Onlayn ictimai-siyasi qəzet
İlahiyyatçı deyir ki, cəmiyyət insanlara yol göstərən, elm öyrədənləri hər zaman sayğı ilə xatırlayıb, ruhlarını yad edib
“Məscidlərdə olan axundların rəhbərliyi Dini Komitədədir”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bir neçə gün öncə keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib. Deputat bildirib ki, dini məsələlərə rəhbərlik edən axundların hər cümə üçün Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış moizələri var: “Amma "palatka mollaları" tərəfindən kiməsə salavat çəkilməsi, bizə uyğun olmayan saqqal saxlanılması kimi məsələləri edənlər nəzarətsiz insanlardır. Onların bizim dövlətimizin apardığı siyasətə aidiyyəti yoxdur. Cəmiyyət bunlara cavab verməlidir".
Deputat Tənzilə Rüstəmxanlının isə çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz etməsi ictimaiyyətdə müzakirələrə səbəb oldu. Lakin sonradan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaydığı bəyanatında bildirilib ki, Tənzilə Rüstəmxanlının çıxışında Hacı Şahinin ruhunu incidəcək kəlməsi olmayıb.
Bəs salavat kimlərə oxuna bilər? Bu sual zaman-zaman gündəmə gəlir. İnsanlar arasında belə fikir formalaşıb ki, salavat yalnız peyğəmbərə aid edilə bilər. Bu kimi məsələlərdə bəzən fikir ayrılığı da yaşanır. Ümumiyyətlə, bunun mahiyyəti nədir?
Yeri gəlmişkən, Hacı Şahinin Həsənlinin adının şəhidlərlə eyni anılması mənə bir səhnəni xatırlatdı. Şəhid anaları Hacı Şahin Həsənlinin vəfat etdiyi gün məzarını ziyarət etmişdilər. Onlar övladlarının fotosunu Hacı Şahinin məzarına asmışdılar, məzarın üzəri bütünlüklə şəhid fotoları ilə bürünmüşdü. Şəhid anaları qeyd edirdilər ki, Hacı Şahin şəhidlərin dəfnində iştirak edib, mütəmadi olaraq ailələri ilə görüşüb. “Biz Hacı Şahinlə təsəlli tapırdıq, sanki övladımızı görürdük”, - deyə onlar Hacı Şahinin məzarı üzərində çıxışları zamanı demişdilər...
Dini məsələlər üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Salavat olaraq qəbul etdiyimiz ifadə dua sözünün cəmidir. Bu ifadə əsasını Qurani-Kərimdən alır. "Əhzab" surəsinin 56-cı ayəsində Allah buyurur: “Allah və mələkləri Peyğəmbərə dua edirlər. Ey iman gətirənlər! Siz də ona dua edin”. Ayədən də göründüyü kimi, salavat (dualar) Peyğəmbər (s) üçün edilir. Ümumiyyətlə, bu mövzunu aqressivliyin predmeti olaraq seçmək onu seçənlərin naşılığından irəli gəlir. Azərbaycanda məclislərdəki salavat anlayışı dünyasını dəyişmiş hansısa insanın ruhunu yad edərək, Peyğəmbərə edilən dualar silsiləsindəndir. Bu da narahatlığa səbəb olmalı deyil. O ki qaldı rəhmətlik Hacı Şahinin ruhunun yad edilməsinə, məncə, bu məsələnin də qısqanclıq yaratması yersizdir. Azərbaycanın müasir tarixində Hacı Şahin müstəsna yeri olan din xadimi olub. Onun dini moizələri sayəsində minlərlə insan İslam dininin gerçək mahiyyətini öyrənib, Vətənini sevən dindarlar kimi formalaşıb. Hacı Şahinin az insanın bildiyi cəhətlərindən biri də onun 44 günlük Vətən müharibəsində misilsiz xidmətləri ilə bağlıdır. Bu müharibədə cəmiyyətin böyük əksəriyyəti Hacı Şahini şəhidlərimizin dəfn mərasimlərində gördü. Lakin Hacı Şahinin özünün heç zaman danışmadığı başqa faktlar da var. Müharibə zamanı döyüşə gedən əsgərlərimizi zəfərə ruhlandıran, onlara şəhidliyin hikmətini və fəlsəfəsini öyrədən din xadimi kimi Hacı Şahinin etdikləri çox böyük işlər idi. Eyni zamanda Hacı Şahin o din xadimlərindən idi ki, o, təkcə inanclı insanların deyil, bütün təbəqələrdən olan insanların sevgisini qazana bilmişdi. Bu da onun İslam dinini azərbaycanlılarının milli kimliyinin formalaşmasında əsas dəyər olaraq təbliğ etməsindən irəli gəlirdi. Cəmiyyət insanlara yol göstərən, elm öyrədənləri hər zaman sayğı ilə xatırlayıb, ruhlarını yad edib. Nə qədər zaman keçsə də, Azərbaycan cəmiyyəti Hacı Şahini və onun kimi dəyərli insanları sayğı ilə xatırlayacaq. Hacı Şahindən sonra onun dini söhbətlərindən ibarət zəngin bir xəzinə qalıb. O söhbətlərdən gələcək nəsillər də çox şey öyrənəcək.
Bu mövzunu mübahisə predmetinə çevirmək də cəmiyyətə heç nə qazandırmır. Çünki ən elementar səviyyədə dini anlayışı olan hər kəs bilir ki, Quranın konkret ayəsinə söykənən duanın (salavatın) ünvanı Allah Rəsulu Hz.Məhəmməd (s) və onun ailəsidir.
Hər fürsət düşdükcə İslam dinini, din xadimlərini hədəf seçmək heç kimə baş ucalığı gətirmir. “Dünyasını dəyişmiş insanın haqqında ya yaxşı danışın, ya da heç danışmayın” tövsiyəsi kamil insanların əməl edə biləcəyi və sərgilədiyi davranışdır. Bu kamilliyə sahib ola bilməyənlərə istənilən tövsiyə su üzərində yazılan yazıya bənzəyər. Əgər bir din xadiminin sağlığında bir mübahisənin “yarasını” hələ də sağalda bilməyənlər üçün bütün nəsihətlər boşunadır".
Yazını hazırladı: Afaq MİRAYİQ
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ