Onlayn ictimai-siyasi qəzet
Səlib yürüşlərinin qarşısını alan, tarixin ünlü sərkərdələrindən Səlahəddin Əyyubinin türk, hətta lap dəqiq yazsaq, azərbaycanlı olması haqda təzəlikcə müzakirə açılmışdı. Sən demə, Əbülfəz Elçibəy hələ 1970-ci illərdə SSRİ-nin xətti ilə Misirdə tərcüməçi çalışarkən orada bir ərəb yaxınlaşıb, söyləyib ki, a bəy, bəs Səlahəddin müəllim tərtəmiz sizin yerlinizdir. (“Bəyə dedim, a bəy” mövzusu o vaxtdan var imiş). Əbülfəz bəy deyib ola bilməz. Ərəb gedib kitab gətirib, göstərib. İbn Xəlilqan adlı qədim tarixçinin əsərində bu mövzu açıqlanıbmış.
Əbülfəz bəyə inanmaq olarmı? Əlbəttə. Bəy o cür temaları babat bilirdi, əks halda, sovetlər onu Misir kimi vacib bölgəyə göndərməzdi. Üstəlik, Əbülfəz bəyin tarix elmi üzrə namizədlik dissertasiyasının mövzusu elə həmin Misir bölgəsində haradasa min il qabaq olmuş Tülunilər sülaləsi, dövləti haqdadır. Həmin sülalə də türk əsillidir.
Ancaq mən Səlahəddin müəllimin azərbaycanlı olmasına başqa yöndən daha çox inanıram. Yəni heç İbn Xəlilqan yazmasa da olardı. Nəyə görə? Fikir verin, Əyyubi islam dini uğrunda o dini yaradan ərəblərdən daha artıq döyüşüb, can qoyubdur. Belə bir şey sırf azərbaycanlı və türk psixologiyasıdır. Dünyada tarix boyu ən müxtəlif islam təriqətlərini yaradan, yaşadan, yayan məhz türklər olub. Bunlardan Osmanlını, Teymurləngi, Hindistanda Moğolları, canım sənə desin, Şah İsmayılı yada salsaq bəsdir. Hətta Babək üsyanını yatıran sərkərdə Afşin də türk olub.
Məsələn, hazırda İsrail əleyhinə ən bərk qışqıranlar Türkiyədə yaşayır. Gündə min litr kola axıdırlar. Bizim Bakıda da Fələstin aşiqləri çoxdur, hökumət imkan versə, bəlkə onlar kola axıtmaqda daha irəli gedərlər.
Məsəl üçün, İŞİD-mişid teması çoxdan qapanıb, ancaq hökumətimiz hələ də Suriya çöllərindən bizimkilərin arvad-uşağını yığıb gətirir. Nə qədər fanatik gedibmiş ora...
Yaxud bəlkə Putin özü bir gün rus dilindən bezər, ancaq bizim camaat uşağını qoymağa rus sektorlu məktəb gəzər.
Sözümün xülasəsi odur ki, biz papadan artıq katolik olmağı sevirik. Əks halda, Bakıda Amerika casuslarının illik toplantısını keçirmək planları ortaya çıxardımı? Təsəvvür elə. Dəhşət idi. Tüklərim biz-biz olmuşdu. Biz görmüşük casus bir-iki olar, uzağı 4-5 olar, lap bəd ayaqda 10 nəfəri persona non qrata elan edirlər. Azərbaycanda ABŞ casusları isə bir konfrans zalı, yalan olmasın, minlərlə imiş. Amerikanın özündə bu qədər Amerikaya işləyən yoxdur. Orada hərə qarnına mızdonalds yeməkləri doldurmağın hayındadır.
Bu yerdə görkəmli kommunist şair Nazim müəllimdən bir beytin yeridir:
“Əli-qolu zəncirlərə vurulmuş,
Vətən çırılçılpaq yerə sərilmiş.
Oturmuş köksünə texaslı çavuş,
Bəylər, bu vətənə necə qıydınız?"
Allaha min şükür, o casus toplantısının üstü vaxtında açıldı, tədbir təxirə salındı. Güman edirəm ABŞ-da oxumağa gedən uşaqların hamısını tezliklə geri çağırıb Narxozda, APİ-Axundovda, AsXİ-də, başqa reytinqli məktəblərimizdə yerləşdirərlər. Kim xaricdə oxuyubsa, diplomunu çıxarıb yandırsın. Əks halda, biz onun vətənsevərliyinə inanmırıq. Nazirliklərdə çoxlu belə insan çalışır.
Yeri gəlmişkən, hörmətli deputatlarımızdan biri ABŞ fəxri vətəndaşlığından imtina etdi. Bunu alqışlayırıq. Lakin ortaya sual çıxır: niyə indi və niyə biz bunu indiyəcən bilməmişik? Axı ABŞ-ın ölkəmizə qarşı qərəzli fəaliyyəti 30 ildir davam edir. 907-ci maddə, Cekson-Venik düzəlişi, erməni lobbisi və sairə - saymaqla qurtarmır. Deputatımız isə ona hələ 90-cı illərdə verilən fəxri vətəndaşlığı indiyəcən saxlayıbmış. Maraqlı gözləntidir. Məqsəd nədir? Düşünürəm, burada əlaqədar orqanlar üçün suallar yaranmalıdır.
O cümlədən bəzən görürük kimsə tutulur, kabinetindən dollar bağlamaları çıxır. Bu da mənfi, neqativ haldır. Əsl vətənpərvər rüşvəti manatla almağa borcludur.
Sonda yenə şairdən bir beytlə yazını bitirirəm:
“Günü gəlir, çarx düzünə çevrilir,
Günü gəlir hesabınız görülür.
Günü gəlir sualınız sorulur:
Bəylər, bu vətənə necə qıydınız?"
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ