Onlayn ictimai-siyasi qəzet
Adamın ifadəsində bir neçə söz çatmayıb. O, “qadınlar işləməməlidir” demək əvəzinə “qadınlar ağır işlərdə işləməməlidir” deməliydi. Belə desə, heç bir problem olmaz, radikal feministlərin təqibinə məruz qalmazdı. (Radikal feminizm barədə bir az sonra ətraflı bəhs edərik).
Bu, çoxdan sübut olunub ki, qadınların işləmədiyi ölkələr yeddi arşın quyunun dibindədirlər və nə qədər ki, qadınların hüququ məhduddur, onlar oradan çıxmayacaqlar. Yüksək rifaha, yaxşı güzərana, hərtərəfli inkişafa malik olan ölkələrin hamısında qadınlar kütləvi şəkildə, o cümlədən rəhbər vəzifələrdə işləyirlər. Bu, aksiomdur, heç bir mübahisəyə açıq deyil.
Ortada iki nümunə var: qadınların evdən bayıra çıxmadığı, işləmədiyi Əfqanıstan və qadınlar məsul vəzifələrdə çalışdığı Finlandiya.
Qadınların ağır işlərdə işləməli olmadığına gəlincə, yəqin ki, bu fikir də mübahisə predmeti olmaz. Bir anlıq dəmiryol şpalı qaldıran, rels düzən, qarda, çovğunda, istidə neft buruqlarında çalışan, topdansatış bazarlarında araba sürən, kömür mədənində drel işlədən qadınları təsəvvür edin. Təsəvvür etmək olmur. Bu baxımdan qadınlar fiziki güc tələb edən işlərdə çalışmamalıdırlar. Çünki onların fiziki gücü ilə kişililərinki ilə eyni deyil.
Ancaq təhsil, səhiyyə sferasında, iqtisadiyyatın müxtəlif sahələrində qadınların işləməsi zərurətdir. Onlar bu sahələrdə işləməsələr, o sahələr demək olar ki, iflasa uğrayar. Məsələn, qadınlar orta və ali təhsil müəssilərində çalışmasalar, təhsil sistemi gözündən batar, bir həftənin içində çökər.
Səhiyyə sferası da eləcə. Qadınlar həkim, tibb bacısı, laborant, sanitar, xadimə kimi işlərdə çalışmasalar, səhiyyə sistemi, ümumiyyətlə, mövcud olmaz. Olsa da, Əfqanıstandakı kimi olar.
Külüngü əlindən alınıb başına vurulan Fərhad
İndi “qadınlar işləməməlidir” deyən Fərhad Pərvizinin başına gələnərə baxaq. O, bir gerilikçi, mürtəce fikir deyib, buna söz yox. Amma o, dövlət rəsmisi, qanunvericilik təşəbbüsü ilə çıxış edəsi deputat, fətvası qanunlardan üstün tutulan üləma deyil, adi adamdır, öz dünyagörüşündən irəli gələn və mübahisəyə açıq bir cümlə qurub. Bu halda ona gərəkən cavabı vermək, ortaya daha güclü arqumentlər qoymaq, səhv etdiyini göstərmək kifayət idi.
Amma adam təqib olundu, karyerasına zərbə vuruldu, adı dillərdə dastan oldu, bullinqə məruz qaldı, külüngünü əlindən alıb başına vurdular. Ona qarşı bu kampaniyanı təşkil edənlər məhz radikal feministlər idi.
Feminizmin dörd dalğası
Məlumdur ki, feminizm hərəkatının məqsədi qadınların kişilərlə bərabər hüquqlar əldə etməsi uğrunda mübarizə aparmaqdır.
Bu termin 19-cu əsrin əvvəllərində yaranıb, populyarlaşıb, tədricən bizim öyrəşdiyimiz mənasını alıb.
Vikipedik məlumatlara görə, bu hərəkatın tarixi bir neçə dövrə bölünür. Hərəkatın birinci dalğası 19-cu əsrin sonu, 20-ci əsrin ortalarında olub. Feminist fəallar siyasi bərabərlik və təhsilə çıxış üçün mübarizə aparıblar və məqsədlərini çatıblar. Bu gün dünya ölkələrinin tam əksəriyyətində qadınlar kişilərlə eyni siyasi hüquqlara malikdirlər və təhsil almaq hüququ qazanıblar. .
Feminizmin ikinci dalğası 1960-1990-cı illərdə kükrəyib. Həmin vaxt Avropa və ABŞ-də artıq siyasi bərabərlik yox, məişət və karyera bərabərliyi ön plana çıxıb. Nəticədə inkişaf etmiş ölkələrdə qadınların yüksək dövlət vəzifələri tutması mümkün olub və bu “dalğanın ləpələri” davam edir.
Feminizmin üçüncü dalğasının 1990-2008-ci illərdə olduğu iddia olunur. Bu dəfə cinsi kimlik problemləri aktuallaşıb. Sadəcə, üçüncü dalğada bir neçə yeni cərəyan meydana çıxıb və bunlardan ən diqqət çəkəni kəsişən və radikal feminizm olub.
2008-ci ildən bu günə qədər dünyada təlatüm yaradan dördüncü feminizm dalğası isə internet resurslarında fırtıına qoparması ilə əlamətdardır. Sosial şəbəkələr feministlərin əsas aktivlik platformasına çevrilib. Ancaq feminizmin dördüncü dalğası heç də qadın hərəkatının inkişafının yeni mərhələsi hesab edilmir, qadın dominantlığının bərqərar olunması, az qala matriarxat rejimlərin yaradılması təşəbbüsü hesab edilir.
Feministların nəlbəkidə fırtına qoparması
Bizim ölkəmiz qadın hüquqları sahəsində bir sıra Avropa ölkələrindən fərqli durumdadır, öncül sayıla bilməz. Ancaq hər halda bu ölkədə qadınlar bir sıra şərq-müsəlman ölkələrində olduğu kimi hüquqsuz da deyillər. Düzdür, patriarxal qayda-qanunlar mövcuddur, ailələr daxilində qadınların azadlıqlarının müəyyən məhdudlaşdırılması halları (ailədaxili zorakılıqlar da o cümlədən) var, ancaq durum, bəzi vaxtlar qələmə verildiyi qədər faciəvi deyil.
Məsələn, məişət zəminində qadınların zorakılığa məruz qalması, döyülməsi, hətta öldürülməsi halları baş verir, bu zaman elə bir mərəkə qoparılır ki, sanki bu ölkədə qadınları xüsusi konsentrasiya düşərgəsinə yığıblar və sıra ilə aparıb öldürürlər. Halbuki bu kimi cinayət halları kişilərə qarşı da baş verir – həm də bəzən qadınlar tərəfindən. Həyatdır, hər üzü var. Birlikdə ömür sürən, birgə təsərrüfat aparan adamların sözü tez-tez çəpləşə bilər.
Əsas odur ki, ölkənin Konstutisiyasında, Cinayət Məcəlləsində, digər qanunvericilik sənədlərində qadınlara qarşı zorakılığı təşviq edən bir müddəalar yoxdur. Amma bir ara şəhərin mərkəzində “qadın qətlləri siyasidir” şüarı ilə kütləvi aksiyalar keçirməyə cəhd edənlər vardı. Onlara bu sifariş Avropa institutlarından verilmişdi, bilərəkdən, ya da bilməzlikdən ölkəmizi aparıb islam fundamentaziminin hökmran olduğu ölkələrin cərgəsinə qoyurdular.
Boşanmaların kütləviləşməsinə çalışanların çin olan arzusu
Dağılmış ailələrin statistikasına baxaq. Minlərlədir. Boşanan cütlüklər ziyanın yarısından qayıdan adamlar deməkdir. Xasiyyətləri tutmur, birlikdə davam edə bilmirlər, ayrılırlar və heç bir zorakılıq hadisəsi da baş vermir. Bunu faciəyə çevirmək halları da var, amma normal olan məhz budur. Boşanma əmsalı ən yüksək olan ölkələr Avropadadır. Əvəzində onlarda məişət zorakılığı minimumdur. Bir vaxtlar milli feministlərimiz boşanmanı ciddi şəkildə təşviq edirdilər. Artıq onların canfəşanlığına ehtiyac yoxdur. Bir neçə il əvvəl təmtəraqlı toy büsatı qurmuş cütlüklər ilk ailədaxili münaqişələrində məhkəməyə üz tuturlar. Belə təşəbbüslərin çoxu qadınlardan gəlir. Bu, faktdır. 15-20 il öncə qızının ailəsinin dağılmasına görə günlərlə ağlayan anaların dönəmindən, eyni durumda məhkəmə qərarını çəpik çalmaqla alqışlayan anaların dövrünə gəlmişik.
Radikal feministlər bu “uğurla” kifayətlənmək istəmirlər, patriarxata qarşı üsyan bayrağı açırlar, açıq-aşkar “kişi düşmənçiliyi” aparır, qarşı cinsə nifrət aşılayır, hətta əsl azadlığın yalnız kişilərdən təcrid olunmuş halda mümkün olduğuna inanırlar.
Çoxluq ailə xoşbəxtliyini seçir
Bu ölkədə isə öz qızlarını bütün digər əzizlərindən çox istəyən, hər qayğılarını çəkən azı 1 milyon ata var, öz ana-bacılarını baş tacı edən oğullar, qardaşlar var. Yüzminlərlə xoşbəxt cütlüklər var, birlikdə səyahət, istirahət edir, ağıllı-kamallı övladlar böyüdürlər. Onların aralarında söz-söhbət də olurmu? Əlbəttə, olur. Amma necə deyərlər, ər-arvadın savaşı, yaz gününün yağışı. 1 saatdan (1 gündən) sonra qaldıqları yerdən həyatlarına davam edirlər.
Davam edə bilməyənlər də olur, amma bu məsələ tərəflərin aldığı ailə tərbiyəsindən, əxz etdikləri dünyagörüşdən, mənimsədikləri savaddan, ətraf mühitin, yaxın insanlar dairəsinin dağıdıcı təsirindən, sosial problemrdən, çox şeylərdən qaynaqlanır. Uzun söhbətdir.
Bütün ictimai, siyasi, dini cərəyanların radikal olanı pisdir. Feminizmin də.
Araz Altaylı, Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ