İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sən tamamilə axmaqsan!” – Ursula fon der Lyayenin Fitsoya təhqiri beynəlxalq qalmaqala səbəb oldu

Slovakiyanın baş naziri Robert Fitso Avropa İttifaqında siyasi gərginlik doğuran açıqlaması ilə gündəmi silkələyib.

Bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ona telefonla zəng edərək ABŞ prezidenti Donald Tramp ilə apardığı danışıqlara görə onu “tamamilə axmaq” adlandırıb və yarım saat boyunca sərt şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, bu sensasion etirafı Robert Fitso Slovakiyanın TA3 telekanalına müsahibəsində səsləndirib.

“Ursula məni çox pis danladı. Dedi: Robert, sən nə etdin, niyə Trampla danışıqlar apardın? O, məni yarım saat danladı və “tamamilə axmaq” adlandırdı”, - deyə Fitso bildirib.

URSULA.jpeg (34 KB)

Danışığın mövzusu ABŞ-ın Avropa İttifaqı məhsullarına tətbiq etməyi planlaşdırdığı yeni tariflər olub.

Qeyd edək ki, Tramp administrasiyası Avropa istehsalı olan avtomobil və sənaye məhsullarına qarşı ciddi gömrük rüsumları tətbiq etməyə hazırlaşır və bu, Slovakiya kimi sənaye ixracatçısı ölkələr üçün ciddi təhdid yaradır.

Beynəlxalq mediada və ictimaiyyətdə böyük əks-səda doğuran açıqlamadan sonra Robert Fitso “Facebook” hesabında paylaşım edərək dediklərini “zarafat” kimi izah etməyə çalışıb:

“Görünür, Slovakiya mediası və müxalifəti bu zarafatı başa düşmədi. Ümid edirəm ki, Ursula fon der Lyayen yumor hissini qoruyub saxlayıb”.

Xatırladaq ki, Robert Fitso bu ilin fevralında ABŞ-a səfər edərək təkcə Donald Trampla deyil, həm də texnologiya maqnatı İlon Mask ilə görüşüb. Görüşlər zamanı Avropa mallarına qarşı planlaşdırılan tariflər, ABŞ-Avropa ticarət münasibətləri və Slovakiya üçün mümkün iqtisadi təsirlər müzakirə olunub.

Skandalın arxasında nə dayanır?

Fitsoya qarşı Ursula fon der Lyayenin sərt reaksiyası Avropa İttifaqı daxilində ABŞ ilə münasibətlərə dair vahid yanaşmanın pozulması qorxusunu əks etdirir. Fitso fərdi qaydada Vaşinqtonla əlaqələr qurmaqla Brüsselin koordinasiyasına zidd hərəkət etmiş sayılır. Bu hadisə Tramp faktorunun Avropa daxilində siyasi parçalanma yaratmağa başladığını göstərir.

Hadisənin istər zarafat, istərsə də ciddi tonda ifadə olunması Ursula fon der Lyayen və Robert Fitso arasında yaranmış gərginliyi aradan qaldırmır. Trampın Ağ Evə qayıdışı ilə Avropa İttifaqında ABŞ-Avropa münasibətlərində yeni gərgin mərhələ başlayıb və Slovakiyanın baş naziri bu prosesin önündə gedənlərdən biri kimi çıxış edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR