Onlayn ictimai-siyasi qəzet
“Paşinyan hakimiyyəti ancaq bir işlə məşğuldur - xarici siyasət fəaliyyətinin imitasiyası”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Hrant Melik-Şahnazaryan deyib.
““İrəvan dialoqları” beynəlxalq forumunda səslənən tezislər əslində sadəcə olaraq real siyasətə söykənməyən “sabun köpüyü” təbliğatıdır. Paşinyan “Sülhün kəsişməsi” layihəsinə beynəlxalq maraq görüntüsü yaratmağa çalışır, amma reallıqda forumda əsasən keçmiş vəzifəlilər, yəni artıq siyasi qərarların qəbuluna təsir göstərməyən insanlar iştirak edir. Bundan əlavə, “Sülhün kəsişməsi”ndən dəm vuran Paşinyan layihənin həyata keçirilməsi üçün heç bir mexanizm təqdim etmir.
Əgər forumun təşkilinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, layihəyə maraq oyatmaq istəyi nöqteyi-nəzərindən baxsaq, burada da müəyyən problemlər var. Təklif olunan həll yolları real deyil. Hakimiyyət özü də etiraf edir ki, Ermənistan təhlükəsizliyini təkbaşına təmin edə bilməz və ona görə də buna avropalı müşahidəçiləri cəlb edir. Belə bir şəraitdə, xüsusən də fövqəldövlətlərlə regional oyunçular arasında maraqların toqquşduğu regionda Ermənistan “Sülhün kəsişməsi”ndə kommunikasiyaların təhlükəsizliyinə necə təminat verə bilər?”, - deyə Şahnazaryan bildirib.
Erməni ekspertin fikrincə, forumun təşkilinə dövlət büdcəsindən külli miqdarda vəsait xərclənib, lakin forumun özü Paşinyanın şəxsi reytinqini yüksəltmək məqsədindən başqa bir şey daşımayıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ