İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmxani bu gün Bakıya Tehranın hansı qərarını gətirir?

Türkiyənin və Rusiyanın Zəngəzur dəhlizi mövzusunda maraqları üst-üstə düşür, İranın isə bu məsələdə prinsipial mövqeyi hələ ki, ortada yoxdur...

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxani bu gün  Azərbaycana bir günlük səfər edəcək. Bu barədə “Trend” diplomatik mənbəyə istinadən məlumat verir. Səfər çərçivəsində Şəmxani Azərbaycan rəsmiləri ilə görüşərək ikitərəfli, regional və beynəlxalq məsələlər haqda danışıqlar aparacaq.

Qeyd edək ki, İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin ötən həftə Ermənistana səfəri Azərbaycanda ciddi narazılıq doğurmuşdu. Rəsmi məlumatda deyilirdi ki, İran və Ermənistan Təhlükəsizlik Şurasının katibləri iki ölkə arasında çoxsahəli əməkdaşlığın davamlı inkişaf tendensiyasına toxunublar və bu kontekstdə ikitərəfli iqtisadi qarşılıqlı fəaliyyətin vacibliyini və onun inkişafının zəruriliyini qeyd ediblər.

Ermənistan-İran iqtisadi əlaqələri və xüsusilə Zəngəzur bölgəsinin inkişafı kontekstində İranın Çabahar limanının əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflərin Mehri Azad İqtisadi Zonası və Şimal-Cənub yol dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirmək istəyi yüksək qiymətləndirilib. Zəngəzur dəhlizi ilə bağlı region üçün həll vacib məsələnin İrəvandakı müzakirələrdə “unudulması” da diqqət çəkmişdi. Armen Qrigoryan Zəngəzur dəhlizi ilə bağlı hər hansı məsələnin müzakirə olunmadığını demişdi.  Əli Şəmxani isə məhz bu kontekstdə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət edilməli olduğunu bildirib. Azərbaycan mediasında bu, “dolayısı ilə İran Zəngəzur dəhlizinin açılması məsələsinə ərazi bütövlüyünün pozulması kontekstində yanaşır” kimi reaksiya doğurmuşdu.  O da  bildirilirdi ki, İran özünün Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin Qafqaz səfərini ilk olaraq Ermənistandan başlatmaqla balansı pozmuş olub. Belə ki, Şəmxani ilk olaraq Ermənistana yox, Azərbaycana gəlməli, Qarabağa getməli, erməni işğalının vurduğu zərbələri gözləri ilə görməli, dağıdılan məscidlərə yaxından baxmalı idi.

Səfərin İran, Türkiyə və Rusiya prezidentlərinin gələn həftə Tehrandakı görüş ərəfəsinə təsadüf etməsi də diqqət çəkir. Gözlənilir ki, üç liderin görüşündə Zəngəzur dəhlizi ilə bağlı məsələnin icrasının yubadılması da gündəmə gəlsin. Türkiyənin və Rusiyanın Zəngəzur dəhlizi mövzusunda maraqları üst-üstə düşür, İranın isə bu məsələdə prinsipial mövqeyi hələ ki ortada yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev ötən həftə keçirdiyi brifinqdə Moskvada Üçtərəfli İşçi Qrupun nəqliyyat kommunikasiyalarının müxtəlif aspektləri ilə bağlı müəyyən irəliləyiş əldə olunduğunu deyib.  Bundan əvvəl isə Rusiya mənbələri Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi üzrə avtomobil yolu ilə bağlı razılaşdırılmalı olan 6 kilometrlik kiçik bir hissə qalması barədə xəbər yaymışdı. Bildirilirdi ki, baş nazir müavinlərinin iyunun 3-də keçirilən son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, gələcək marşrutun istiqamətlərini razılaşdıra biliblər. O səbəbdən Tehran bu səfəri gerçəkləşdirməklə üçtərəfli görüş ərəfəsi Zəngəzur dəhlizi məsələsində mövqeyini Rusiya və Türkiyə ilə yaxınlaşdırmağa çalışacaq.

Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da  artıracaq

Hikmət Babaoğlu 

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxaninin 15 iyulda Azərbaycana nəzərdə tutulan səfəri bütün hallarda müsbət hadisə kimi qiymətləndirilməlidir: “Çünki bu cür  səfəri zəruri edən şərtlər Azərbaycanın əldə etdiyi tarixi zəfər nəticəsində yaranmış yeni geostrateji reallıqlardır. Yəni hazırda qonşularımız da daxil olmaqla, bütün beynəlxalq güclər yeni reallığa uyğunlaşmağa, ya da öz maraqlarını bu reallıqla uzlaşdırmağa çalışırlar. İran bu reallığı ən ağrılı şəkildə qəbul edən ölkələrdən biridir. Çünki bu ölkə regionda son iki yüz ildə formalaşmış, bir növ oturuşmuş hesab edilən güc balansının birdən-birə belə radikal  formada dəyişəcəyinə hazır deyildi. Üstəlik, yeni reallığın yaranması prosesində də tarixən həmişə olduğu kimi, Rusiya ilə koordinasiyalı hərəkət edə bilməyib. Ona görə də İran indi regional proseslərdə ”itirdiyi" təşəbbüskarlığı, yaxud qeyri-fəal iştirakçılığı kompensasiya etməyə çalışır". H.Babaoğlunun fikrincə, İran bu istiqamətdə atacağı addımlar üçün özünə ən etibarlı platforma kimi Ermənistanı görür: “Ona görə də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxani əvvəlcə Ermənistana, sonra isə Azərbaycana səfər edir. Bu, İranın seçimidir. Elə Azərbaycanın öz Arazboyu ərazilərini işğaldan azad etdiyi zaman da, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində rəsmi Bakı öz suveren hüquqlarını bərpa edərkən də İranın nümayiş etdirdiyi mövqe bu mülahizələri təsdiq edir. Hazırda Ermənistan iqtisadiyyatı deyilən bir anlayış demək olar ki, yoxdur. Ermənistanda, sadəcə, ticarət münasibətləri və bu münasibətləri tənzimləyən pul və maliyyə iştirakçılığı var. Ona görə də İran Ermənistanla iqtisadi münasibətlər formalaşdırmağa çalışır. Bunun üçünsə ən əlverişli ərazi kimi Qərbi Zəngəzuru görür. Bu qərarın məntiqi  isə təkcə iqtisadı maraqlarla izah edilən məsələ deyil. Çünki baş verən hərbi-siyasi proseslər kontekstində Qərbi Zəngəzurda həm də ciddi demoqrafik və mənəvi-psixoloji problemlər  yaşanır. Ona görə də, Qriqoryanın da qeyd etdiyi kimi, Ermənistan-İran iqtisadi əlaqələri və xüsusilə Zəngəzur bölgəsinin inkişafı kontekstində İranın Çabahar limanının əhəmiyyəti xüsusi vurğulanır və tərəflərin Mehri Azad İqtisadi Zonası və Şimal-Cənub yol dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirmək istəyi yüksək qiymətləndirilir. Yəni İran Zəngəzur dəhlizi ətrafında özünün fəal ola biləcəyi, ya da hətta mümkünsə, dominantlıq edə biləcəyi bir sosial-iqtisadi mühit formalaşdırmağa çalışır. Çabahar limanına gəldikdə isə bu liman vasitəsilə Hindistandan gələn yüklərin, ya da Rusiyadan Hindistana daşına biləcək yüklərin məhz Ermənistan üzərindən keçməklə həyata keçirilməsi düşünülür. Ancaq belə mürəkkəb marşrut üçün hazırda heç bir kommunikasiya və logistika  yoxdur. Heç belə marşrut üzrə daşına biləcək yüklər də yoxdur. Belə yüklər yalnız Ermənistan təyinatlı yüklər ola bilər ki, bu da olduqca cüzi hesab edilə bilər. Yaradılması isə uzun müddət vaxt və külli miqdarda maliyyə tələb edir. Qısası, reallaşdırılması və səmərəli olması olduqca müşküldür. Ancaq məsələ ondadır ki, əgər belə bir marşrut nə zamansa reallaşdırıla bilərsə belə, yenə də bunun üçün Zəngəzur dəhlizi açılmalı və Azərbaycanın bu dəhlizdən  maneəsiz istifadəsi təmin edilməlidir. Ən optimal variant isə bu məsələnin Türkiyə və Azərbaycanın irəli sürdüyü  3+3 regional əməkdaşlıq platforması kontekstində nəzərdən keçirilməsidir”. Deputat istisna etmir ki, Tehran toplantısında bu mövzu da müzakirəyə çıxarılacaq: “Görünür, bu məsələ  İran, Türkiyə və Rusiya prezidentlərinin gələn həftə Tehranda keçirilən üçtərəfli görüşündə də müzakirə olunacaq məsələlərdən biri olacaq. Zəngəzur dəhlizinin 6 km-lik hissəsinə gəldikdə isə bu problem hələ sovet dövründə də var idi. Ona görə də avtomobil nəqliyyatı vasitələri ilə Bakıdan Naxçıvana getmək məhdud və mövsümi olurdu. Çünki Ordubada çatmaq üçün həmin 6 km hissəni keyfiyyətsiz yollar və dağ aşırımları vasitəsilə keçmək lazım gəlirdi. Hələ o dövrdə də ermənilər həmin hissədə müasir yol tikintisinin aparılmasına imkan vermirdilər. İndi isə yol mühəndisləri və ekspertlər səviyyəsində həmin hissədə qiymətləndirilmələrin aparıldığı ilə bağlı məlumatlar yayılmaqdadır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Ermənistan isə həmin dəhlizdən maneəsiz keçid təmin etməklə bağlı 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədə dövlət öhdəliyi götürüb”.

Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı  yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb - AZƏRTAC

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli qeyd etdi ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxaninin ölkəmizə səfəri, istisnasız olaraq, İran, Türkiyə və Rusiya prezidentlərinin gələn həftə Tehranda keçirilməsi gözlənilən səfəri ilə bağlıdır: “Ola bilsin ki, səfər çərçivəsində 3+3 formatı, eləcə də kommunikasiyaların açılması, sərhədyanı ticarətin genişləndirilməsi, birgə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı hansısa razılaşmalar əldə olunsun. Hər halda, nə Rəcəb Tayyib Ərdoğan, nə də Vladimir Putin Tehrana Rəisi ilə görüşmək xətrinə gedəcək liderlər deyillər. Əgər gedirlərsə, deməli, çox mühüm məsələlərlə bağlı ortaq razılaşma var və Tehranda keçirilən görüş, sadəcə, bu razılaşmaların rəsmiləşdirilməsinə xidmət edir. Görüş öncəsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının gündəmə gəlməsi və Türkiyə-Ermənistan sərhədlərinin minalardan təmizlənməsi də, çox güman ki, razılaşmanın tərkib hissəsidir”. E.Mirzəbəyli xüsusi vurğuladı ki, İranın həm 44 günlük müharibədə, həm də daha sonra nümayiş etdirdiyi aqressiv mövqe, həm də Zəngəzur dəhlizi ilə bağlı neqativ davranışları, dəhlizdən daha çox Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli münasibətləri və bu münasibətlərdən doğan əməkdaşlığın regionda əsas faktora çevrilməsi ilə bağlıdır: “İran siyasətçiləri elə düşünürlər ki, Cənubi Qafqazdakı proseslər rəsmi Tehran və Moskva arasında tənzimlənməlidir və Türkiyə bölgəyə buraxılmamalıdır. Tehranın davranışları uzun illərdir ki, rusların məşhur bir məsəlində olduğu kimidir: ”İstəyir, amma bacarmır". Müasir fars millətçiliyinin məzhəbçiliklə sintez olunmuş nümunəsi olan İran siyasəti tarixə də öz prizmasından yanaşır və bölgədə türk varlığını qəbul etməyə çətinlik çəkir. Unudur ki, ən yaxşı halda, İran tarixinə türklərin, farsların və bu ərazidə yaşayan digər xalqların ortaq tarixi kimi yanaşmaq lazımdır. İndiki İran ərazisində özünü dövlət kimi büruzə verən türk varlığının tarixi eramızdan əvvəl üçüncü minilliyə -  Kuti dövlətinə gedib çıxır. 961-ci ildən 1925-ci ilə, Pəhləvilərədək indiki İran ərazisində mövcud olan türk dövlətçilik ənənələrini görməzdən gəlmək, ideoloji deformasiyaya uğramış fars millətçiliyinə heç bir perspektiv vəd etmir. Bu səbəbdən də mövcud reallıqları nəzərə almaq, bölgənin bütün xalqları ilə bərabərhüquqlu, təhlükəsiz gələcək qurmaq daha doğru seçim olardı..."

Siyasi şərhçi rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığına da münasibət bildirdi: “Zəngəzur dəhlizi İranın düşündüyü kimi, bu ölkənin əleyhinə yönəlmiş bir layihə deyil və rəsmi Tehran bu layihədən uğurla faydalana bilər. Son nəticədə İran siyasətçiləri anlamalıdırlar ki, əgər onlar Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın bir zaman kəsiyində Ermənistan üzərindən hər hansı bir layihənin həyata keçirilməsinə nail olmayıblarsa, bundan sonra da nail ola bilməyəcəklər. Reallıq bundan ibarətdir. Bu baxımdan, düşünürəm ki, İranın mövcud reallıqlarla barışmaqdan və 3+3 formatının bərabərhüquqlu iştirakçılarından birinə çevrilməkdən başqa seçimi yoxdur”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR