Onlayn ictimai-siyasi qəzet
Səhər yeməyi günün ən vacib yeməyi hesab olunur və onun tərkibi orqanizmin gün ərzində necə işləyəcəyinə birbaşa təsir edir. Bəzi insanlar səhər yeməyində klassik seçimlər – yumurta, pendir, çörək və ya yulaf əzməsi ilə qidalanarkən, digərləri axşamdan qalan tort, şokolad, şirniyyat və digər şəkərli məhsulları üstün tuturlar. Ancaq səhər tezdən şirniyyat yeməyin sağlamlığa təsiri necədir?
Səhərlər tort yeməyin orqanizmə təsirləri ilə bağlı məlumatları təqdim edirik:
Şəkərin orqanizmə təsiri
Şəkər əsas enerji mənbələrindən biri olsa da, onun həddindən artıq və balanssız istehlakı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Şəkər əsasən sürətli enerji mənbəyi kimi çıxış edir və qana tez sorulur. Bu, qan şəkərinin (qlükoza) səviyyəsinin ani yüksəlməsinə və ardından sürətlə düşməsinə səbəb ola bilər. Bu dalğalanmalar yorğunluq, əsəbilik və konsentrasiya problemləri ilə nəticələnə bilər.
Səhər yeməyində şirniyyat yeməyin mümkün zərərləri
Qan şəkərinin sürətli artıb-azalması
Səhər yeməyində tort və ya digər şəkərli qidalar qəbul edildikdə, qanda qlükoza səviyyəsi sürətlə yüksəlir. Orqanizm buna cavab olaraq insulin ifraz edir ki, şəkəri hüceyrələrə daşısın. Bu proses nəticəsində qanda şəkərin səviyyəsi sürətlə enir və insan yenidən ac hiss edir. Bu, gün ərzində daha çox yeməyə səbəb ola bilər və çəki artımına yol aça bilər.
Sürətli aclıq və daha çox yemək istəyi
Səhər şirniyyat yedikdə, bədənin insulin reaksiyası nəticəsində qanda şəkər sürətlə düşür və bu da insanın daha erkən aclıq hiss etməsinə gətirib çıxarır. Nəticədə, insan gün ərzində daha çox və daha yüksək kalorili qidalar yeməyə meyilli olur.
Metabolizmin balanssız işləməsi
Araşdırmalar göstərir ki, səhər saatlarında yüksək şəkərli qidalar yemək metabolizmin təbii ritmini poza bilər. Səhər yeməyi insanın bədəninə gün ərzində necə enerji istehlak etməli olduğunu “öyrədir”. Əgər səhər şirniyyat yeyilərsə, bədən daha çox şəkərə öyrəşir və digər qidalarla müqayisədə yağ və zülalın parçalanması çətinləşir.
İnsulin müqaviməti və diabet riski
Daimi olaraq səhərlər yüksək şəkərli qidalar yemək, xüsusilə də sadə karbohidratlar və süni şəkərlər istehlak etmək, uzun müddətdə insulin müqavimətinə səbəb ola bilər. Bu, 2-ci tip diabetin yaranma riskini artırır.
Bağırsaq mikroflorasına mənfi təsir
Şəkər, xüsusilə emal olunmuş şirniyyatlar, bağırsaqdakı faydalı bakteriyaların tarazlığını poza bilər. Bu da həzm problemlərinə, immun sistemin zəifləməsinə və hətta depressiya və stress səviyyəsinin artmasına səbəb ola bilər.
Səhər şirniyyat yeməyin mümkün faydaları
Bütün mənfi təsirlərinə baxmayaraq, səhər yeməyində şirniyyat yeməyin bəzi müsbət tərəfləri də var
Sürətli enerji mənbəyi
Səhər yeməyində şirniyyat və ya şəkərli qidalar yemək bədənin sürətli enerji almasına kömək edə bilər. Bu, xüsusilə idmançılar və ya səhər tezdən yüksək aktivlik tələb edən işlə məşğul olan insanlar üçün faydalı ola bilər.
Serotonin ifrazını artırır
Şəkər beyində xoşbəxtlik hormonu kimi tanınan serotoninin ifrazını stimullaşdırır. Bu, insanda müvəqqəti olaraq yaxşı əhval-ruhiyyə yarada bilər.
Əgər balanslı şəkildə qəbul edilərsə, böyük problem yaratmaya bilər
Əgər səhər yeməyində yalnız şirniyyat yox, eyni zamanda zülal və lifli qidalar da qəbul edilərsə (məsələn, bir parça şokoladla yanaşı, yumurta və ya yulaf əzməsi), şəkərin mənfi təsiri nisbətən azalar./Yenisabah.az
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ