İnsanlara hürriyət, millətlərə istiqlal!

Saqqallı tətbiq

Əgər BBC kimi dünyada tanınan xəbər agentliyi öz buraxılışında bunu xüsusi vurğulamasaydı, bu tema heç mənim ağlıma gəlməzdi. Ancaq agentlik elə bu cür də yazmışdı: “Olimpiadanın sürprizlərindən, gözlənilməz hadisələrindən biri də Azərbaycan güləşçilərinin son 30 ildə ilk dəfə medalsız qalmasıdır”. Bir tərəfdən uğursuzluğa məyus olsan da, idmanımıza beynəlxalq diqqət maraqlı gəlir. 

Doğrudan beləymiş. 1996, ABŞ olimpiadasında güləşçilərimiz 1 gümüş; 2000 Avstraliya və 2004 Yunanıstanda 1 qızıl; 2008 Pekin - 1 gümüş, 2 bürünc; 2012, London -  2 qızıl, 2 gümüş, 3 bürünc; 2016, Braziliya - 3 gümüş, 6 bürünc; 2020, Yaponiya - 1 gümüş, 2 bürünc medal alıblar. Son Paris olimpiadasında isə BBC həmin xəbəri verənəcən medal yox idi, ancaq sonrakı günlərdə, deyəsən, 2-3 bürünc aldıq.

Bəs həmişə el arasında populyar olan güləşin tənəzzülündə günahkar kimdir? Niyə azərbaycanlı güləşçi Pərviz Nəsibov Ukrayna bayrağı altında uğurla çıxış edir, gümüş medal aldı, biz isə İrandan və Dağıstandan güləşçi yığırıq? Ukraynadakı güləş məşqçisi Yaşar Nəsirovu bura gətirmək mümkün olmayıbmı? Yoxsa neft pullarını əcnəbilərə yedirtmək məsləhətdir?

Əlbəttə, bunlar ritorik suallardır. Əslində yuxarıda yazdığım kimi, mən heç güləşlə (oxu: siyasətlə) maraqlanmıram. Sadəcə, tragikomik mənzərədir ki, hər iki oğlan uşağından birinin “güləşə getdiyi”, məşqçilərin balaca uşaqları yerə çırpıb öldürdüyü, sınıq qulaqla el arasına çıxmağın fəxr sayıldığı (Sumqayıt bazarında bir yer var, orda oğlan uşaqları pul verib qulaqlarını sındırırlar ki, güləşçiyə oxşasınlar) məmləkət olimpiyadaya bu idman növü üzrə göndərməyə adam tapmır.

Hərçənd “tapmır” yazmaq da düz deyil, Parisə göndərdiyimiz heyətdə ən çoxu elə güləşçilər olub - 48 nəfərdən 12-si.

İşi iş bilənə tapşırmayanda qəribə hallar ortaya çıxır. Məsələn, bugünlərdə paytaxt nəqliyyatında işlədilən “Bakıkart” sistemində nasazlıq yaranmışdı. Daha dəqiqi, tətbiqin mobil telefonlardakı proqramı çökmüşdü. Sərnişinlərə məsləhət gördülər ki, hələlik kartın özündən yararlanın.

Belə hallar mümkündürmü? Təbii. Elektron sistemlərdə, internetlə işləyən mexanizmlərdə və tətbiqlərdə vaxtaşırı bu cür problem çıxa bilər. Ancaq söhbət həmin problemi nə qədər vaxta aradan qaldırmaqdan gedir! Mən yazını yazanda “Bakıkart” bu gülünc problemin əlində hələ girinc qalmışdı. Düz 5 gün idi! Halbuki eşşək boyda Feysbuk, Vatsap-zad çökəndə görürsən 1 saata təmir edirlər.

Axırda rəhbərlik məcbur oldu kart idarəsinin müdirini dəyişsin. Dünən xəbər lentində belə söhbət gördüm. Yəqin müdiri dəyişmək kart tətbiqini tənzimləməkdən daha asan imiş. Buna da min şükür.

Halbuki paytaxt nəqliyyatında gediş haqqı niyə bir sistemlə, monopoliya üzərindən ödənilir, bunu izah edən yoxdur. “Bakıkart” və onun sahibi “K Group” MMC bu üstünlüyü, görəsən, hansı tenderdə udub? Niyə çoxlu şirkətlər olmasın? Güzəştli kartlar, bonuslar, günlük və o cümlədən gediş sayı artdıqca ödəniş məbləği azalan kartlar yoxdur? Halbuki ortada az pul fırlanmır. Gedişə ödədiyimiz hər 50 qəpiyin 5 faizi “Bakıkart”ın cibişdanına gedir. Milyonlar qazanırlar, ancaq bir mobil tətbiqi 1 həftə düzəldə bilmirlər.

Görəsən, Dağıstandan mobil tətbiq almaq olarmı? Belə, saqqallı bir tətbiq. Ağzı dualı, əlində də təsbeh olsun.  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR