Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Musavat.com-un xəbərinə görə, sədr qeyd edib ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında ölkəmizin ictimai-siyasi həyatı üçün son dərəcə böyük əhəmiyyətə malik olan bir qərar qəbul edilib:
“Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyev gələn il fevralın 7-nə təyin edilmiş prezident seçkisində partiyadan namizəd göstərilib. Əlbəttə, bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edib. Dünya miqyaslı siyasi və dövlət xadimi olan möhtərəm cənab İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilib və daha da zənginləşdirilib. Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb, geniş bir bölgədə söz sahibinə çevrilib”.
S.Qafarova bildirib ki, İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk edib:
“Onun siyasi-diplomatik və hərbi-strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb. Azərbaycanın müasir tarixinin son 20 ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial-iqtisadi inkişaf, möhkəm ictimai-siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır. Əminliklə söyləmək olar ki, cənab İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləməsini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcək”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ