə fonunda Vaşinqton və Brüsselin NATO-nu daha da gücləndirməsi lazım gəlir. Finlandiyanın NATO-ya qəbulu, İsveçin isə qəbul ərəfəsində olması bu tələbatdan irəli gəlir: “2023-cü ilin sentyabrında Bakı Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq səviyyədə tanınmamış “artsax” aradan götürdü və 30 illik erməni hərbi işğalından sonra öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Bakı Alyansın açıq qapı siyasəti vasitəsilə NATO-ya üzvlük üçün müraciət etməkdə sərbəst olacaq. Vaşinqton və Brüsselin bu müraciətə müsbət yanaşması müdrik addım olardı”.
Məqalənin bu yerində müəllif Azərbaycanın yaralı yerinə toxunur, yəni sarı simə vurur: “Qərb siyasətçiləri erməni diasporundakı seçicilər və donorlar qarşısında sadiqlik nümayiş etdirirlər. Onlar diaspor seçicilərini razı salmaq üçün Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarına ardıcıl şəkildə həmrəylik göstərirlər. Öz milli maraqlarına arxa çevirərək, Qərb ittifaqını qoruyub saxlamaq və güclənməsinə ziyan vurmaq hesabına ermənilərə dəstək verirlər. Məsələn: Fransa iki həftə əvvəl Qranadada Bakı və İrəvan arasında sülh danışıqlarını sabotaj etdi. Halbuki günahsız və müdafiəsiz Ukrayna vətəndaşlarını öldürən İran istehsalı silahlar Ermənistan üzərindən Rusiyaya daşınır. Fransa isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan Ermənistana silah satacağını bəyan etdi”...
Müəllif birmənalı şəkildə deyir ki, Qərbin bir çox siyasətçiləri erməni diasporunu təmsil edən seçicilərin səsini və diaspor təşkilatının maliyyə dəstəyini almaq üçün öz milli və dövlət maraqlarına xəyanət edirlər. Konkret olaraq Fransa, ABŞ (əvvəllər Rusiya da bu siyahıda yer alırdı) və Kanadada biz bu tendensiyanı aydın şəkildə görürük. George Monastiriakos hesab edir ki, bu, yanlış yoldur:“Artsax”ın ən güclü dayaq bazası olan diaspora zəngin və nüfuzludur. Onlar rahat şəkildə Qərbdə təhlükədən uzaqdadırlar. Ermənistanın özü isə kasıb, zəifdir və qorxulu Qafqazda təhlükə ilə əhatə olunub. Niyə? Ölkə üç onillikdir ki, qərbdən Türkiyə, şərqdən isə Azərbaycan tərəfindən blokadadadır. Ona görə də Ermənistanın iqtisadiyyatı şimalda Rusiyanın işğalı altında olan Gürcüstana, cənubda isə İranla bir sərhəd keçidinə əsaslanır. Status-kvo 30 il ərzində Azərbaycanda separatçı qurumu saxlamağın hədsiz insani, iqtisadi, diplomatik və geosiyasi xərclərini ödəmiş Ermənistanı yaman günə qoyurdu. Ancaq Qərb siyasətçiləri ardıcıl olaraq erməni diasporundan gələn səslər müqabilində “artsax” müdafiəsi üçün can qoyurdular”...
Məqalədə daha sonra vurğulanır ki, Rusiya ilə işgüzar münasibətləri saxlamasına baxmayaraq, Azərbaycan həmişə Qərb üçün əvəzolunmaz strateji tərəfdaş olub:
“Bakı Avropa İttifaqına (Aİ) neft və qaz ixrac edir. Brüssel Bakı olmadan Rusiyadan enerji müstəqilliyinə nail olmaqda çətinlik çəkəcək. Brüssel həm də Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bakı bu yaxınlarda Rusiyanı bir nömrəli silah tədarükçüsü kimi əvəz edən İsrail ilə mühüm təhlükəsizlik tərəfdaşlığını saxlayır. Türkiyə və Azərbaycan o qədər yaxındır ki, özlərini iki dövlətli bir millət hesab edirlər. Ankaradan başqa, Cənubi Qafqazda yeganə Ukrayna yönlü ölkə də Azərbaycandır. Üstəlik, Azərbaycanın İranla mübahisələri onu Qərb üçün təbii müttəfiqə çevirir”.
Gördüyünüz kimi, Qərbdə də siyasi proseslərə praqmatik yanaşan mütəxəssislər var. Adam Qərb auditoriyasına izah edir ki, Qərbin əsas düşməni Rusiya və İrandır. Hər iki cəbhədə Azərbaycan Qərb üçün vazkeçilməz müttəfiq ola bilər. Türkiyə-Azərbaycan birliyinə vurğu yapan analitik deyir ki, onsuz da Türkiyə NATO-nun üzvüdür. Azərbaycan ordusu da Türkiyə modeli əsasında formalaşır: “Bundan başqa, Azərbaycanın NATO-ya üzvlüyü Alyansa anti-Qərb mövqeyində olan Rusiya və İranın arxa bağçasında lövbər salmağa imkan verəcək. Bu, Alyansa Xəzər dənizində dəniz donanmasını saxlamağa, gücünü Mərkəzi Asiyanın dərinliklərinə çıxarmağa və NATO-nu İranla 600 kilometrdən çox, Rusiya ilə isə daha 300 kilometr uzunluğunda sərhədlə təmin etməyə imkan verə bilər. Türkiyə kimi Alyans da İrandan Avropaya atılan ballistik raketlər üçün ikinci erkən xəbərdarlıq radarı quraşdıraraq hava hücumundan müdafiəsini gücləndirə bilər. Bütün bunlar Qərbin düşmənlərini çəkindirmək, onlardan müdafiə olunmaq və qüvvələr balansını tarazlaşdırmaq üçün zəruridir”. İranla bağlı müəllif ona da diqqət çəkir ki, İranda yaşayan azərbaycanlıların sayı Azərbaycan əhalisindən qat-qat çoxdur...
Gördüyünüz kimi, müəllif birmənalı şəkildə və məntiqi izahla Azərbaycanın Qərb üçün nə qədər önəmli ölkə olduğunu ortaya qoyur. Və deyir ki, Qərb üçün xüsusi önəm daşıyan bir ölkəni erməni diasporunun sərsəm iddialarına görə ittiham etmək öz həyati maraqlarının üstündən qara xətt çəkmək kimi bir şeydir. Və bu davranış praqmatik Qərbə qətiyyən yaraşmır...
Müəllif bir az da irəli gedərək yazırdı ki, əslində, Avropa ilə Çin arasında Türk Dünyası təbii bir maneədir. Bu maneəni daha da gücləndirmək lazımdır. Yəni Türk Birliyinə dəstək vermək Qərbin strateji maraqlarına uyğundur: “Keçən il mən təklif etmişdim ki, Türkiyənin görə biləcəyi ən yaxşı iş Türk Orta Asiyasında NATO və Çin arasında bufer zona yaratmaqdır”.
Mən özüm də bu barədə dəfələrlə yazmışam. Öz düşüncələrini Qərb mətbuatında oxumaq adama çox xoş gəlir. Məntiq də bunu deyir ki, Türk Dünyası ortadadır. Dünyaya hökm etmək uğrunda gedən mübarizədə türklər Qərbin yanında olsa Qərb, Çinin yanında olsa Çin qalib gələcək...
Sınma nöqtəsi kimin xeyrinə olacaq? Bax, bunu türklər müəyyən edəcək.
Bəs Amerika nə iş görür? NATO-da müttəfiqi olan Türkiyəyə F-16 qırıcılarını satmaqdan imtina edir. Başqa bu kimi yaramazlıqlara imza atır. Yunanıstanı Türkiyəyə qarşı qaldırır. Qos-qoca Türkiyəni qoyub PKK yanlısı kürd separatçılarına dəstək verir. Amerikanın erməni diasporuna nökərçilik edən satılmış senatorları, konqresmenləri Azərbaycana barmaq silkələyir. Co Bayden administrasiyasının yeritdiyi bu siyasət nadanlığın bariz nümunəsi kimi ortadadır. Heç şübhəsiz ki, Türkiyə+Azərbaycan+Türk Orta Asiyasına belə bir ögey münasibətlə Qərb Çinin qarşısında duruş gətirə bilməyəcək. Məsələn, artıq Çin yuanı avronu arxada qoyaraq dollardan sonra dünyanın əsas valyutası kimi ikinci yerə yüksəldi. Bu gedişlə 3-5 ilə dollar da arxa plana keçəcək. Dollar əsas valyuta rolunu itirməsi isə Amerika iqtisadiyyatının belini qıracaq. Qərbin siyasi paytaxtlarında bu sadə həqiqəti nə qədər tez anlasalar, bir o qədər yaxşıdır...
Elbəyi Həsənli, Sürix
https://www.geopoliticalmonitor.com/why-azerbaijan-should-join-nato/
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ