İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyi Laçın şəhərində müayinələr təşkil edib

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri davam etdirir. Eyni zamanda, bu tədbilər çərçivəsində əhalinin tibbi bilik və məlumatlıqlarının artırılması məqsədilə sağlam həyat tərzi mövzularında maarifləndirici aksiyalar və təqdimatlar keçirilir.

Musavat.com xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir aprelin 6-da Laçın şəhərində baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən “Ağciyər xəstəliklərinin erkən aşkarlanması” proqramı çərçivəsində rayon əhalisinə tibbi xidmətlər göstərilib.

Aksiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Laçın rayon sakinlərinin sağlamlığının qorunmasında dəstək və yardım göstərməsi, həmçinin ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə məqsədini daşıyır.

Elmi-Tədqiqat Ağciyər Xəstlikləri İnstitutunun direktoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkim briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən əhalinin ətraflı müayinəsi aparılıb. Diaqnostik müayinələrdən döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf vasitəsilə müayinəsi təşkil olunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Aksiya zamanı 150-ə yaxın Laçın sakini hər biri ayrı-ayrılıqda 5 müayinədən keçiblər.

Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı Laçın ictimaiəti üçün maarifləndirici tədbir təşkil olunub.
İnstitutun direktoru İradə Axundova ətraflı təqdimatla çıxış edib. Onun sözlərinə görə, vaxtında aparılan diaqnostika və müntəzəm profilaktik müayinə xəstəliyin qarşısını almağa və ya patologiyanın inkişafının erkən mərhələsində müalicəyə başlamağa kömək edir. Həmçinin, profilaktik tədbirlərin ağciyər xəstəliklərinin qarşısını alması və tənəffüs sisteminin funksionallığının optimallaşdırmasında vacibliyi əhalinin diqqətinə çatdırılıb. Direktorun sözlərinə görə, müasir diaqnostika tənəffüs sisteminin patologiyalarını vaxtında müəyyən etməyə və erkən mərhələlərdə xəstəlikləri aşkarlamağa imkan verir. Eyni zamanda, sağlam həyat tərzinin prinsiplərinə riayət və siqaret çəkmə kimi zərərli vərdişdən imtinanın vacibliyi vurğulanıb.
Həmçinin, İnstitutun həkim-ftiziatrı Aysel Aslanova “Ağciyərlər xəstəlikləri haqqında nə bilirik” mövzusunda təqdimatla cıxış edib. Vərəm, bronxial astma, pnevmoniya, tütün çəkmə ilə bağlı xəstəliklərdən, həmin xəstəliklərin ilkin diaqnostikası, klinikası və ilkin əlamətləri barədə ümumi məlumat təqdim edilib.

Daha sonra İnstitunun skrininq məqsədilə istifadə etdiyi ən müasir müayinə üsullarından olan “smart” rentgen aparatı haqqında bilgilər verilib.

Eyni zamanda, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, maarifləndirici vizual materiallar paylanılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR