İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkidən sonra pandemiya cərimələri silinəcək? - daha bir amnistiya gözləntisi 

Ceyhun Məmmədov: “Biz insanları sistemsizliyə, qaydalara əməl etməməyə öyrədirik, ona görə...”

Ötən ilin sentyabrında Azərbaycan özünün bütün ərazisi üzərində suverenliyini bərpa etməklə yeni, tarixi bir dönəmə girdi. 7 fevral növbədənkənar prezident seçkisi də ən əvvəl bu dönəmin diktə etdiyi ölkə miqyaslı  bənzərsiz siyasi tədbirdir. Müstəqillik dövründə ilk dəfə işğaldan azad ərazilərdə də baş tutacaq seçkidə xalq əlbəttə ki, bir daha öz sözünü deyəcək. 

Bəzi məlumatlara görə, bu tarixi olaydan sonra dövlət səviyyəsində bəzi əfv və amnistiya qərarları verilə bilər. Bəs onların arasında vətəndaşlara pandemiya dövründə kəsilmiş və hələ də ödənilməyən cərimələr də ola bilərmi?                    

Xatırladaq ki, qonşu Gürcüstan və Türkiyədə hökumətin təklifi və parlamentin qərarı ilə belə cərimələr silinib. Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin martından koronavirus səbəbilə elan edilən xüsusi karantin rejimi aprel ayının 2-dək uzadılıb. Karantin rejimi tam ləğv edilməsə də, infeksiyanın çox yayıldığı zaman xeyli sayda insanın cərimələnməsinə səbəb olan maska və digər qadağalar götürülüb. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlər zamanı qaydalara uymayan vətəndaşlar cərimələnib. Ümumilikdə cərimələnən insanın sayı, onların ödədiyi cərimənin məbləği, nə qədər insanın cəriməni ödəmədiyi barədə məlumat açıqlanmayıb. 

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a deyilən bəzi fikirlərlə razılaşmadığını bildirdi: “Hesab edirəm ki, hər bir vətəndaş məsuliyyətli olmalı idi. Pandemiya bir ağır mərhələ idi və bu cərimələrin tətbiqində əsas məqsəd insanların qaydaya, nizama öyrədilməsi və cəmiyyətin sağlamlığının qorunması idi. Amma biz bu cərimələrdən insanları azad etməklə növbəti dəfə belə pandemiya yarandığı təqdirdə proseslərin qarşısını ala bilməyəcəyik. İnsanlar arxayınlaşacaq ki, o vaxt cərimələr oldu, bu cərimələr silindi. Ona görə biz qaydaları pozsaq da, növbəti dəfə cərimələr tətbiq olunmayacaq. Əgər tətbiq olunacaqsa da, sonradan əfv olunacaq və bağışlanacaq. Ona görə də hesab edirəm ki, bizim əsas hədəfimiz insanların məsuliyyət hissini artırmaq olmalıdır. Biz insanları məsuliyyətə yönəltməliyik. Əksinə olarsa, biz onları sistemsizliyə, qaydalara əməl etməməyə öyrədirik. Uzun perspektivdə bu məsələyə baxanda bizim üçün yarada biləcəyi problemlər daha çoxdur. Hesab edirəm ki, bu məsələdə geri addım atmamalıyıq. Bizim cəmiyyəti digər cəmiyyətlərlə müqayisə etmək yanlışdır. Çünki bizim cəmiyyətin psixologiyası, məsələlərə yanaşması tamamilə fərqlidir. Ona görə tələsməməliyik. Onu da nəzərə almaq lazımdır ki, bəzi insanlar cərimələrini ödəyib, bəziləri isə ödəməyib. Biz bu addımı atmaqla onların da haqqını pozmuş oluruq. Əlbəttə, ola bilər, dövlət nə vaxtsa əfvlə bağlı qərar qəbul etsin, dövlətin qərarları qarşısında bizim boynumuz qıldan incədir. Amma hesab edirəm ki, bu reallıqları nəzərə almalıyıq”. 

Razi Nurullayev prezidentliyə namizəd oldu

Razi Nurullayev 

Deputat Razi Nurullayev isə açıqlamasında cərimələrin ləğv edilməsini təklif edib: “Bununla bağlı əvvəlki çıxışlarımda da demişəm, cərimələr ləğv olunmalıdır. Bununla bağlı hökumət, Milli Məclis səviyyəsində qərar verilə bilər. Gürcüstanda bu məsələ qaldırıldı və parlament səviyyəsində həll olundu. Hesab edirəm ki, Azərbaycanda da məsələ həll olunmalıdır. Düzdür, o zaman cərimə olunanlar var idi, amma dövlətin məqsədi insanları cərimələmək deyildi. Məqsəd insanları məsuliyyətli olmağa dəvət etmək idi. Bu baxımdan hesab edirəm ki, bu cərimələr ləğv olunmalıdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR