İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirlər, 31 Martda Quba və Xocalıya niyə getmədiniz?!

Son iki əsrdə başımıza elə müsibətlər gətirildi ki, bilmədik hansı ölümüzə ağlayaq, hansı fəlakət günümüzə ağı deyək, yas tutaq. Ərazilərimizə köçürülən daşnakların Azərbaycan türklərini öz torpaqlarında soyqırıma məruz qoymasının 106-cı ildönümü günündə daha bir soyqırımın ünvanı Xocalıda dəfn mərasimi keçirildi.

Xocalıda itkin düşmüş 7 nəfərin dəfn mərasimi 32 il sonra (!!!) keçirildi. Vida və dəfn mərasimini həyəcansız izləmək olmur. Ana-bacıların, qız-gəlinlərin neçə illər boyunca gözləri yol çəkirdi, əzizlərinin öldü-qaldısından xəbər gözləyirdilər. Ordumuzun azad etdiyi ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqların sayı artıqca şəxsiyyəti müəyyən edilənlərin və gözləri yollardan yığılan insanlarımızın da sayı artır, bu da bir təsəllidir artıq.

Xocalı şəhidləri doğma Xocalıdakı Şəhidlər xiyabanında dəfn edilirlər.

Buradakı “Xocalı soyqırımı” muzeyi erməni cəlladlarının iç üzünün tanıdılmasının növbəti məkanı olacaq. Ermənilər də öz keçmişlərini belə yaşadırlar, ənənələrinə sadiq qalaraq: ötən əsrin əvvəlində, 1918-ci ilin mart-aprelində azərbaycanlılara qarşı törədilən soyqırımın ən dəhşətli nümunəsi Qubada aşkarlanıb.

QUBA SON.jpeg (276 KB)

Əsrin sonlarında, 1992-ci ilin 25-26 fevral soyqırımının izləri də aşkarlanmaqdadır. İtkin düşən 4 min vətəndaşımızın təqribən 700 nəfərinin qalıqları aşkarlanıb. Xocalıda hara qazılırsa, oradan insan sümükləri çıxır. Başına mismar vurulmuş uşaq qalıqları, sümükləri sındırılmış qadın, kişi qalıqları...

Bu yaxınlarda sosial şəbəkələrdə bir videonu izlədim. Xocavəndin bir kəndi başdan-ayağa azərbaycanlıların sökülən evlərinin daşları ilə döşənib. Məlumata görə, bu daşları məhz azərbaycanlı əsir və girovlara döşətdirib erməni işğalçılar! Öz evlərini özlərinə sökdürüb, daş yol çəkdiriblər. Amma o insanların heç birinin sorağı yoxdur!!! Deməli, qətlə yetirib basdırıblar haralardasa! Ancaq bir beynəlxalq təşkilatdan, bir “vasitəçi” və ya “vasitəsiz” paytaxtdan bu barədə Ermənistana sual verən, cavab istəyən yoxdur. Azərbaycandan xunta rejiminin cəllad liderlərinin azadlığını istəyən dairələr minlərlə azərbaycanlının hesabını istəmir Ermənistandan.

Əvvəllər, hələ Xocalı separatçıların nəzarətində olanda yazmışdıq ki, bu ərazilərdəki cinayətlərin üzə çıxmaması üçün o torpaqları qaytarmaq istəmirlər. Məqsədlərinə çata bilmədilər və cinayətlərinin izləri günbəgün aşkara çıxır. Xocalıda şəhidlərin dəfn mərasiminin keçirilməsi Azərbaycanın haqq-ədaləti, xüsusilə də Xocalıya ədaləti təkbaşına bərpa etdiyini göstərir. Dünya səsimizə səs verməsə də, güvəndiyimiz dövlətimiz Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin izlərini aşkara çıxarmaqla yanaşı, öz torpağı uğrunda şəhid olan insanları məhz Xocalıda dəfn etməklə İlahi ədaləti təmin etmiş oldu.

KOCA SON.jpeg (333 KB)

Bayram tonqallarının üstündən hoppanan, Azərbaycan yeməklərini tərifləməklə missiyasını bitmiş sayan diplomatları, xüsusilə də 30 il ərzində həmsədrlik etmiş ölkələrin səfirlərini Xocalıdakı dəfn mərasimində görmək istərdik. Gedib, oradakı dəhşətli mənzərəni gözləri ilə görməliydilər, doğmalarını 32 il gözlədikdən sonra onların sümüklərinə qovuşan dərdli insanların fəryadını eşitməliydilər. Niyə getmirlər, əhvalları pozular, yoxsa erməninin xoşuna gəlməz deyə, kənarda dayanırlar? Ermənistandan mina xəritələrini ala bilməyənlər, almaq istəməyənlər heç olmasa işğalçıların kütləvi şəkildə qətlə yetirib basdırdıqları azərbaycanlılarla bağlı məlumatları alsınlar, minlərlə insanımızın həsrətinə son qoyulsun. 30 ildən artıqdır səksəkədə olan insanlar var, gözləri yol çəkir...

Bir acı əhvalatı xatırladım. Hələ işğal dövründə Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi ilə Borçalıya səfər etmişdik. Gürcüstandakı görüşlər, tədbirlərlə yanaşı, Qarabağ uğrunda şəhid olmuş, əsir düşmüş borçalılı qardaşlarımızın doğmalarına da baş çəkdik. Bu zaman kimlərsə yanlış olaraq xəbər yaymışdı ki, bəs, Bakıdan adamlar gəlib, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş əslən Borçalıdan olan şəxslərdən xəbər gətirib. Təsəvvür edin, itkin qardaşımızın qohumları hansı həyəcanla özlərini yetirmişdilər. Səfərimizin gerçək məqsədini bildikdən sonra isə... O zamanı həm onlar, həm də biz nələr çəkdik, bir Allah bilir. Bu gün minlərlə ailə o vəziyyətdədir. Hər telefon zənginə, hər qapı döyülməsinə səksəkəli reaksiyalar... Çoxlarının ürəyi dözmədi bu illərdə, nakam dünyasını dəyişdi.

KOCA YENİ.jpeg (390 KB)

Bu gün Xocalıdakı dəfn mərasimindəki fəryad səsləri ömrümüzün sonunadək qulaqlarımızdan getməyəcək. Azərbaycan bayrağına bükülmüş tabutları bağrına basan ana-bacılar uzun ayrılıqdan sonra qısa müddət qovuşdular doğmalarına, yenə də ayrıldılar. Çox dəhşətlidir. Xocalı dəhşətlərini yaşamış insanlar ölüb dirildilər bu illərdə.

Bütün bunları Azərbaycan torpaqları üzərində hansısa oyunlar qurmağı hədəfləyənlər çətin ki, anlasın. Onlar bizi başa düşməzlər. Başa düşsəydilər, Şamaxıda, Bakıda, Qubada, Neftçalada, Lənkəranda... 106 il əvvəl ermənilərin törətdiyi dəhşətli soyqırımları görməzdən gəlib, Azərbaycan torpaqlarında haylara dövlət yaratmaz, daha bir əsr sonra türk yurdlarında ikinci erməni dövlətinin yaradılması planının puça çıxarılmasına qarşılıq olaraq Azərbaycanın daşı ilə bu qədər əlləşməzdilər. “Xaç klubu” erməni cəlladlarının himayəçisi olaraq qalır, əsrlər dəyişsə də. Diqqət edin, görün birindən Azərbaycana başsağlığı gəldimi? Sanki qırılıblar, kar, kor olublar, laldılar. 24 gün sonra isə Qərb liderləri, onların İrəvandakı diplomatları qondarma “erməni soyqırımı” şousunda yarışacaqlar, saxta göz yaşı axıdacaqlar... Ancaq 31 Martda Bakıdakı diplomatik korpusun təmsilçilərini nə Quba Soyqırımı Memorial Kompleksində gördük, nə də Xocalıda... Əsr dəyişdi, bizə münasibət dəyişmədi. Hələ də azad Şuşaya getməyən səfirlər var Bakıda, onlar “arzuolunmaz şəxs” olmağı haqq ediblər!

Allah şəhidlərimizə rəhmət eləsin! Birliyimiz diriliyimiz, iriliyimizdir!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR