İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahramanyan yenə kukla “prezident” seçilir - Paşinyan hara baxır...

Rəsmi İrəvanın ikibaşlı oyunu davam edir; sülh bəyanatlarının arxasındakı məkr; Bakıdan sərt tələb; STM-in icraçı direktoru: “Biz bu hərəkətlərə daha dərindən qiymət verməliyik və bu oyunları yalnız bir qrup separatçı tör-töküntünün təşəbbüsü kimi qiymətləndirməməliyik”

Azərbaycanın bir günlük antiterror əməliyyatından sonra, 28 sentyabr 2023-cü il tarixində özünü buraxdığını elan edən və aradan çıxan “artsax”ın sonuncu başçısı Samvel Şahramanyan son aylar yenidən İrəvan küçələrində görünməyə başlayıb.

Artıq o, Yerablur qəbiristanlığına getməklə kifayətlənmir, eyni zamanda separatçı qurumu diriltməyə yönəlik cəhdlər edir.

Məlum olduğu kimi, separatçıların sonuncu başçısı Samvel Şahramanyan 2023-cü ilin 10 dekabrında qondarma “artsax”ın buraxılması haqqında özünün imzaladığı saxta “fərman”ını ləğv etdiyini açıqlamışdı və bir nüsxəsini Ermənistan baş naziri Nikol Paşinyana göndərmişdi. Uzun müddət susqun vəziyyətdə qalan Şahramanyanın bu davranışlarına Paşinyanın da sükutlu reaksiyası, həmçinin qondarma qurumun İrəvanın mərkəzindəki qurumun ləğvi barədə addım atmaması suallar doğururdu.

Ermənistanın “Hraparak” qəzeti yazıb:

“Bu gün - mayın 21-də “artsax prezidenti”nin səlahiyyət müddəti başa çatır, ona görə də bu gündən Samvel Şahramanyanın səlahiyyətlərinə xitam verilmiş hesab olunur”.

Ermənistan Respublikasının mövcud qanunvericiliyinə və parlamentin aylar əvvəl konstitusiyaya etdiyi dəyişikliyə əsasən, seçkilərin qeyri-mümkün olduğu halda, “ölkə prezidenti səlahiyyət müddəti bitdikdən sonra 10 gün ərzində parlament tərəfindən seçilir”.

Nəşr yazıb ki, “artsaxın parlament fraksiyaları namizədlər irəli sürməlidirlər və kim 17 deputatın səsini alsa, növbəti prezident olacaq”:

“Bizə dedilər ki, indiyədək heç bir qüvvə namizəd irəli sürmək niyyətini açıqlamayıb, ona görə də Samvel Şahramanyan parlamentə birgə namizəd ola bilər”.

Ermənistanda yenə separatçılar “evcik-evcik” oynayır. Ləğv edilməyən kukla rejimlə bağlı qərar qüvvədən salınıb və yenidən oyuncaq “respublika” formalaşdırılır. Halbuki ötən həftə Ermənistan rəsmiləri bu addımları yolverilməz adlandırmışdı. Hətta onların qərargahının əlindən alınacağı xəbəri verilmişdi.

Bəs indi nə baş verir?

Paşinyan sülhdən danışır, amma separatçı tör-töküntülərə əl-qol açmağa macal verir...2023-cü ildə Qarabağda etdiklərini indi də İrəvanda təkrarlayırlar.

Ekspertlərimiz bütün bunlarla bağlı nə düşünürlər?

Ermənistanın ikibaşlı oyunlarına cavabımız nə olmalıdır?

SAHİB YENİ.jpeg (76 KB)

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, burada iki hal mövcud ola bilər:

“Ya Nikol Paşinyan separatçıları dəstəkləyir və bunu gizli edir, yaxud Paşinyan hakimiyyəti ölkədəki proseslərə nəzarət edə bilmir. Əslində bunların hər ikisi pisdir.

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış edib.

Prezident İlham Əliyev öz bəyanatında Ermənistanla aparılan danışıqlar və sülh prosesinin gedişatına da toxunub.

O, öz bəyanatında bir daha qeyd edib ki, “...Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası var. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir”.

Niyə bu iki məsələ Azərbaycan üçün prinsipialdır? Bu sualın cavabı həm də Ermənistanın daxilində baş verənlərlə bağlıdır. Erməniçilik heç nədən imtina erməyib. Separatçıların xəyali “artsax respublikası”nın “yeni prezidenti”ni “seçmək” üçün təşəbbüs göstərməsi onu göstərir ki, biz davamlı sülhə nail olmaq üçün irəli sürdüyümüz tələblərdən geri çəkilə bilmərik”.

S. Məmmədov Azərbaycanın qırmızı xətlərinin olduğunu da vurğulayıb:

“Biz heç bir halda Ermənistanda baş qaldıran daxili qüvvələr, onları xaricdən dəstəkləyənlər üçün hüquqi əsaslar verəcək müddəaların Ermənistan konstitusiyasında qalmasına yol verə bilmərik.

Azərbaycanın konkret ərazilərinə olan iddialar konstitusiyadan çıxarılmalıdır. Doğrudur, bu halda da biz erməniçiliyin niyyətlərindən əl çəkəcəklərinə tam ümid edə bilmərik. Amma istənilən halda biz prinsipial saydığımız və beynəlxalq hüququn prinsiplərinə tam uyğun olan tələblərimizdən geri çəkilməli deyilik.

ATƏT-in Minsk Qrupu ya ləğv olunmaldır, ya da hər iki tərəf birgə qərar qəbul etməklə həmin qrupdan imtina etməlidir. Hazırda Ermənistanda separaçı qalıqların hərəkətlərini mənasız və gülünc hesab edə bilərik, amma biz bu hərəkətlərə daha dərindən qiymət verməliyik və bu oyunları yalnız bir qrup separatçı tör-töküntünün təşəbbüsü kimi qiymətləndirməməliyik.

Onları dəstəkləyənlər var və bu qüvvələrin məqsədi revanşdır”.

MEHEMMED.jpg (68 KB)

Politoloq Məhəmməd Əsədullazadə isə şübhə etmir ki, Ermənistanda qondarma “artsax” adı ilə separatçı rejimin mövcudluğu Nikol Paşinyanın siyasi oyunudur:

“Nikol Paşinyan onları ləğv etməməklə Azərbaycana “təzyiq” göstərdiyini güman edir. Ona görə də Minsk Qrupunun ləğvinə getmir. Sülh müqaviləsi bağlanana kimi Nikol Paşinyan Şahramanyan və onun kukla tərəfdaşlarının bu kimi oyunlarına şərait yaradıb.

Əgər separatçıların ofisləri əllərindən alınmırsa, fəaliyyətləri varsa, demək burada hakimiyyət maraqlıdır.

Paşinyan sülhdən danışır, Prezident İlham Əliyevi kofe içmək adı ilə müzakirələr aparmağa dəvət edir, danışıqlar aparmaq istəyir, digər tərəfdən isə hələ də Qarabağ separatçılarının fəaliyyətinə şərait yaradır. Bu, rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyidir”.

M. Əsədullazadə qeyd edib ki, Ermənistan hökuməti sülhdə maraqlı deyil:

“Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırsa, onda separatçıların fəaliyyətinə niyə icazə verir? Azərbaycan Ermənistana xəbərdarlıq etməlidir. Birinci, “artsax” adı ilə ofisləri bağlanmalı, separatçıların fəaliyyətinə qanuni qadağa tətbiq olunmalıdır. Əgər edilmirsə, deməli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu məsələ birdəfəlik bağlamalıdır”.

Ekspert bildirib ki, baş verənlər sülh müqaviləsi üzrə danışıqlarda rəsmi İrəvanın səmimi olmadığını nümayiş etdirir:

“Bunlardan Robert Köçəryan və Serj Sərkisyan da istifadə edəcək. Separatçılar Nikol Paşinyanın növbəti mərhələdə məğlub olmasına çalışacaqlar. İrəvanda Azərbaycana qarşı ərazi iddiaları ortaya qoyan mərkəz və separatçılar ləğv edilməsə, rəsmi Bakı danışıqlara qatılmamalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR