İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamxanini Bakıya gətirən tək səbəb: Tehrana sual(lar) var

İranın rəhbər şəxsinin xüsusi nümayəndəsi İrəvandan sonra Azərbaycana gəldi və İlham Əliyevin qəbulunda oldu; politoloq: “Biz İran rəsmilərini və diplomatlarını ona alışdırırıq ki...”

İranın ali rəhbəri ayətullah Əli Xameneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edib. Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti əsasında baş tutub.

Prezident İlham Əliyev iyulun 15-də Azərbaycanda səfərdə olan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, Əli Şamxani İran prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran prezidentinə çatdırmağı xahiş edib.

İlham Əliyev Əli Şamxanini qəbul edib - Şafaqna Azərbaycanca

Söhbət zamanı dövlət başçısı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində İran Prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb, həmin görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib. Əli Şamxani Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə xalqımızı təbrik edib. Qonaq İranın Azərbaycanla mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu və ölkəmizlə əlaqələrin genişləndirilməsinə həmişə böyük əhəmiyyət verdiyini vurğulayıb. Görüşdə ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən İranla Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında da mühüm mesajlar verib. “Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb - mənim Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlərim bir daha bunu göstərir” - Prezident deyib. Dövlət başçısı qeyd edib ki, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılıb, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilib.

“Amerika Birləşmiş Ştatlarının Prezidenti mənə iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti deyib ki, əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salsaq, Azərbaycanın hər istiqamət üzrə irəlilədiyini görərik: “Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik”.

Burada olduqca mühüm ismarışlar var, uzaq-yaxın ölkələrə...

Bakıdakı səfər çərçivəsində Əli Şamxaninin Azərbaycanın rəsmi şəxsləri ilə də bir sıra görüşlər keçirəcəyi bildirilir. Görüşlərdə ikitərəfli münasibətlər, regionda və dünyada baş verən son hadisələrin müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, Şamxani ötən həftə İrəvanda olmuş, həm İrəvanda verdiyi bəzi açıqlamalar və bölgəyə səfərini Ermənistandan başlaması ölkəmizdə müəyyən etiraz yaratmışdı. Yəni gec də olsa, bu, balans yaratmaq cəhdi hesab edilə bilərmi?

Bir şeyi əminliklə söyləmək olar ki, Tehrana suallar var. Bəs Bakıda bağlı qapılar arxasında əsas hansı məsələ diqqət mərkəzində olub, yaxud olacaq?

“Əli Şamxani əvvəlcə Ermənistana səfər etmişdi. Bir neçə gün sonra Bakıya gəldi, sözdə balans pozulmasın deyə, bu səfəri reallaşdırdı”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Şərhçinin sözlərinə görə, Azərbaycanla İran arasında müxtəlif mövzular var ki, müzakirə olunmalıdır: “İqtisadi mövzular var, amma bu mövzular Əli Şamxaninin səlahiyyətlərinə, məsuliyyət çərçivəsinə deyil. Təhlükəsizlik məsələləri, sərhəddəki problemlər var. Xüsusilə də sərhəddə həqiqətən ciddi problemlər var, sərhəd pozucuları, narkoticarətçilər İran tərəfdən silahlı basqınlar həyata keçirirlər.

Əsas sual budur ki, Azərbaycan müstəqillik qazandıqdan sonrakı 30 il ərzində sərhəd əsasən, İran tərəfdən pozulur. Necə olur ki, İran sərhədçiləri bunun qarşısını ala bilmirlər, yaxud almaq istəmirlər. Əlbəttə ki, bu suallar da yəqin qapalı görüşdə Şamxaniyə verilib".

E.Şahinoğlu bildirdi ki, hərbi əməkdaşlıqdan uzun illərdir danışılır: “Amma mən İranla Azərbaycan arasında hərbi əməkdaşlığın perspektivini görmürəm. İranın xarici və təhlükəsizlik siyasəti buna imkan vermir. Üstəgəl, ABŞ-ın sərt sanksiyaları var. Bu amil də Azərbaycan-İran əməkdaşlığına müəyyən qədər maneədir. Amma müdafiə nazirləri səviyyəsində təmaslar, təhlükəsizlik sahəsində fikir mübadiləsi mümkündür”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu 

Politoloq İranda Azərbaycanla bağlı vaxtaşırı səslənən iddialara da münasibət bildirdi: “Guya Azərbaycanın üçüncü ölkələrlə münasibəti İrana qarşı yönəlib. ABŞ-ın, İsrailin adını çəkirlər. Halbuki biz dəfələrlə demişik ki, bizim üçüncü dövlətlərlə münasibətlərimiz qonşu dövlətlərin əleyhinə deyil. Dəfələrlə bəyan etməyimizə baxmayaraq,  yenə də İran rəsmiləri və diplomatları bundan dərs çıxartmırlar, bu mövzunu hər dəfə gündəmə gətirirlər. Amma Azərbaycanın müstəqil siyasəti var. Biz də İran rəsmilərini və diplomatlarını ona alışdırırıq ki, Azərbaycan müstəqil siyasət yürüdür və istənilən dövlətlə dostluq, əməkdaşlıq etməkdə sərbəstdir”.

Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır”- Tural İsmayılov

Tural İsmayılov

Politoloq Tural İsmayılov hesab edir ki, İran regional layihələrlə bağlı bir sıra tərəddüdlər içindədir: “Əvvəla, İran regional layihələrdə qazancları ilə siyasi itkiləri arasında götür-qoy edir. İran Zəngəzur dəhlizinin açılmasını böyük risk faktoru sayır. Halbuki dəhliz heç bir formada İran maraqlarına təhdid deyil. Bundan başqa, İran ərazisindən Azərbaycana qarşı çağırışlar var. İran TŞ katibi Şamxani prinsipial mövqe qoymalıdır. Ya birdəfəlik bütün Azərbaycan əleyhinə İrandan yayım edən ekstremistlər Azərbaycana təhvil verilib normal münasibətlər yaranmalıdır, ya da iki ölkə arasında münasibətlərin gələcək inkişafı ciddi sual altına düşə bilər. İranın Ermənistana marağı Qərbi və hətta Rusiyanı da narahat edir. Ermənistan mövzusunda İranla Rusiya arasında yeni bir qarşıdurma da ola bilər. Çünki heç kim forpostunu itirmək istəməz”.

T.İsmayılov onu da qeyd etdi ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi indiyə qədər anlaşılan deyildi: “İran rəsmi şəxslərinin açıqlamaları bu məsələdə Tehranın nə qədər narahat olduğunu ortaya qoyur. Ümumiyyətlə, hazırkı dövrdə Zəngəzur dəhlizi əsas regional kommunikasiya vasitələrindən biridir. Normalda İranın iqtisadi və siyasi sistemi üçün də böyük dividentlər bəxş edən bu dəhliz İranın özünün iqtisadi manevr imkanlarını genişləndirir. Lakin İran Azərbaycan-Türkiyə cütlüyünün regionun əsas yeniliklərində söz sahibi olmasını qəbullana bilmir. Bu baxımdan düşünürəm ki, 3+3 platforması çərçivəsində İrana daha çox təsir edilməlidir. Çünki Azərbaycanın İrana qarşı bütün dürüst mövqeyinə baxmayaraq, hələ də İran ərazisində Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərənlər var. Hesab edirəm ki, üçtərəfli görüşlərdə mühüm irəliləyişlər əldə ediləcək. Nəticədə proses Azərbaycanın xeyrinə olacaq. İran isə Zəngəzur dəhlizinin hansısa bir formada onu təhdid etmədiyini dərk etməlidir. Əvvəl-axır bu proses də baş verəcək”.

Maraqlısı budur ki, İran rəsmisinin ardınca ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Börns Ermənistanın paytaxtı İrəvanda səfər edib. Məlumata görə, onun yüksək səviyyəli görüşlər keçirəcəyi planlaşdırılır. V.Börnsün səfəri ilə bağlı ABŞ-ın Ermənistandakı səfirliyi heç bir açıqlama yaymayıb.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR