İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə hücumdan 10 ay ötdü - terrorçu haqda hökm niyə gecikir?

Ekspert: “Yalnız bundan sonra Azərbaycan tərəfi səfirliyin fəaliyyətinin bərpası məsələsinə baxa bilər”

Bakı-Tehran münasibətlərində son aylar nisbi sakitlik müşahidə edilsə də, ikitərəfli münasibətlərin qalıcı pozitiv xarakterindən danışmaq mümkün deyil. Ən azı ona görə ki, ölkəmizin İrandakı səfirinin binası bağlıdır. İran tərəfi bu il yanvarın 27-də diplomatik nümayəndəliyimizə bir vətəndaşımızın ölümü ilə bitən xain terror hücumu ilə əlaqədar açdığı cinayət işini bitirməyib. Görəsən, niyə?   

Rəsmi Tehran az öncə bildirmişdi ki, terrorçu Yasin Hüseynzadəyə ən ağır cəza veriləcək. Lakin “yük” hələ də köhnə yerindədir: cinayətkar haqda nəinki layiqli hökm çıxarılmayıb, heç məhkəməsi də keçirilməyib. Bu isə iki ölkə arasında diplomatik əlaqələrin normal məcraya düşməsi, səfirimizin Tehrana qayıdışı önündə başlıca maneədir. Ümumiyyətlə, bu nəinki dövlətimiz, bütövlükdə Azərbaycan xalqı üçün prinsipial məsələdir.

Bəs məhkəmə hökmü niyə gecikir, təhqiqat üçün 10 ay kifayət etmədimi? (Azərbaycan vətəndaşı Fərid Səfərli haqda qısa müddətdə saxta hökm çıxardılar). Qalan iki ay ərazində, yəni terror hücumunun ildönümünə qədər proses yekunlaşa, səfirimiz Tehrana qayıda bilərmi?

Çingiz Qənizadə: Vətəndaşların sosial rihafının qorunması Prezident İlham  Əliyevin diqqətindədir - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Bakı-Tehran münasibətlərində nisbi sakitlik heç də o demək deyil Tehranla Bakı arasında münasibətlər artıq tam normallaşıb. Bu vaxta qədər baş verən neqativ halların aradan qaldırılması ilə bağlı atılan addımlar müsbət dəyərləndirilə bilər. Lakin İran Azərbaycanın müstəqil dövlət olmasını həzm edə bilməyən dövlətdir, onların müstəqil Azərbaycan dövlətini görmək, qəbul etmək niyyətləri yox idi. Amma Azərbaycan müstəqilliyini qazandıqdan və dünya tərəfindən müstəqilliyi tanındıqdan sonra İran da Azərbaycanın müstəqilliyini tanımağa məcbur oldu. Buna baxmayaraq yenə də Azərbaycanın əldə etdiyi uğurlara, Azərbaycanın güclənməsinə heç vaxt sevinmədilər. Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu isə İran hüquq-mühafizə orqanlarının istəyi ilə həyata keçirilmişdi. Biz bunu ilk günlərdən deyirdik. Çünki hüquq-mühafizə orqanlarının terrorçunun hərəkətlərinə seyrçi mövqeyi, hətta ona müəyyən şərait yaradılması o demək idi ki, siyasi hakimiyyətlə, hüquq-mühafizə orqanları bu planı əvvəlcədən qurublar. Bu terror aktının həyata keçirilməsinin bir ilinin tamamına iki ay vaxt qalır, lakin indiyə qədər terrorçunun layiqli cəza almaması, məsələnin bu qədər uzadılması da bizim dediklərimizi təsdiqləyir. Azərbaycan tərəfi bu vəziyyətə narazılığını müxtəlif səviyyələrdə dəfələrlə ortaya qoyub, İrana etirazlarını və gözləntisini bildirib. Terrorçunun indiyə qədər layiqli cəza almaması təbii ki, Azərbaycan tərəfini qane etmir. Cinayətkar nə zaman layiqli cəzaya layiq görüləcəksə və İran öz səhvlərini etiraf edib Azərbaycan səfirliyinin təhlükəsizliyinə zəmanət verəcəksə, bundan sonra orada səfirliyimiz fəaliyyətə başlaya bilər. Amma çox təəssüf ki, İran hələ də Azərbaycanın bu haqlı istəyini həyata keçirmir, terrorçuya cəza verilməsini yubadır. Ona görə də Azərbaycan haqlı olaraq Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etmir. İstintaq üçün 10 ay müddət kifayət qədər böyük müddətdir. İran dövləti istəsə, siyasi məqsədlər güdməsə, səfirliyimizə qarşı terror həyata keçirən Yasin Hüseynzadəyə cəza verilməsini təmin edər”. 

Ç.Qənizadə qeyd etdi ki, hazırda İran, sadəcə, Azərbaycanla müəyyən iqtisadi maraqlarına uyğun müəyyən məsələlərdə razılaşmalara gedir. Ancaq Azərbaycan üçün çox həssas prinsipial məsələ olan səfirliyə terror aktı məsələsində belə görünür ki, müsbət addım atmaq istəmir: “İran nə qədər gec deyil Azərbaycanın Tehrandakı səfirliyində həyata keçirilmiş terror aktı cinayətinin məhkəmə istintaqını reallaşdırıb terrorçuya layiqli cəzanın verilməsini, bu terror aktı ilə bağlı əlaqəli olan digər kimlər varsa onların da cəzalandırılmasını təmin etməlidir. İran bunları etməklə Azərbaycanla münasibətlərin düzəlməsində maraqlı olduğunu ortaya qoymuş olar. Yalnız bundan sonra Azərbaycan tərəfi səfirliyin fəaliyyətinin bərpası məsələsinə baxa bilər. Eləcə də Fərid Səfərlinin İranda həbs edilməsi və onun bu günə qədər Azərbaycana qaytarılmaması da münasibətlərin yaxşılaşmasına maneələrdən biridir. Ona görə də Fərid Səfərli Azərbaycana qaytarılmalıdır. Yasin Hüseynzadə kimi terrorçunun əməlinə hüquqi qiymət verib layiqli cəzasını vermirlər. Lakin heç bir terror hərəkətinə yol verməyən Fərid Səfərlini həbs edib barəsində qısa müddətdə hökm çıxardılar. İran dövləti bu yanlışını da düzəltməlidir. Bundan sonra bir sıra məsələlərə aydınlıq gələcək”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR