İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova  yaz sessiyasında müzakirə olunacaq məsələlər haqqında danışdı  

 

Milli Məclisin sədri Sahibə Qafarova bu gün, 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxış edib.

Musavat.com bildirir ki, parlament sədri ötən sessiyadan bəhs edib, yanvar ayında parlamentarların beynəlxalq fəaliyyəti haqqında danışıb, həmçinin yaz sessiyasının qanunvericilik işləri planı barədə məlumat verib: “Bildiyiniz kimi, yeddinci çağırış Milli Məclis ötən sessiyasını uğurla başa vurub. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Xatırladım ki, birinci sessiyanın yekunları barədə mən sizi ətraflı məlumatla tanış etmişdim”. S.Qafarova bildirib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib: “Deputatlarımız Asiya Parlament Assambleyasının komitə iclasında, ATƏT-in Parlament Assambleyasının büro iclasında, Şimali Kipr Türk Respublikasında keçirilən simpoziumda iştirak edib, həmçinin Belarus Respublikasında Prezident seçkilərini müşahidə ediblər”.

Sədr İtaliya səfəri barədə ətraflı məlumat verdi: “Yanvar ayının 21-də və 22-də Milli Məclis sədrinin başçılığı ilə  nümayəndə heyəti İtaliya Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana, İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının, İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşlərimiz oldu. Ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edildi. İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğu, ölkələrimiz arasında münasibətlərin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyi bildirildi. Eyni zamanda, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin böyük önəm daşıdığı bildirildi. Bu baxımdan Azərbaycanın, xüsusən Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi mədəniyyət layihələrinin əhəmiyyəti vurğulandı. Görüşlərdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barəsində də fikir mübadiləsi aparıldı. Parlament nümayəndə heyəti Romada Azərbaycan Səfirliyini və Səfirliyin tabeliyində fəaliyyət göstərən  Azərbaycan Mədəniyyət Mərkəzini də ziyarət etdi. Orada biz Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, möhtərəm Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycan barəsində çap olunmuş kitablar ilə bağlı fotosərgilər, Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr edilmiş Azərbaycan mədəniyyətinə və incəsənətinə dair kitablar ilə tanış olduq.  Eyni zamanda, biz Milli Məclisdən də bir sıra kitablar aparmışdıq, onları həmin mərkəzə hədiyyə kimi təqdim etdik. Hesab edirəm ki, İtaliyaya rəsmi səfər uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə öz dərin minnətdarlığımı bildirirəm”.

S.Qafarova qeyd etdi ki, sessiyalar arasındakı dövrdə Milli Məclisdə bir beynəlxalq tədbir – Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib: “Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin səhiyyə məsələləri komitələrinin sədrləri, üzvləri və TÜRKPA Katibliyinin nümayəndələri iştirak edib”. Sədr qeyd etdi ki, Milli Məclisdə bu ərəfədə iki ictimai dinləmə keçirilib: “Belə ki, yanvarın   30-da Səhiyyə komitəsinin keçirdiyi dinləmə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr edilmişdi. Tədbirdə  Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, ali təhsil müəssisələrinin, tibb müəssisələrinin rəhbərliyi və digər şəxslər iştirak edib. Elə həmin gün Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən dinləmədə Azərbaycan Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Gənclər Fondunun şöbə müdirləri, gənclər təşkilatlarının rəhbərləri iştirak etmişlər”.

S.Qafarova yekunda bildirdi ki, yaz sessiyasının qanunvericilik işləri planı hazırlanıb və bu gün bildiyiniz kimi, müzakirə ediləcək: “Bu sessiyada biz qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2024-cü  ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın), bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik hesabat, məlumat və məruzələrini də dinləyəcəyik. Hörmətli deputatlar, əminəm ki, Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcək. Sessiyada sizin hamınıza uğurlar arzulayıram”.

Hazırladı: E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR