İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənədsiz obyektlərin sənədləşməsi başlayıb, bəs fərdi evlər? – rəylər

Azərbaycanda irili-xırdalı mövcud olan 50 minə qədər sənədsiz qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsinə başlanılıb. Bununla bağlı verilən rəsmi açıqlamada bildirilir ki, dövlət başçısının qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq bu günə kimi 5600 obyektin istismarı üçün müraciət olunub.

2700 sənəd qəbul edilib və 2600-ə qədər müraciət istismara icazə verilməsi üçün portala yerləşdirilib.

Bakı, Sumqayıt və Abşeron rayonunun əhalisi üçün sənəd qəbulu Bakıda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin layihə institutlarında, regionlarda isə Gəncə, Yevlax, Xaçmaz, Salyan, Lənkəran və Qəbələdə yerləşən FHN-nin reginal mərkəzlərində aparılır.

Müraciətin qəbulu, portala yerləşdirilməsi və icraata başlanması üçün müraciət ərizəsi və istismar edilən obyektin layihəsinin təqdim edilməsi kifayətdir. 

Qeyd edək ki, sənədsiz evlərə çıxarışların verilməsi məsələsi də uzun zamandır müzakirə olunur. Bununla bağlı komissiya da yaradılıb. Lakin obyektlərin məsələsi həllini tapsa da, evlərlə bağlı müəmma davam edir. Bəs sənədsiz evlərə sənədin verilməsi niyə yubanır?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a dedi ki, hazırda Bakı və Abşeron ərazisində yüz minlərlə, bəzi rəqəmlərə görə isə beş yüz min çıxarış ala bilməyən fərdi həyət evləri var:

elnur-ferzeliyev.jpg (70 KB)

“Çıxarışsız fərdi həyət evlərinin bir hissəsi sovet dövründən qalmış, bir hissəsi isə 90-cı illərdən sonra tikilmiş fərdi həyət evləridir ki, bu günə qədər onlara çıxarışın verilməsində yubanmalar yaranıb. Səbəblər müxtəlifdir. Sovet dövründən qalmış yaşayış məntəqələri, Bakının mərkəz hissələrində və ətrafında olan yaşayış məntəqələridir ki, onların təyinatı sırf yaşayış təyinatlı ərazilər olsa da, hələ də o ərazilərə sənədlər verilməyib. Digər ərazilərdə isə tikinti aparılan fərdi həyət evləri, böyük massivlər, qəsəbələr, massivlər salınsa da, çıxarışlar verilməyib. Bunun da müxtəlif səbəblər var. Birincisi, tikinti aparılmış ərazilərin torpaqlarının yaşayış məntəqələri üçün deyil, digər təyinatlı olması, yəni kənd təsərrüfatı, neftin ərazisində olmasıdır ki, bu səbəbdən də torpaqlara çıxarış verilmir. Həmin torpaqlar alınan zaman vətəndaşlara müxtəlif qurumlar tərəfindən sənədlər verilib, vətəndaşlar bu sənədlər üzərində ayrılmış torpaqlar üzrə fərdi həyət evləri tikiblər. Təbii ki, başqa bir problem də tikilən ərazilərdə tikinti normativlərinin qorunmamasıdır. Yəni sıx şəkildə tikilmə, həyətyanı sahənin nəzərə alınmaması və s. Problemlər həddən artıq çoxdur. Lakin sovet dövründən qalmış evlər Yasamal, Alatava, keçmiş Papanin, Sovetski və sairədir. Bu ərazilərin böyük bir hissəsində çıxarış yoxdur. O vaxt sadəcə Mənzil İstismar İdarələrinin verdiyi ev kitabçası var idi. Bu ərazilər kənd təsərrüfatı təyinatlı torpaqlar, neft, qadağan olunmuş ərazilər deyil. Buralar sırf yaşayış massivləridir və şəhərin düz mərkəzində fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş ərazilərdir. Yəni, bu evlərin yaşı 100 ildən artıq olsa da, bu günə qədər həmin ərazilərə çıxarış verilməyib. Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin də böyük əksəriyyətində çıxarış yoxdur. Çıxarış almaq mümkün olsaydı, vətəndaşlar hansısa formada bunu alardılar.

Bu ərazilərdə də problem ondadır ki, torpaqlar təyinatı üzrə deyil. Yəni, fərdi həyət evləri, yaşayış massivləri tikiblər, amma onların təyinatı fərqlidir. Tutaq ki, burada olmalıdır əkin-biçin sahəsi, maldarlıq, heyvandarlıq və s. Hansı ki, hazırda bu təyinatla istifadə mümkün də deyil. Bu gün həmin ərazilərə çıxarışların verilməsi üçün birinci növbədə torpağın təyinatı dəyişməlidir. Yaşayış massivi kimi nəzərdə tutulmalı, daha sonra çıxarış verilməlidir”.

Ekspert əlavə edib ki, bu gün qeydiyyatla bağlı yaşanan problemlər məhz çıxarışla əlaqəli məsələdir:

“Çıxarış olmadığı üçün insanlar qeydiyyata düşə bilmirlər. Bu məsələ tək həyət evləri ilə bağlı deyil. Yeni tikilmiş bina evlərində də çıxarışlar verilmir. Vətəndaş illərlə ev alıb yaşayır, amma öz evinə qeydiyyata düşə bilmir”.

Yeri gəlmişkən, ötən il ərzində Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bunu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin departament rəhbəri Lalə Əkbərova mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, çıxarış əldə etmək üçün vətəndaşların təqdim etdiyi bütün sənədlər qanuni olmalıdır. L.Əkbərova deyib ki, bəzən vətəndaşlar ya qanunda nəzərdə tutulmamış, ya da forma və məzmuna uyğun olmayan sənədlər təqdim edir. Ona görə də belə müraciətlərdən imtina edilir.

Qurum rəsmisi onun da deyib ki, bələdiyyələr tərəfindən vətəndaşlara qanunmüvafiq qaydada tərtib edilmiş sənədlər təqdim edildikdə müraciət edən şəxslərin mülkiyyət üzərində hüquqları təmin edilir.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR