Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri, keçirilən və planlaşdırılan görüşlər, imzalanan və imzalanacaq sənədlər konyekturadan qaynaqlanan anlıq qərarların nəticəsi deyil, Azərbaycanın uzunmüddətli xarici siyasət strategiyasının bir parçası (mərhələsi), strategiyanın uğurla icra olunmasını təmin edən növbəti taktiki addımlardır.
Azərbaycan bütün dövlətlər ilə, o cümlədən ABŞ ilə münasibətlərdə Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və digər milli maraqlara yönəlmiş təhdidlərin minimallaşdırılması, bölgədə dayanıqlı sülhün əldə olunması (bu çox vacibdir; Azərbaycanın strategiyası hər hansı sülhə deyil, məhz dayanıqlı sülhə hesablanmışdır), bölgədə əməkdaşlıq mühitinin formalaşdırılması və gücləndirilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşdırılması, bütün yolların açılması, tarixi ədalətsizliklərin aradan qaldırılması və digər əsas məqsədləri üçün nəticələr əldə etməyə çalışır.
Musavat.com xəbər verir ki, bu fikirləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı bildirib. O, vurğulayıb ki, milli maraqlar daim ön planda tutulur, hədələrə boyun əyilmir, restlərə lazım gələndə restlə qarşılıq verilir:
“Bu, Azərbaycan miqyaslı dövlət üçün çətindir çünki, milli güc amilləri (hərbi, siyasi, iqtisadi, coğrafi və s. imkanlar) baxımından bizdən qat-qat güclü dövlətlər var. Onların bir çoxunun bölgəmiz ilə bağlı maraqları fərqlidir, çox vaxt da həm bizim maraqlarımızla toqquşur, həm də bir-birlərinin maraqları ilə. Bu qədər çətin şəraitdə uğur qazanmaq çox ağıllı diplomatiya, ardıcıllıq, sistemlilik, səbr və s. tələb edir. Bəzən bəzi addımlar dost dövlətlər, hətta cəmiyyətimizin özü tərəfindən yanlış anlaşılır, çox təbii olaraq hər şeyi hər zaman açıb cəmiyyətə demək olmur”.
A.Aslanlı Nikol Paşinyanın 2019-cu ildə Cıdır düzündə rəqsini, 2020-ci ilin oktyabrında ilk atəşkəs imzalandığını, o cümlədən həmin ilin noyabrında müharibə dayandığı zamankı reaksiyaları xatırladıb:
“Cəmiyyət təbii olaraq emosional reaksiya verirdi, amma liderlik məhz budur: Nəyi, nə vaxt, harada və necə edəcəyini bilmək və etmək cəsarətini, iradəsini göstərmək. ABŞ səfəri, keçiriləcək görüşlər və əldə olunacaq razılaşmalar ilk növbədə bölgəmizin gələcəyi baxımından 2020-ci ildən sonra formalaşdırılan yeni geosiyasi reallığı möhkəmləndirmək və o cümlədən Azərbaycanın yeni və daha iddialı xarici siyasətinə dayaqlar yaratmaq üçün önəmlidir. ABŞ səfərindən möcüzə gözləməsəm də səfərin çox faydalı və uğurlu olacağına inanıram. Ona görə yox ki, ABŞ Prezidenti Donald Trampın "sehrli çubuğu" var. Ona görə ki, Azərbaycanın ağıllı diplomatiyası var. Bu ağıllı diplomatiya davam etdiyi müddətcə uğurlu nəticələrə yeniləri əlavə olunacaq və əldə olunan nəticələr qalıcı hala gətiriləcək”.
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ