İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Parlament diplomatiyası ən mühüm yumşaq güc alətlərindən birinə çevrilib”

Milli Məclisin təşkilatçılığı ilə “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr edilən beynəlxalq parlament konfransı keçirilir.

Musavat.com-un məlumatına görə, bir sıra ölkələrin parlament rəhbərliyinin və nümayəndə heyətlərinin qatıldığı konfransda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Spiker giriş nitqində bildirib ki, “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr edilən beynəlxalq parlament konfransının Azərbaycanda keçirilməsinin dərin rəmzi mənası var:

“Bu il biz müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik. Bununla əlaqədar 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub.

Hörmətli xanımlar və cənablar!

Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə mürəkkəb vəziyyətə düşmüşdü. Ölkəmizə qarşı silahlı təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini törətmişdi. Belə bir şəraitdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə və müasir dövlətin əsaslarını yaratmağa imkan verdi. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün təminatlar yaratdı. Bu mənada dövlətimizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inam və quruculuq dövrünün simvoludur.

Hörmətli həmkarlar!

Ulu Öndər Heydər Əliyevin başladığı yol Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son iyirmi iki il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Bu dövrdə həm də Konstitusiyamızın real gücü praktikada sınaqdan keçib.

Bildiyiniz kimi, ölkəmizin beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi otuz ilə yaxın Ermənistanın işğalı altında olub. Bu dövrdə Konstitusiya dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin hüquqi, mənəvi və fəlsəfi əsasını təşkil edirdi. Ölkəmizin əsas qanunu silahlı təcavüzə son qoymaq və sülh yaratmaq uğrunda diplomatik səylərimizin təməlində dayanmışdı.

2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa etdi. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar edilməsi ilə Azərbaycan Konstitusiyasında müəyyənləşdirilmiş prinsiplər real həyatda öz təcəssümünü tapdı”.

S.Qafarova əlavə edib ki, ölkəmizin Konstitusiyası ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi başlıca niyyətlərdən biri kimi bəyan edib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında beynəlxalq hüquqa əsaslanan sülh və inkişafı, dövlətlərin daxili işlərinə qarışmamağı, qarşılıqlı hörmət və əməkdaşlığı Azərbaycanın baxışları kimi təqdim edib.

Azərbaycanın regional və qlobal səviyyədə bütün fəaliyyəti – həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviqi, bu gün dünyanın üzləşdiyi müxtəlif çağırışlarla mübarizədə göstərdiyi səylər bu niyyət və baxışları əks etdirir.

Xüsusilə qeyd etmək istərdim ki, 30 illik işğal dövrünə baxmayaraq, məhz Azərbaycan Vətən müharibəsi başa çatdıqdan dərhal sonra sülh təşəbbüsü ilə çıxış edib. Sülhün əsasını təşkil edən 5 təməl prinsip və sülh sazişinin layihəsi də Azərbaycan tərəfindən təqdim olunub. Cari ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açıb”.

Milli Məclisin sədri vurğulayıb ki, indiki qlobal geosiyasi dinamika şəraitində məhz Konstitusiya qaydası dövlətlərə öz dayanıqlığını qorumaqda və milli maraqları əsasında inkişaf etməkdə kömək göstərir:

“Azərbaycanın təcrübəsi də əyani surətdə göstərir ki, Konstitusiya xalqın iradəsindən və milli dəyərlərdən güc alanda, hakimiyyət ilə xalq arasında uzlaşmanı təmin edəndə cəmiyyəti birləşdirən və dövlətin müstəqilliyini qoruyan böyük qüvvəyə çevrilir.

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir. O, milli birliyimizi möhkəmləndirir və cəmiyyətin sabit inkişafına kömək göstərir.

Hörmətli xanımlar və cənablar!

Müasir dövlətlər arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələr getdikcə daha intensiv və dinamik xarakter alır. Bu baxımdan dövlətlərin suveren bərabərliyi və müstəqilliyi, daxili işlərə qarışmamaq və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq prinsiplərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar parlamentlərarası əməkdaşlığın rolu da güclənir.

Bu gün parlament diplomatiyası ən mühüm yumşaq güc alətlərindən birinə çevrilib. Parlament təmasları vasitəsi ilə qarşılıqlı anlaşma körpüləri qurulur, ən kəskin məsələlər hüquq bərabərliyi və qarşılıqlı hörmət əsasında həll edilir. Biz hesab edirik ki, ənənəvi diplomatiyanı uğurla tamamlayan parlament diplomatiyası sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində daha böyük rol oynaya bilər.

Hörmətli həmkarlar!

Müasir dövrdə bəşəriyyət saxta informasiyanın yayılmasından və hibrid hücumlardan başlamış xalqların mədəni və ideoloji müstəqilliyinə edilən qəsdlərə qədər müxtəlif yeni təhdidlərlə qarşılaşır. Bu təhdidlərə bizim cavabımız qəti və prinsipial olmalıdır. Biz qanunun aliliyi və Konstitusiyaya hörmət əsasında suverenliyimizi möhkəmləndirməliyik. Yalnız birgə səylərlə yeni çağırışlara və təhdidlərə qarşı mübarizə aparmaq, bütün dünyada sülhü və sabitliyi möhkəmləndirmək mümkündür. Digər tərəfdən, milli maraqların müdafiəsi, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi də Konstitusiya dəyərlərinə sadiqliyimizdən çox asılıdır.

Konstitusiya prinsipləri ölkələr arasında ahəngdar qarşılıqlı əlaqə üçün təməl rolunu oynayır, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə şərait yaradır. Azərbaycan dövləti və parlamenti ardıcıl olaraq məhz bu yanaşmanı həyata keçirir.

Hörmətli həmkarlar! Xanımlar və cənablar!

İnanıram ki, bizim konfransımız sülh, ədalət və dövlətlərin rifahı naminə ətraflı fikir mübadiləsi aparmağa, xalqlarımız və parlamentlərimiz arasında qarşılıqlı anlaşmanı gücləndirməyə şərait yaradacaq. Biz əminik ki, konstruktiv dialoq və birgə səylər Konstitusiya dəyərlərini daha da möhkəmləndirmək yollarını tapmağa kömək göstərə bilər.

Azərbaycan parlamenti adından forumun bütün iştirakçılarına səmərəli iş və maraqlı diskussiyalar arzulayıram”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR