İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sea Breeze” yolunda açıq lyuk kabusu - Video

Bu dəfə kanalizasiya sisteminin “qurbanı” yalnız insanlar deyil, həm də avtomobillərdir. Bakı küçələrində lyuk qapaqları çökür, sınıb dağılır və Hövsan kanalizasiya kollektoruna "qapı" açılır. Nəticədə sürücülərin maşınlarının təkərləri bu boşluqlara düşərək ciddi zərər görür. Çox vaxt disklər əyilir, təkərlər cırılır, qəfil zərbə isə həm təhlükə, həm də əlavə xərc yaradır.

Musavat.com  xəbər verir ki, Pirşağı-Nardaran yolu, 21-ci dalanda, bir marketin qarşısında aylarla açıq qalan lyuk sakinlərin kabusuna çevrilib. Kamera görüntülərində görünür ki, 12-dən çox avtomobil həmin lyuka düşüb. Maşınların təkərləri və diskləri sıradan çıxıb, bəzən isə sürücülər qəfil idarəetməni itirərək qəza təhlükəsi ilə üzləşiblər. Təhlükə yalnız sürücülərlə məhdudlaşmır, oradan keçən piyadalar da hər an yıxılaraq xəsarət ala bilərlər.

Xatırladaq ki, bu ilin iyununda 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşmüşdü. Bakının mərkəzi küçəsində baş verən həmin hadisə ölkə gündəminə çevrilmişdi. Gəncin meyiti yalnız bir neçə gün sonra Hövsan qəsəbəsindəki kanalizasiya kollektorunda tapılmışdı. Aradan üç aya yaxın vaxt keçsə də, paytaxt küçələrində vəziyyət hələ də dəyişməyib.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, belə hallarda sürücülər dərhal yol patrul xidmətinə müraciət etməlidirlər:

“Hadisə qeydə alınmalıdır. Daha sonra avtomobilə dəyən zərərin miqdarı servis mərkəzində ölçülüb hesablanır. Bu, həm hüquqi baxımdan, həm də zərərin ödənilməsi üçün əsasdır”.

Memar Cahid Həsənov isə yolsalmanın keyfiyyətində ciddi problemlərə diqqət çəkib:

“Kanalizasiya sistemi dözümlü materiallardan hazırlanmalı, suötürücü konstruksiyalar düzgün qurulmalı və yol örtüyü standartlara uyğun çəkilməlidir. Bu işlər ayrı-ayrı yox, koordinasiyalı şəkildə aparılmalıdır. Əks halda, çöküntülər və qırılmalar davam edəcək. Problem yalnız sürücülər üçün deyil, piyadalar üçün də real təhlükədir. Lyuklar cavabdeh qurumlar tərəfindən davamlı monitorinqdən keçirilməli, sıradan çıxanlar dərhal yenisi ilə əvəz olunmalıdır ki, yol infrastrukturu normal fəaliyyət göstərə bilsin”.

 

Mənzər Novruzlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR