İnsanlara hürriyət, millətlərə istiqlal!

Sayları artan “ömürlüklər” problemi

Əfv Komissiyasının üzvü deyir ki, bu günə qədər 40-dan artıq ömürlük məhkum ya əfv olunub, ya da onların hökmü müddətli cəzası ilə əvəzlənib

Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayında yenidən artım baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə məhkəmələr 10 nəfərə ömürlük azadlıqdan məhrumetmə cəzası kəsib.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə belə məhkumların sayı 5, 2022-ci ildə 3 nəfər olub. Qeyd edək ki, ömürlük məhkumlar Umbakıdakı cəzaçəkmə müəssisəsində saxlanılır.

Ömürlük azadlıqdan məhrum etmə cəzası cəza növlərindən biri kimi Cinayət Məcəlləsinin 42-ci maddəsində öz əksini tapıb. Məcəllənin 57.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Sözügedən cəza hər kateqoriya cinayət əməlinə görə yox, yalnız törədilən cinayət əməli yuxarıdakı kateqoriya cinayətlərə aid olduqda tətbiq edilir.

Sülh və insanlıq əleyhinə törədilən cinayətlər isə CM-in 16-cı fəslində, müharibə cinayətləri 17-ci fəslində, şəxsiyyət əleyhinə olan cinayətlər 18-ci fəslində, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlər 19-cu fəslində, dövlət hakimiyyəti əleyhinə törədilmiş cinayətlər isə 20-ci fəslində yer alır. Bir daha qeyd etmək istərdim ki, bu cinayətləri törətmiş şəxslərə o halda ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilir ki, törədilən cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına (Cinayət Məcəlləsi ilə qəsdən törədilməsinə görə 12 ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur) aid olsun.

Cinayət Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Qobustan həbsxanasında saxlanılanlar qanunun bu bəndini ədalətsiz hesab edirlər. Onlar dəfələrlə ömürlük həbs cəzalarının 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini tələb ediblər. Öz tələblərini 2000-ci ildə Azərbaycanın yeni Cinayət Məcəlləsinin qəbul edilməsi və onların işinə yeni normalara uyğun olaraq təkrar baxılması zərurəti ilə izah edirlər.

Ömürlük məhbuslar problemini həll etmək üçün hansı addımlar atılmalıdır? Hansı ölkələrin bu yöndə təcrübələri məqbuldur?

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiqi təkcə hüquqi məsələ deyil, həm də dövlətin insan həyatına, ləyaqətinə və islah prinsipinə necə yanaşdığını göstərən bir barometrdir.

Əliməmməd  Nuriyev qeyd edib ki, bu günə qədər Azərbaycanda 40-dan artıq ömürlük məhkum ya əfv olunub, ya da onların cəzası müddətli cəza ilə əvəzlənib: “Bu faktın özü göstərir ki, sistem müəyyən hallarda reabilitasiyaya imkan tanıyır. Eyni zamanda mövcud qanunvericilik ömürlük məhkumlara bir sıra hallarda azadlığa çıxmaq üçün hüquqi imkanlar tanıyır. Xüsusilə onu vurğulamalıyam ki, ömürlük cəza alan şəxs cəzanın 10 ilini çəkdikdən sonra əfv üçün Prezidentə müraciət edə bilər. Cinayət Məcəlləsinin 57.3 və 57.4-cü maddələrinə əsasən, məhkəmə ömürlük məhkumun cəzasını 25 il çəkdikdən sonra 10 ilədək müddətli cəza ilə əvəz edə və ya onu şərti olaraq azad edə bilər.  Amma bu müddəalar hələlik məhkəmə praktikasında real tətbiq olunmayıb. Niyə? Bu, hüquqi sistemin təşəbbüskar olmaması, reabilitasiya anlayışının hələ də yetərincə oturuşmaması ilə bağlıdır”.

Əliməmməd Nuriyev vurğulayıb ki, dünyanın bir çox  ölkələrində, məsələn, Almaniya, Fransa və Norveçdə - ömürlük cəza yalnız formal xarakter daşıyır. Bu ölkələrdə müəyyən müddət keçdikdən sonra məhkumun sosial təhlükəlilik səviyyəsi yenidən qiymətləndirilir: “Avropa İnsan Hüquqları Məhkəməsinin "Vinter və digərləri - Birləşmiş Krallıq" işi üzrə verdiyi qərar da bunu təsdiqləyir: insanın azadlığa çıxmaq ümidi hüquq kimi tanınmalıdır. Əgər sistem bu ümidi birdəfəlik əlindən alırsa, bu artıq cəza deyil, bu bir növ unudulmaq, ləyaqət itkisidir".

Əliməmməd Nuriyev hesab edir ki, Azərbaycan qanunvericiliyi də bu baxımdan müəyyən imkanlar tanıyır, lakin onların tətbiqi ilə bağlı mexanizmlər ya işləmir, ya da qeyri-effektivdir: “Əfv, şərti azadetmə, müddətli cəzaya çevirmə kimi alətlər sistemli və şəffaf şəkildə tətbiq olunmalıdır. Məhkumun keçirdiyi peşmanlıq, davranışları, sosial təhlükəliliyi bütün bunlar hüquqi və psixoloji əsaslarla qiymətləndirilməlidir. Hər bir insanın ikinci şansa haqqı var, bu, yalnız hüquq məsələsi deyil, həm də mənəvi məsuliyyətdir. Cəmiyyət olaraq biz bir məsələni unutmamalıyıq. Bəzən bir ömür bir səhvlə gedir, amma bəzən də bir fürsətlə dəyişə bilir. Cəza siyasətimiz islah və reabilitasiya ideyasına söykənməli, cinayətkarı cəmiyyətdən əbədi təcrid etmək yox, onu dəyişmək məqsədi daşımalıdır”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR