İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfərbərlik Xidmətində təmizləmələr başladı - şöbə rəislərinin ardınca kim qandallanacaq?

Hüquqşünas: “Xüsusi tədbirlər görülməlidir ki, oradakı rüşvət və korrupsiya bataqlığı aradan qalxsın”

Bir müddət öncə rəhbəri dəyişmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həbslər başlayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbələrində əməliyyat keçirilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində əməliyyat tədbiri keçirib. Əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev saxlanılıb.

Eyni zamanda “Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən Qaracayev İlqar Qaraca oğlunun qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır.

Səfərbərlik Xidmətinin şöbə rəisi SAXLANILDI

APA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, İlqar Qaracayevin qeyd olunan vəzifədə işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu ilin martında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxslərini həbs etmişdi. Qurumun rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs-qətimkan tədbiri seçilib.

“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri işləmiş İlqar Qaracayevin Adil Hüseynov və Toğrul İsgəndərovla əlbir olması ilə bağlı məlumatlar var.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Səfərbərlik Xidmətinin fəaliyyəti ilə bağlı ötənlərdə mediada, sosial şəbəkələrdə kifayət qədər tənqidlər olub. Bu qurum ən çox korrupsiya və rüşvətə bulaşmış qurumlardan biri kimi xarakterizə olunur.

Təbii ki, yeni dəyişikliklərdən sonra orada təmizləmə gözlənilən idi. Artıq şöbə rəislərinin həbsi başlayıb. Onlardan sonra daha yüksək rütbəli, vəzifəlilər də həbs edilə bilərmi?

Erməni diversantların məhkəməsi- onları hansı ağır cəza gözləyir?

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tam yenilənməlidir: ""Voenkomat" olan gündən orada rüşvət var. Uzun illər Əliağa Hüseynov baş “voenkom” oldu. Bu gün ölkənin məmur milyonçuları arasında özünə babat yer eləyib. Əliağa Hüseynov kimin hesabına milyonçu olub? Əlbəttə ki, ölkə üzrə “voenkomat”lardakı rüşvət və korrupsiya münasibətlərinin hesabına bu gün pula pul demir. Sonra qurumun adı dəyişsə də, oradakı rüşvət və korrupsiya sistemi öz fəaliyyətində idi. Bir qədər də müasir şəkil alıb, smartlaşmışdı. Bu gün Əliağa Hüseynovu balaca silkələsələr, 5-10 milyon ortaya çıxar. 2011-ci ildə “voenkomat” sistemi ləğv olundu, əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Arzu Rəhimov da rəis təyin olundu. Bu qurum yarandığı gündən “voenkomat” sistemində baş verən yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanmasını davam etdirdi. Yarandıqdan 5 il sonra, 2016-cı il dövlət büdcəsində “Müdafiə” bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsaitin mənimsənildiyi üzə çıxdı.

Bu mövzunu dəfələrlə demişəm, amma nəticə yoxdur. O zaman Arzu Rəhimov susdu, bu məsələyə münasibət bildirmədi. Məlum oldu ki, təkcə 2016-cı ildə SHXÇDX-yə büdcədən 20 milyon 189 min 929 manat pul ayrılıb. Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Ştatdankənar işçilərin əmək haqqı məbləği 22 min 500 manat qeyd edilib. Amma SHXÇDX-də ştatdan kənar işçilər mövcud deyil. Həmin il Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 761 min 646 manat vəsait nəzərdə tutulub. Halbuki 2012-ci ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsait ayrılıb. 20 min manat hara, 761 min 646 manat hara? Bu qədər sarğı materialını Arzu Rəhimov neyləyib? Pul dəstələrinin belinə bağlayıb? Arzu Rəhimovu çağırıb bu məsələni ondan soruşan olubmu? Olubsa, nəticə nədən ibarətdir?

Səfərbərlik Xidmətində rəhbərliyin dəyişilməsinin oradakı köhnədənqalma münasibətlər sisteminə çox az təsiri var. Ona görə də bu xidməti tamamilə buraxıb yenidən təşkil etmək lazımdır. Xidmətə Vətən müharibəsindən keçmiş gəncləri işə qəbul edib yüksək maaşla təmin etməklə durumu müsbətə doğru dəyişmək olar. İndiki halda, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat Səfərbərlik Xidmətində rüşvət və korrupsiya əməllərinin müvəqqəti olaraq dayandırılmasına səbəb olacaq. Bir müddət sonra yenə də köhnə münasibətlər sistemi öz fəaliyyətini davam etdirəcək. Maaşı az, iş həcmi çox olan xidmət rəsmiləri onlara təklif olunan, maaşlarının 5-10 qatında rüşvətdən niyə imtina etsinlər ki?"

Hüquqşünas deyib ki, Səfərbərlik Xidmətinin rəsmilərini həbs etməklə durumu dəyişmək mümkün deyil: “Bu xidmətlə bağlı xüsusi tədbirlər görülməlidir ki, oradakı rüşvət və korrupsiya bataqlığı aradan qalxsın”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR