İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sənin gözünün qabağında onun başını kəsəcəyəm” – Şahiddən ŞOK ETİRAF

Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanıda həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxs Natiq Məhərrəmov həyat yoldaşı Sevinc Məhərrəmovanı xəyanət etdiyi şübhəsi ilə mübahisə zəminində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən parkların birində, ictimai yerdə qəsdən öldürüb. O, mətbəx bıçağı ilə zərərçəkmişin döş qəfəsi, döş boşluğu və digər nahiyələrinə ümumilikdə 9 bıçaq zərbəsi endirib.

Prokuror ittiham aktını elan edəndən sonra mərhumun qardaşı şahid qismində ifadə verib:

“Təxminən 2008-2009-cu illərdə evləniblər, iki övladları var. Evləndikləri gündən bacıma zülm verib. Hətta deyirdi ki, balaca uşaq ondan deyil. Lakin sonradan analizin nəticələri uşağın ondan olduğunu təsdiqlədi. Mənə məlumdur ki, bacımı döyüb, xəsarət yetirib, ailəsi ilə əlaqə saxlamağa da icazə vermirdi. Bacım qorxusundan heç kimə heç nə deyə bilmirdi. Hadisə axşam saatlarında baş verib. Mən evə gələndə içəridən ağlaşma səsləri gəlirdi. Dedilər ki, Natiq Sevinci bıçaqlayıb.

Bildirdilər ki, guya Sevinc ona xəyanət edib. Bacımı parkda, camaatın gözü qarşısında qətlə yetirib. Biz onu Qubada dəfn etdik. Təqsirləndirilən şəxs bacıma böhtan atıb ki, uşaq ondan deyil”.

Şahidin sözlərinə görə, qətldən öncə Natiq Məhərrəmov ona bacısını öldürəcəyini bildirib:

“Əgər telefonda xəyanətlə bağlı bir sübut çıxsa, mən sənə söz verirəm ki, elə sənin gözünün qabağında onun başını kəsəcəyəm”.

Bundan sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. Natiq Məhərrəmov ifadəsində ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib:

“2009-cu ildən Sevinclə ailə qurmuşdum. Bəli, mən bilərəkdən onu öldürmək məqsədilə aparmışam. Özümü təqsirli hesab edirəm. Mən Sevincin dostum Elnurla romantik münasibətdə olmasından şübhələnirdim. Uşaqlıq dostum idi, əvvəllər evimizə də gəlirdi. Bir dəfə mənə dedi ki, sizdə nə çox ağcaqanad olur. Mən də bizdə nə vaxt olmusan ki, deyə ondan soruşdum. Cavab verə bilmədi, tutulub qaldı. Bundan sonra münasibətimizdə soyuqluq yarandı. Ürəyimə xal düşdü. Elnur məndən ən çox harada olduğumu bilmək üçün zəng edirdi. Mənə zəng edib yerimi öyrənir, nə vaxt evə gələcəyimi soruşurdu”.

Növbəti məhkəmə iclası oktyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə aprel ayında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbədə yerləşən parkların birində 39 yaşlı Sevinc Məhərrəmova amansızlıqla qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 35 yaşlı Natiq Məhərrəmov saxlanılıb. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb.

Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.

İnarə Hünbət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR